Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Masazır məktəbində nə baş verir? – İlginc faktlar

Masazır məktəbində nə baş verir? – İlginc faktlar

Masazır məktəbində nə baş verir? – İlginc faktlar
2022-06-08 , 18:37

Sadiq oxucularımız xatırlayarlar, keçən ilin oktyabr ayında 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin sabiq rəisi Elxan Süleymanovun qohumbazlığı, əmisinin gəlini Cəhanə Həlimovanı Masazır 4 saylı orta məktəbinə direktor təyin etdirmək üçün bütün imkanlarını səfərbər etməsi barədə silsilə tənqidi məqalələr getmişdi.

Həmin məqalələrdə etibarlı mənbələrdən verilən səhih məlumatlara istinadən bildirilirdi ki, Cəhanə Həlimova Sumqayıt Gənclər Birliyinin müdirliyindən ərinin əmisi oğlunun dəstəyi ilə 4 saylı məktəbə tədris işləri üzrə direktor müavini vəzifəsinə gətirilib və heç bir il olmamış direktor vəzifəsinə keçid alması üçün plan həyata keçirilir. O da qeyd olunurdu ki, Cəhanə Həlimova və məktəb kitabxanasının müdiri Zəminə İbrahimova hal-hazırda işlədiyi təşkilati işlər üzrə direktor müavini vəzifəsini ələ keçiriblər. İşini bacarmayan, məktəbşünaslıqdan anlayışı olmayan, ən əsası isə dövlətimizin qanunlarına hörmətlə yanaşmayan və onları pozan şəxslərə havadar olan Cəhanə Həlimovanın hədəflədiyi direktor vəzifəsinə yiyələnməsini isə məktəb kollektivi qəti istəmir.
Məqalədə həmçinin məktəbdə xaosun baş alıb getməsinə rəvac verməsinə dəlalət edən bir sıra faktlar, aşağı siniflər üçün günün birinci və ikinci yarısında fəaliyyət üzrə növbələşmənin bazarlığa çevrilməsi, şənbə günlərinə dərs saatlarının salınmamasının alver predmetinə çevrilməsi, texniki işçi kimi əmrləşdirilmiş olan Dilruba Məmmədovanın TN-də işləyən, əslən Masallıdan olan Jalə və Lalə əmisi qızlarının dəstəyi və Elxan Süleymanov — Elşən Qurbanov — Pərviz Əhmədov “triosunun” qüvvəyə mindirdikləri saxta əmək kitabçası hesabına sözügedən məktəbə təsərrüfat müdiri təyin edilməsi və s. sadalanmışdı.

