Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Zaur Mirzəyevi hansı cəza gözləyir? - Vəkil izah edir

Zaur Mirzəyevi hansı cəza gözləyir? - Vəkil izah edir

Zaur Mirzəyevi hansı cəza gözləyir? - Vəkil izah edir
2022-08-18 , 16:47

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevi uzun müddətli həbs gözləyir.


Qaynarinfo xatırladır ki, Zaur Mirəzyev artıq saxlanılıb. Baş Prokurorluq bununla bağlı məlumat yayıb. 

Məlumatda həmçinin qeyd edilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (Şəxsi həyatın toxunulmazlığını pozma - vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 242 (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Cinayət Məcəlləsinin 156.2.1-ci maddəsində üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

242-ci maddə ilə təqsiri sübuta yetirilənlər isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. 


309.2-ci maddədə nəzərdə tutulan cəza isə daha ağırdır. Həmin maddədə qeyd edilir ki, vəzifə səlahiyyətlərini aşma zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 


Tanınmış vəkil Anaq Qasımlı Qaynarinfo-ya bildirib ki, Zaur Mirzəyevin bu maddələr üzrə təqsiri sübuta yetirlərsə ona 8 ildən artıq cəza verilə bilməz:

"Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin məcmusunu yaradır. Cinayətlərin məcmusu Cinayət Məcəlləsinin 17-ci maddəsi ilə şamil olunur. Orada qeyd edilib ki, təqsirləndirilən şəxs iki və ya daha çox cinayət törədilibsə, heç birinə görə məhkum olunmayıbsa, qanunla nəzərdə tutulmuş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməyibsə, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməyibsə, bu,  cinayətlərin məcmusunu yaradır. Cinayətlərin məcmusu üzrə cəza təyin edərkən məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edir və az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və yaxud təyin olunmuş cəzaları tamamilə, yaxud qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 

Cinayətlərin məcmusuna böyük ictimai təhlükə yaratmayan və az ağır cinayətlər daxildirsə, burada az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Bu baxımdan, Zaur Mirəzyevə 8 ildən artıq cəza verilə bilməz”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.