Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Budurmu “Dərinləşən media islahatları”, cənab Əhməd İsmayılov?!

Budurmu “Dərinləşən media islahatları”, cənab Əhməd İsmayılov?!

Budurmu “Dərinləşən media islahatları”, cənab Əhməd İsmayılov?!
2022-07-24 , 23:28

Bu günlərdə Bakıdakı məşhur və bahalı otellərdən birində “Dərinləşən media islahatları” adlı konfrans keçirildi. Hamı bəh-bəhlə şəkillər paylaşırdı. Sosial şəbəkələrdə yazılanlara görə, aralarında ali təhsili olmayan baş redaktorlar da vardı. Halbuki yeni “Media qanunu” ali təhsili olmayanın baş redaktor olmasını qadağan edir. Bəs onlar hansı statusda o tədbirlərdə iştirak edirdilər, çox maraqlıdır. Bəs başda oturanlar kimlər idi? Əli Həsənovun vaxtında hər yerdə başda oturmuş, hətta Milli Məclisin Saatlıdan deputatı olmuş  Əflatun Amaşov və Əli Həsənovun siyahısındakı digərləri. İştirakçılar arasında elələri vardı ki, Əli Həsənovun sayəsində bu media dünyasına azaraq girmiş, Elnur Aslanovdan, Əli Həsənovdan üzü bəri əl dəyişə-dəyişə xeyli yol qət etmişdi. Əli Həsənovun şöbəsinin tarixin arxivinə göndərilməsi ilə bağlı Prezident sərəncamının mürəkkəbi qurumamış həmin adamlar “kişi” dedikləri adamın haqqında olanlar bir yana, olmayanları da yazdılar ki, təzə sahiblərinin xoşuna gəlsinlər. İnsafən desək, gəldilər də. Ona görə də qaranlıq mənbədən gələn maliyyə kəsilmədi.


Tədbirdə başqa kimlər vardı? Vaxtilə bu hakimiyyəti təhqir edənlər, böhtan atanlar, palaz boyda yazı yazıb hər yazıda kin, nifrin, üfunət qusanlar, “X” günü barədə mülahizə yürüdənlər, “nişan üzüyü” ilə bağlı əhd edənlər və s.
Tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkədə yazır: “Mətbuatın ölkəmiz üçün əhəmiyyətini çox yaxşı bilsəm də bu gün Mətbuat günü olmasına baxmayaraq heç nə yazmaq fikrində deyildim, ona görə ki, onun bu günkü rəzil durumunu çox yaxşı bilirəm. Bu gün Şuşadan olan paylaşımlar isə məni diksindirdi.

Əminəm ki, imkanları olsa bu gün kimlərin Şuşaya getdiyini görən rəhmətliklər - Həsən bəy Zərdabi, Şirməmməd Hüseynov, Nəcəf Nəcəfov və bu yolda can qoymuş digərləri qəbirdən qalxıb bütün dünyaya səs salan fəryad qoparardılar ki, niyə o müqəddəs torpaqları murdarlayırsınız?! Bir neçə nəfəri çıxmaqla ölkədə nə qədər şərəf, ləyaqətin nə olduğunu bilməyən reket jurnalist vardısa hamısı bu gün Şuşadan poz verirdi. Əli Həsənovun əlindən yal alanların hamısı bu gün tam tərkibdə Şuşada idilər. Yazıq Azərbaycan... “

Aslan İsmayılovun qeyd etdiyi adamlar Əli Həsənovun, Vüqar Səfərlinin vaxtında da ən başda otururdular, indi də. KİVDF-nin ləğv edilib yerində Medianın İnkişafı Agentliyinin yaradılmasından başqa mediada nə dəyişdi? Əli Həsənovu başa düşdük niyə elə edirdi. Bəs indi niyə həmin adamlar yenə süfrənin başında otururlar? Məqsəd nədir? Kimdir bu siyahıları hazırlayan? Görəsən bu hakimiyyətin ünvanına yazılanlar, konkret 2001-2007-ci illərdə Prezident İlham Əliyevin haqqında yazılanlar həmin siyahıları tərtib edənlər haqqında yazılsaydı, yenədəmi həmin adamları siyahıda ən başda yazardılar? Budurmu islahat?

