Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Həsənovun yaratdığı "Tolik rüzgarı" kəsildi — Murad Dadaşov Xəzər TV-ni ucuz şoulardan təmizləyir

Həsənovun yaratdığı "Tolik rüzgarı" kəsildi — Murad Dadaşov Xəzər TV-ni ucuz şoulardan təmizləyir

Həsənovun yaratdığı "Tolik rüzgarı" kəsildi — Murad Dadaşov Xəzər TV-ni ucuz şoulardan təmizləyir
2020-03-09 , 18:55

Azərbaycanın teleməkanında bir "Tolik" var idi, istədiyini edir və cəzasız qalırdı. Xəzər TV-nin efirindən hər gün tamaşıçılara “ağıl öyrədir”, “əxlaq dərsi” keçir və həm də övladlarımıza “nümunə” olurdu. İndiyə qədər Demokrat.az başda olmaqla, bir sıra media qurumları efirimizdə baş verən bu və ya digər neqativləri qabartsa da, "Tolik rüzgarı" teleməkanı zəbt etmişdi. Milli Televiziya və Radio Şurası isə efirdə baş verən bu özbaşınalıqları hər dəfə görməzdən gəlirdi. Hətta, ona qarşı kiçik bir tənqidə də ciddi təhdidlərlə cavab verilirdi.



"Tolik"ə görə ciddi təhdidlərlə üzləşənlərdən biri şəxsən mən olmuşam. Ötən ilin aprelində “Demokrat.az” saytı Xəzər TV-nin efirində baş verən biabırçılıqlar və söyüşlərlə bağlı məqalə yayımlamışdı. “Tolik, Zaur, Sevil-Sevinc bacıları niyə Rüfət Axundov kimi cəzalandırılmır?” adlı məqalədə adıçəkilən aparıcıların Xəzər TV-nin efirində nə əxlaqa, nə də milli-mənəvi dəyərlə sığan hərəkətləri tənqid olunmuşdu. Həmin məqaləyə görə, xüsusilə məqalədə "Tolik"in adının çəkildiyi üçün məni hüquq-mühafizə orqanları sorğuya dəvət etdilər. Təmasda olduğum hüquq-mühafizə orqanlarının əməkdaşları “yuxarıdan göstəriş” verildiyi üçün buna məcbur olduqlarını bildirdilər.

Bəs “yuxarı” kim idi? Söhbət Prezidentin sabiq köməkçisi Əli Həsənovdan gedir. Xəzər TV-yə rəhbərlik edən Əli Həsənovun oğlu Şamxal Həsənov atasının vasitəsilə ölkədə ictimai təhlükəsizliyi qoruyan Azərbaycan polisini Tolikin “müdafiəsi” kimi absurd işlərə cəlb etməyə cəhd edirdi. Nəticə isə Həsənovların istədiyi kimi olmadı, sonrası hər kəsə bəllidir: Əli Həsənov işdən çıxarıldı, oğlu Şamxal da Xəzər TV-dən uzaqlaşdırıldı.


Şamxal Həsənovun niyə "Tolik"i bu qədər müdafiə etməsi, bu qədər “mənimsəməsi” maraqlıdır, amma bu da başqa bir mövzudur. Vacib məqam odur ki, Azərbaycan efirini söyüş və qeyri-etik davranışları ilə zəbt edən "Tolik" nəhayət ki, öz cəzasını aldı.


Bir neçə gün öncə Xəzər TV-yə rəhbər təyin edilən Murad Dadaşov Tarix Əliyevin (Tolik) “Hər şey daxil” verilişini bağladı. Buna səbəb verilişdə müğənnilər Elza Seyidcahan, Manaf Ağayev və Mətanət Əsədova arasındakı qalmaqaldır. Qalmaqal deyəndə söhbət şou əhlinin bir-birinin ünvanına tənqidlər səslənirməsindən yox, birbaşa efirdə qeyri-etik sözlər işlətməsi, milli-mənəvi dəyərlərdən uzaq davranışlar nümayiş etdirmələridir.

"Tolik" "Hər şey daxil” adlı verilişinə sözün həqiqi mənasında hər şeyi daxil etmiş, özünü “əxlaq mücəssiməsi” kimi aparır, istədiyi söyüşü söyür və bunun fonunda tamaşıçılara “müəllimlik” etməyə çalışırdı. Analoji halı Xəzər TV-nin digər verilişlərində də tez-tez müşahidə etmək olardı. Burada ortaya sual çıxır: Mili Televiziya və Radio Şurası, konkret olaraq, MTRŞ-nin rəhbəri Nuşirəvan Məhərrəmov bütün bunları görmürdümü?


Necə olur ki, vaxtilə Rüfət Axundov efirdə səsləndirdiyi nalayiq ifadələrə görə cəzalandırılırdı, amma Tolik də daxil olmaqla digərlərinə “gözün üstə qaşın var” deyən tapılmırdı?! Necə olurdu ki, mətbuat "Tolik"i tənqid etdiyi üçün təhdid olunurdu, Azərbaycan polisinin dəyərli vaxtı alınırdı, Nuşirəvan Məhərrəmli isə ağzına su alıb oturmuşdu?!Səbəb sadədir. Əli Həsənovun adamı olan Nuşirəvan Məhərrəmov yalnız “tapşırıq”ları yerinə yetirir, efir qaydalarına yox, himayəsində olduğu şəxslərin qaydalarına əməl edirdi. Belə çıxır ki, Murad Dadaşov Xəzər TV-yə çoxdan gəlməli və MTRŞ-nin görməli işi həyata keçirməli idi. MTRŞ rəhbərliyinin bundan sonra necə fəaliyyət göstərəcəyi də ayrı bir məsələdir.


Murad Dadaşovun Xəzər TV-yə rəhbər təyin olunan kimi illərdir Azərbaycan teleməkanının bəlasına çevrilən "Tolik"in verilişini bağlaması üfüqdə günəşin doğduğunu göstərir. Murad Dadaşovun ilk addımı deməyə əsas verir ki, Xəzər TV artıq əvvəlki televiziya olmayacaq, tamaşaçıların qarşısına əxlaqdan, milli dəyərlərdən uzaq ucuz şoularla deyil, daha sanballı və zövqlü verilişlərlə çıxacaq.


Son dövrlər İctimai Televiziyanın (İTV) nümunəsində bu sanbal müşahidə olunur, illərdir Azərbaycan teleməkanının “ac olduğu” verilişlər yayımlanır, ictimai-siyasi mövzulara toxunulur. İnanırıq ki, Murad Dadaşovun başlatdığı islahatlar Xəzər TV-nin də tezliklə İTV-nin yolu ilə gedəcəyini deməyə əsas verir.../Demokrat.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.