Məktəbdə korrupsiyanın tüğyan etməsi barədə redaksiyamıza yeni ilginc məlumatlar daxil olmuşdur. Məlumatda bildirilir:
“Masazır 4N-li məktəbə boş qalan direktor vəzifəsinə iki direktor əvəzi gətirilsə də, məktəb nizama düşmür ki, düşmür. Səbəb: məktəbin əsas dayaqları sayılan qanunsuz, saxta əmək kitabçalı, qabiliyyətsiz direktor müavinlərinin dəyişməməsidir. Elxan Süleymanovun və Cəhanə Həlimovanın tilovuna düşmüş sabiq direktor əvəzi Elşən Qurbanovun yerinə müddətli əmrlə məktəbə direktor əvəzi təyin edilmiş Təhsil şöbəsinin metodisti Fəxriyyə Hüseynovanın da fəaliyyəti narazılıq doğurur. Məlumata görə, Fəxriyyə Hüseynova yeni 1-ci sinif açmaq üçün ibtidai sinif müəllimlərindən 500 manat tələb edib və sıxlığı “əsas” göstərərək yeni 5 sinif açdırıb. Bu üzdən mövcud digər 5 sinifin müəllimlərinin dərs saatlarının necə tənzimlənəcəyi müəmmalıdır. Bununla belə Fəxriyyə Hüseynova özü də müəllimlər arasında təfriqə yaradan Cəhanə Həlimovanın təzyiqi altındadır.
Redaksiyaya məlumat verən mənbə onu da bildirir ki, məktəbin rus bölməsi üzrə direktor müavini Ofelya Məmmədova dərs bölgüsünə görə müəllimlərdən özü üçün 500, direktor üçün 300 manat “hesab” istəyir. Azərbaycan bölməsindən rusdilli bölməyə şagir keçirməyin qiyməti 500-1000 manat civarındadır (Ofelya Məmmədovanın müəllimlərə ayrı-ayrı tarixlərdə göndərdiyi pul, kontur payı tələblərini əks etdirən vatsap mesajları redaksiyamıza yönləndirilib).
Məlumatda həmçinin o da qeyd olunur ki, Ofelya Məmmədova məktəbdə qızıl zinət əşyaları, qadın alt paltarı satdırır. Onun alver malının “xırıd” edilməsi ilə ingilis dili müəllimi Sənan və məktəbin Uşaq Birliyinin rəhbəri Zərinci məşğuldurlar.
Dərs ilinin qurtarmasına sayılı günlər qalmasına baxmayaraq, yuxarı siniflər üzrə direktor müavini Cəhanə Həlimovanın cədvəli hələ də səhvdir. Cədvəldəki səhvlərə görə dərs saatları toqquşur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müavin il boyu səhvlərini təkəbbürlülük göstərərək düzəltmədi. 800 nəfərlik şagird tutumuna malik olan məktəbdə hazırda 3000-ə yaxın şagird oxuyur. Məktəbdə bölünmə ilə keçilməsi mümkün olmayan və keçilməyən dərslərin hamısını mühasibatlığa bölünmə ilə təqdim etdi və gəlib keçmiş direktorların göstərişinə məhəl qoymadı. Bu hərəkəti ilə müavin müəllimlərin hörmətini qazanıb direktor olmaq arzusundadır. Fakultativ dərslər isə ümumiyyətlə keçilmir. Digər şagirdlərə qiymət yaza bilməyən, qiymət yerinə “hazır deyil”, yaxud da “hazırdır” ifadəsini yazan saxta əmək kitabçalı təşkilatçı Zəminə İbrahimova 11- ci sinif şagirdlərinə həftədə 3 dəfə məktəbə gəlmək limitini qoyur və pul qarşılığında onlara icazə verir. Novruz bayramında isə İcra hakimiyyəti adına direktorun adından istifadə edərək yuxarı siniflərdən pul və hətta konfet payı toplayır (Təsdiqi kimi xidmət edəcək vatsap mesajları mövcuddur – red.), yarımştat müavin Sahibə isə bütün ibtidai siniflərdən xonça və əlavə 50 manat pul yığır. Bu azmış kimi, özünün ad günü tarixini elan edir və məcbur edir ki, müəllimlər onu təbrik etsinlər. 840 manat dəyərində pul zərfdə direktorun gözü önündə Sahibəyə təqdim olunub. Digər rus sektorunun müavini isə pul yığmaqda rekord vurur. Dəfələrlə səs yazıları sosial şəbəkələrdə yayımlansa da, öz birjasını yaratmışdır. Bu birjaya summativ pulları, bayram pulları (8 Mart, Novruz, Yeni il), “fond pulu” , təmizlik, «pul ver — gündəlik yazma» pulu və s. aiddir. Digər informatika müəllimi Məşhurəyə isə məktəbin utisinə müdaxilə etməsinə şərait yaratmışlar. Həmçinin onların əməllərini başa düşən və bu əməlbaz müavinlərlə fikir birliyinə gəlmək istəməyən digər müavin üçün akt tərtib edirlər, nəticədə bütün bu işlərdən cana yığılan müavin Güləbatın ərizə yazaraq direktor müavinliyindən imtina edir. Müəllim kimi şərəfli işini davam etdirmək istəyir.
Cəhanə Həlimovanın cədvəlindəki yanlışlığa görə yuxarı sinif dərslərinin toqquşmasından gileylənən məktəbin müəllimi Sübhi İlyasov bu il aprelin 8-də öz facebook səhifəsində belə bir paylaşım edib:

