Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Əgər mənim əlimdə imkan olsa, Hicran Hüseynovaya...” - Etiraz

“Əgər mənim əlimdə imkan olsa, Hicran Hüseynovaya...” - Etiraz

“Əgər mənim əlimdə imkan olsa, Hicran Hüseynovaya...” - Etiraz
2022-09-22 , 14:43

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın aztəminatlı ailələr barəsində söylədiyi fikirlər cəmiyyətdə geniş rezonans doğurub.

Komitə sədri deyib ki, sosial yardım insanları xarab edir.
Xanım deputat vurğulayıb ki, Azərbaycanda insanlar işləməkdən çox sosial yardım almağa meyillidirlər.
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Akif Nəsirli Yenisabah.az-a açıqlamasında bildirib ki, bu məsələ, əslində, Azərbaycan xalqının aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan zümrəsinin təhqir olunmasıdır:
“Onun sözlərindən də belə məna çıxır ki, guya Azərbaycan xalqı qudurub, işləmək əvəzinə evdə oturub yardım almaq istəyir. Amma məsələ burasındadır ki, Hicran Hüseynovanın nəzərdə tutduğu işlər maksimum 300-400 AZN məbləği olan işlərdir”. 
Müsahibimiz əlavə edib:
“Əgər mənim əlimdə imkan olsa, Hicran Hüseynovaya sual ünvanlayardım ki, bir ailəni 300-400 AZN miqdarda məbləğlə dolandırmaq mümkündürmü? Onun sözlərində yalnız bir həqiqət payı var ki, hökumətin təklif etdiyi işlərdə aztəminatlı ailələr işləmək istəmir. Ona görə, işləməkdən imtina edirlər ki, alacaqları maaş miqdarı yetəri qədər aşağıdır. Hökumətin təklif etdiyi iş yerləri isə dövlət büdcəsi hesabına təmin olunduğuna görə, məhdud maaşlıdır və bu səbəbdən də insanlar işləməkdən boyun qaçırırlar”.
O deyib ki, bu cür az maaşlı iş yerlərinin olması hökumətin iqtisadi siyasətinin nəticəsidir:
“Əslinə qalanda, iş yerlərini əmək bazarına dövlət deyil, biznes təklif etməlidir. Biznesin inkişafı üçün isə Azərbaycanda iqtisadi mühit yoxdur”.
A.Nəsirli onu da qeyd edib ki, biznesi inkişaf etdirmək üçün biz rəqabət mühiti yaratmalı, iqtisadi azadlıqlar verməli və müstəqil məhkəmələr formalaşdırmalıyıq:
“Bu hallardan sonra güman edirəm ki, Azərbaycan iqtisadiyyatı cəlbedici formaya düşər. Bu zaman həm yerli biznesmenlər, həm də xarici sahibkarlar fəaliyyətini genişləndirərək əmək bazarına zəngin iş yeri təklif edər və bu halda Azərbaycan xalqının işsiz vətəndaşları seçim etmək imkanı əldə edər. Belə olan halda bazarda da rəqabət artmağa başlayacaq. Bunun nəticəsi olaraq da hökumətin yükü azalacaq və Hicran xanımın da bu cür təkliflər irəli sürməsinə ehtiyac qalmayacaq”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.