İyulun 22-də həmin tədbirdə iştirak edən adamları götürüb Şuşaya apardılar ki, beynəlxalq forum orada davam edəcək. Amma forum kölgədə qaldı. Time.tv məlumat yaydı ki, bəs Şuşada qalmaqal olub. Əvvəlcə görən, görməyən boynundan atmaq bir yana, Roma Papasından artıq katolik olmağa cəhd edib sosial şəbəkədə yazdı ki, “heç bir hadisə olmayıb, heç hündürdən danışan olmayıb, olsa şərəfimə and olsun deyərdim”. Yalan danışan, haqsızlıq edən, haqqı nahaqqa qurban verən adamda şərəf olar? Ay "jurnalist", gördüyünü deyə bilmirsən, heç olmasa sus da, mütləq fikir bildirməlisən? Yaxşı ki, hadisədə adı hallanan Eynulla Fətullayev özü yazdı və məlum oldu ki, ya elə, ya belə, hər halda xoşagəlməz bir olay baş verib. Niyə? Orası tərtib olunan və dəyişməyən siyahılardadır. Yadımdadır ki, 2021-ci ilin aprel ayındakı Ağdam səfərində də iki qadının belə bir qalmaqallı mübahisəsəi olmuşdu və mətbuat adına yaraşmayan müzakirələr getdi. Yenə də eyni vəziyyətdir. Milli Mətbuat Günü qalıb kənarda, o boyda xərc çəkilib, təyyara ayrılıb, Şuşada mərasim təşkil etmək üçün büdcənin pulları xərclənib, amma bütün cəmiyyət Şuşadakı biabırçılığı müzakirə edir. Əməkdar jurnalist Ləman Ələşrəfqızı sosial şəbəkədə buna çox maraqlı münasibət bildirib:"Şuşada olsam da, hadisənin şahidi olmamışam. Çünki, biz dostlarla içəridə şam edirdik, Eynulla dostları ilə bayırda. Zaur Həsənovla ANS-də bir kollektivdə çalışmışıq. Çox abırlı və ədəbli biridir. Belə başa düşdüm ki,  Eynulla Fətullayev özünü Zaur Kamal kimi aparıb. Masadan qovmaq nədir????Mətbuatın ərköyünləri və TOXunulmazları hər dəfə bir hoqqa çıxarır da. Amma növbəti səfərlərdə yenə ən başdadırlar. Hökümətin gül balaları.... "

Adam istər-istəməz soruşmaq istəyir: Budurmu sizin “Dərinləşən media islahatları”, hörmətli cənab Əhməd İsmayılov?Siz Medianın İnkişafı Agentliyinə İcraçı direktor təyin olunanda ən çox sevinənlərdən biri mən olmuşdum. Gənc olduğunuzu, hüquqşünas olduğunuzu, tərcümeyi-halınızda  “Regional İnkişaf” ictimai  birliyinin eksperti olduğunuzu oxuyanda çox sevinmişdim. Düşünmüşdüm ki, hörmətli İqtisadiyyat naziri Mikayıl Cabbarov əvvəlcə Təhsil nazirliyində, sonra Vergilər, daha sonra İqtisadiyyat nazirliyində uğurlu islahatlar həyata keçirdiyi kimi, siz də mediada islahatları uğurla həyata keçirəcək, Əli Həsənovun, Vüqar Səfərlinin yaratdığı və qoyub getdiyi problemləri köklü həll edəcəksiniz. Amma təəssüf ki, sevincimiz çox çəkmədi. Keçirdiyiniz maliyyə dəstəyi müsabiqələrində yenə də cüzi istisnalarla həminki qəzetlər qalib gəldi, onlayn mediaya dəstək layihələrində isə pulu və şəhərin mərkəzində ofisi olanlar qalib elan olundu. Halbuki hamı bilir həmin saytlar hansı media holdinqlərə məxsusdur, necə maliyyələşir və aylıq gəliri nə qədərdir. O saytların dövlətin 3000 manatına ehtiyacı yoxdur. Maliyyə də onların, təlimlərə də eyni adamlar qatılır, tədbirlərə də. Amma mənə qapılar bağlıdır. O qapıları 10 ildən çox Əli Həsənov mənim üzümə bağlı saxlamışdı, nə olmuşdu ki? Qoy 3-5 il də belə keçsin, eybi yoxdur. 

Olsun, qoy biz hələlik “siyahı”dan kənarda qalaq, Aslan İsmayılovun dediyi adamlar o siyahılarda olsunlar, biz səbr edərik. Hər qaranlıq gecənin, bir gündüzü var. Həqiqət bir gün parlayacaq. O zaman Prezident İlham Əliyevin rəhbərliyi altında həqiqi media islahatı keçiriləcək! 

Xanlar Xoca

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.