“Bu gün mənim ikinci saat 10 a, 3-cü saat 9 c və 10 b siniflərində dərslərim toqquşurdu. 5 və 6-cı saatlar pəncərədə idim və oturub bufetdə çay içirdim. Müəllim yoldaşım Sənan təxminən saat 11:50-də bufetə gəldi, birlikdə çay içdik və bəzi məsələləri müzakirə etdik. Sonra tənəffüsdə 10 a sinfində oxuyan Baxşəli çantası ilə bufetə gəldi və bufetin pəncərəsindən çantasını bayıra atdı. Özü də bufetin pəncərəsindən tullanmaq istəyəndə Sənan qoymadı və o da çıxıb getdi. Zəminə, Cəhanə də çay içmək üçün bizə qoşuldu. Bir də gördük ki, informatika müəllimimiz Səadət qaça-qaça gəlir ki, bir şagird ikinci mərtəbədən tullanıb özü də qanın içindədir. Tez bayıra qaçdıq və baxdıq ki, bu bizim başıbəlalı Baxşəlidir. Sənan, Zəminə, məktəbimizin tibb bacısı və mən taksiyə minib onu Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırdıq. Başı partlamışdı və ən çox da qolundan şikayət edirdi. Əli buz kimi idi, hey üzünə nəsə olub-olmadığını soruşurdu. Sənan valideyni ilə əlaqə saxladı və anası da biz çatanda artıq xəstəxanada idi. Həkim əlini rentgendən keçirdəndə Baxşəli ilə mən otaqda idim. Təəssüf ki, həkim onun qolunun sındığını bizə dedi. Sonra qolunu gipsə saldı və başına da tikiş qoydu. Çox dözümlü uşaq idi, heç ağlamağını görmədim. Bəzən qışqırırdı, anasının səsini eşidəndə isə evə getməsini istəyirdi. Sonra Sahibə, Fəxriyyə və daha sonra Adıl də gəldi. Mənə ən maraqlı olan sinif yoldaşı Muradın dərsdən qaçıb ona dəstək olmaq üçün gəlməsi idi. Hadisə zamanı onun yanında olmadığı üçün özünü günahkar hiss edirdi və ağlayırdı. Bax budur dostluq. Muradı çox xoşladım. Həkim isə çox kobud idi və xəstəyə dərhal müdaxilə etmirdilər. Onsuz da bizdə ünsiyyət bacarıqları hələ də formalaşmayıb.

