Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mir Mövsum Ağa qalmaqalı böyüyür: “Bu böyük təhlükəyə gətirib çıxara bilər”

Mir Mövsum Ağa qalmaqalı böyüyür: “Bu böyük təhlükəyə gətirib çıxara bilər”

Mir Mövsum Ağa qalmaqalı böyüyür: “Bu böyük təhlükəyə gətirib çıxara bilər”
2022-08-31 , 15:42

İlahiyyatçı Elşad Miri Mir Mövsün Ağa haqqında daha bir qalmaqallı açıqlama verib.  “Yeni Sabah” xəbər verir ki, o yayımladığı videoda bildirib:

“Mir Mövsum, el arasında “Ətağa” olaraq adlandırılan, bəzən səhv edərək, bəzən də günah edərək and içdikləri şəxs barədə bir məqamı qeyd etmək istəyirəm. Onun özünün heç bir zaman namaz qılmadığını, “Qurani-Kərim” oxumadığını onu görən şəxslərin özləri deyirlər". 
Yayımladığı videonun ardına isə ilahiyyatçı professor Fərid Mahmudovun “Ətağa” haqqında dediyi sözləri birləşdirib. Bununla da ilahiyyatçı xalq arasında “Ətağa” haqqında inancın səhv olduğunu sübut etməyə çalışıb. Professor "Onun sümükləri yumşaq olub, bədənində kalsium çatmırdı. “Ətağa”nın göbəyini kəsərkən infeksiya salıblar. Yaşa dolduqca onun sümükləri yumşaqlaşıb, dili danışmayıb. Bir bacısı onu başa düşüb. Ona görə də Ağa nə oxuyub, nə Qurani bilib, nə də namaz qılıb", -deyə videoda çıxış edir. 
Artıq bir neçə gündür ki, Elşad Mirinin "Mir Mövsüm Ağa möhtəşəm seyid idisə, niyə özünu sağaltmırdı?" açıqlaması hiddətlə qarşılanıb. Hətta Hacı Şahin də çıxışlarının birində bu məsələyə öz münasibətini ifadə edərək dolayısı yolla Elşad Mirini tənqid edib. 
Mövzu ilə Cebhe.info-ya Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli danışıb. O, qalmaqal yaradan sözlərin ictimai rəyi çaşdırmaq məqsədi daşıdığını, gündəmdə qalmaq üçün səslənmiş cəfəng fikirlər olduğunu bildirib: 
"Mənə elə gəlir ki, bu, artıq köhnəmiş mövzudur. Bu söhbət qəsdən ortaya atılır ki, Azərbaycanın milli mənafeyini qoruyan insanlar bu haqda fikirlərini, etirazlarını bildirsinlər. Ölkəmizdə milli- mənəvi dəyərlər toxunulmazdır. Mir Mövsüm Ağa ziyarətgahı xalqın and yerinə çevrilmiş əhli- beyt mənsubudur. Ora gedən insanlar ondan deyil, uca Allahdan nəsə istəyirlər. Oranı biz mübarək insanın məzarının yerləşdiyi yer kimi dəyərləndiririk. Maarifləndirmə işini hansısa təhqiredici düşüncə ilə, milli- mənəvi dəyərlərimizə çevrilən mübarək dəyərlərə toxunmaqla aparmaq olmaz. Çünki o müqəddəs ziyarətgahları, Gəncədəki "İmamzadə", Bərdədəki "İmamzadə" komplekslərini, "Bibi- Heybət", "Gövhər Ağa" məscidini, digər əhli- beyt mənsublara aid mübarək yerləri yenidən inşa etdirən Azərbaycanın dövlət başçısıdır, Heydər Əliyev Fondudur. Ziyarətgahları istismar edənlərlə mübarizə aparmaq lazımdır. Bu dəyərləri "İslamın doğruları" ad altında mövzuya çevirmək olmaz. Bu yolverilməzdir. Bəzən xəbər saytları elə bilirlər ki, bu, maarifləndirmə işidir, amma, əksinə bu böyük təhlükəyə gətirib çıxara bilər. Kimlər ki, ziyarətgahlardan biznes maraqları üçün istifadə edir, onları ünvanlı demək lazımdır. Mən ad çəkmək istəmirəm. Çünki elə insanlar istəyirlər ki, biz ad çəkək və qarşı tərəfə çevrilək. Qarabağda insanlar "Allahu- Əkbər" deyib, Vətən uğrunda şəhid oldular". 
Seyid Camal “Necə olur ki, bir məmur haqqında söz deyə bilməyən adam 50-60 il bundan qabaq ölmüş insanı "təftiş edir?" deyə sual edib: 
"Bu gün daha çox dini araşdırmalarla məşğul olan adamlar islamın həqiqətlərini insanlara çatdırmalıdırlar, nəinki həqiqi and yerinə çevrilən, xalqın inandığı yerləri, ölüb getmiş insanları təftiş etmək. Bu dəyərlər azərbaycanlıların inanc yerləridir və bu mənəviyyatımızın bir parçasına çevrilib". 
Qarabağ Seyid Ocaqlarının rəhbəri qeyd edib ki, belə düşüncələrin ayaqlar altına atılması ölkəmizi Suriyaya, İraqa çevirə bilər: 
"Mənim üçün Azərbaycanın dövlət maraqları, milli mənafeyi namus və şərəfimin mühafizəsi qədər vacibdir, paraleldir. Ola bilər ki, kimsə, hansısa ilahiyyatçı belə düşünmür. Azərbaycanın dini mühitindəki xoşgörünü xarici kəşfiyyata işləyənlər parçalamaq üçün nələrsə etmək istəyirlər. Buna yol verməməliyik. Görünən budur ki, 44 günlük müharibədən sonra xarici kəşfiyyat orqanları Azərbaycanın dini mühitində birmənalı olaraq təxribat yaratmağa start verib. Belə çağırışlar etmək heç bir din adamına yaraşmaz. Heç birimizə yaraşmaz. Bizim Qarabağda böyük bərpa işlərimiz var. Gücümüz çatırsa, buna təkan verməliyik". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.