Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputat: “Dövlət qurumlarında iş daha tez başlasa, tıxac azalar”

Deputat: “Dövlət qurumlarında iş daha tez başlasa, tıxac azalar”

Deputat: “Dövlət qurumlarında iş daha tez başlasa, tıxac azalar”
2022-10-01 , 15:17

“İş saatlarının daha tez başlaması tıxaca qarşı mübarizə tədbirlərindən biri kimi xarakterizə olunur. Nəzərə alsaq ki, Avropa İttifaqına üzv olan ölkələrdə bu praktikadan istifadə olunur. Bu, daha çox dövlət qurumlarında iş saatlarının özəl sektora nisbətən tez başlaması formasında tətbiq edilir. Yəni dövlət qurumlarında çalışanlar özəl sektorla müqayisədə işə həmişə daha tez başlayırlar”.


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, belə olan halda dövlət qurumlarında iş saatı da tez bitəcək:
“İş saatlarının başlama və bitmə saatları dövlət sektoru ilə özəl sektor arasında fərq yaradacaq, beləliklə, bu, yolların yüklənməsi və tıxac səviyyəsinin azalmasına gətirib çıxarır. Azərbaycanda təhsil müəssilələrində differensial - fərqli dərsə başlama saatları var. Daha məqsədəuyğun olardı ki, dövlət qurumları ilə özəl sektorda da fərq olsun”.

V.Bayramov deyib ki, hətta sektorlar üzrə də bunu fərqləndirmək mümkündür:
“Nazirlər Kabineti tərəfindən özəl sektorda müxtəlif şirkətlərə də işə başlama saatlarının fərqli olması tövsiyə edilə bilər. O cümlədən banklar, xidmət və ictimai iaşə sektorunda çalışan özəl qurumlar arasında da işə başlama saatının fərqli olması məqsədəuyğundur. Bu, bütövlükdə tıxaca təsir göstərəcək. Dövlət qurumunda çalışanların sayı kifayət qədər çoxdur, ona görə də ən vacib məqamlardan biri dövlət qurumlarında iş vaxtının daha tez başlamasıdır. Nəticədə bu, tıxac səviyyəsini azaldar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.