Dərsdən qaçmaq bizim 10-cu siniflər arasında bir dəbdir. Gəlin başqa bir keysə nəzər salaq. 5 aprel, 2022-ci ildə 4-cü saat 10 b sinfinə dərsim idi. Öz qrupumu böldüm, şagirdlərim ilə birlikdə üçüncü, ikinci mərtəbədəki bütün siniflərə qapıdakı kiçik pəncərədən baxandan sonra boş sinif tapa bilmədiyim üçün birinci mərtəbəyə düşməli olduq. Nəhayət, birinci mərtəbədə boş sinif tapdıq və dərsimi keçdim. Dərs zamanı sinif çox isti oldu və mən birinci pəncərəni açmaq istədim, ancaq gördüm ki, şurup ilə bağlanıb. Uşaqlar dedi ki, təkcə 3-cü pəncərənin bir gözü açılır və açdıq ki, sinfin havası təmizlənsin. 10 b sinfi çox güclü sinifdir və şagirdlərin hamısı hazırlığa gedir. Mən bu sinfə keçən ildən dərs deyirəm. Dərs bitəndə gördüm ki, 4-ə yaxın qız birinci mərtəbədən, özü də pəncərədən qaçmağa hazırlaşır. Bunların içində bizim ən savadlı, hətta 700 bal toplaya biləcək ən çox xoşladığım şagirdim də var idi. Bu hal məni məyus etdi. Bir anlıq fikirləşdim ki, birdən tullananda ayağı sınar və ya ətəyi cırılar. Üstəlik, hər gün bu qızlar hazırlığa getmək üçün pəncərədən qaçmağa vərdiş ediblər. Əvvəlcədən bu hadisəni eşitmişdim, lakin Aysunun onların içində olmağı məni üzdü və çox uzaqlara apardı. Mən onları qaçmağa qoymadım və təlim-tərbiyə işləri üzrə direktor müavinimiz də həyəcanlı şəkildə sinfə gəldi ki, onları tutsun və qaçmağa qoymasın. Beləliklə, Aysuya dedim ki, istəyəndə mən sənə icazə almağa hazıram. Onun çox parlaq gələcəyi var və biz, bütün müəllimlər ona dəstək olmalıyıq və əlimizdən gələni etməliyik. Əgər şagird evə getmək istəyirsə, məktəbin əsas qapısından ona çıxıb getməyə icazə verilməlidir. Həmin şagird pəncərədən yıxılanda və əlil olanda məktəb rəhbərliyi necə cavab verəcək? Onları güdmək, qaçmağa qoymamaqla biz heç nə əldə edə bilməyəcəyik. Hər ötən gün onları daha pis vərdişlərə sahiblənməyə doğru aparırıq. Əgər o mənim dərsimi bəyənməsə, zorla onu dərsimdə oturda bilmərəm. Düzü, bu gedişlə şagirdlərimizi itiririk, ancaq mən Aysuya çox inanıram və bizim ölkəmiz üçün gələcəkdə böyük töhfələr verəcəyinə əminəm. Mən uşaqlara deyirəm ki, əgər məktəbə gəlirsinizsə, 6 dərsin hamısını oturun, gəlib qaçmaqdansa, həmin gün dərsə gəlməyin.
P.S. Məktəblərin nəticəsi ali məktəblərə daxil olan şagirdlərin sayına əsasən müəyyən edilir, ona görə də uşaqlar ancaq hazırlaşdıqları qruplara daxil olan fənlərə üstünlük verirlər. Birinci və ikinci dərəcəli qohumlarımı və onların uşaqlarından başqa heç kəsi hazırlamıram. Ona görə də məktəbdə dərslərimi yaxşı keçirəm. Həm də mən də keçməyim, bəs kim keçsin?
Uşaqları çox yükləyir, onlara şəxsiyyət kimi yanaşmırıq. Bəzi oğlanların saçı uzundur, onu kəsdirməyə məcbur edirik. Bəzi qızların ətəkləri qısadırsa, danlayır və ya saçlarını yığmayıbsa, onları buna məcbur edirik. Bəzən bu məktəbdən iyrənirəm, digər liseylərə gedəndə ordakı uşaqların formasını, qısa, orta, uzun ətəklərini, oğlanlarda fərqli saç stillərini görəndə baxıram ki, bu liseydə artıq şagirdlərə şəxsiyyət kimi yanaşılır. Unutmayaq ki, etdiyimiz qadağalara şagirdlərimiz daha çox can atır və onları itiririk. Əgər şagirdlərimizə hörmət etsək, fərdi yanaşsaq, onlar da bizə hörmət edəcəklər. Və məktəbimizə sevə-sevə qaçacaqlar.
P.S. Hadisə yazdığım kimi baş verib. Dostlar mənə instaqramdakı videonu atdılar, ancaq videodakı yazıları müşahidə etməmişəm. Mən yalnız öz yazdıqlarıma məsuliyyət daşıyıram və fb səhifəmdən başqa digər paylaşımlar mənlik deyil.
Biz xarici təlimlərdə hər kəsə adları ilə müraciət edirik və mən də artıq praktikamda bunu tətbiq edirəm””. //deryaz.az//
  
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.