Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azər Həsrət: “Çingiz Abdullayev də, Anar müəllim də barıtı çox ediblər, çox kədərliyəm”

Azər Həsrət: “Çingiz Abdullayev də, Anar müəllim də barıtı çox ediblər, çox kədərliyəm”

Azər Həsrət: “Çingiz Abdullayev də, Anar müəllim də barıtı çox ediblər, çox kədərliyəm”
2022-10-27 , 14:38

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Azərbaycan Yazıçılar Birliyinin Qurultayında jurnalistin Xalq yazıçısı Çingiz Abdullayevə qurultaya ayrılan 203 min vəsaitin nəyə xərclənməsi barədə verdiyi sualın ardından yaşanan qalmaqala münasibət bildirib.

 
A.Həsrət Pravda.az-a açıqlamasında deyib ki, jurnalistlərlə yazıçılar arasında belə bir ortamın yaranması, əlbəttə, xoş deyil.
 
“Dünəndən görüntüləri izləyirəm. Buna sevinmirəm, çox kədərlənirəm. Hər iki tərəf söz, qələm adamları, sözün, qələmin gücünü bilən adamlardır. Təbii ki, cəmiyyətə örnək olmaq üçün hər iki tərəf davranışlarında, danışıqlarında diqqətli olmalıdır. Təəssüf ki, dünən baş verənlər bunun əksini göstərir. Söhbət jurnalistin sualı düzgün qoyub-qoymamasından, davranışının uyğun olub-olmamasından gedirsə, burada qüsurlar tapa bilməyimiz mümkündür. Jurnalist etikası baxımından davranışın qüsurlu olması haqqında deyilənləri, hardasa, haqlı saymaq olar. Amma bu, heç də qarşı tərəfə haqq vermir ki, belə davranış qarşısında o da əndazəni aşan reaksiya versin”, - o bildirib.
 
A.Həsrət deyib ki, ümumiyyətlə, təkcə jurnalistlə yox, istənilən şəxslə davranışda nəzakət və təmkin yüksək səviyyədə olmalıdır: “Üstəlik, söhbət Çingiz Abdullayevdən, Anar kimi bir yazıçıdan gedirsə, əlbəttə, onlar ifadələrini zərrəbinlə seçərək cəmiyyətə təqdim etməlidirlər. Onlar qarşılarındakı gənc jurnalistlər kimi təcrübəsiz adamlar deyillər ki. Orada jurnalistlərin əksəriyyəti gənclər idi, siz də gördünüz. Təbii ki, o gənclərin səhv, naşılıq etmək, hansısa yanlışa yol vermək hüquqları hələ də qalır. Amma hörmətli Anar, hörmətli Çingiz Abdullayev yaşlarına, təcrübələrinə, qazandıqları bacarıqlara görə daha təmkinli davranış sərgiləməli idilər. Bu cür xoşagəlməz müzakirələr də olmamalı idi”.
 
A.Həsrət deyib ki, bu məsələdə təkcə jurnalistlərə yüklənmək haqsızlıqdır: “Onlara yüklənməklə işi ört-basdır edə bilmərik. Bu məsələdə daha çox cavab verən tərəfə yüklənmək lazımdır. Söhbət bundan getmir ki, onları linç edək. Görürəm, sosial mediada bunu edirlər. Ortada yanlış var, bu yanlışı da ədəb, nəzakət çərçivəsində cəmiyyətə təqdim etmək, işıqlandırmaq lazımdır - təhqirsiz, aşağılamadan. Bu məsələdə Çingiz Abdullayev də, Anar müəllim də barıtı çox edib, uğunsuz davranış sərgiləyiblər. Haqlı olaraq da cəmiyyətin bu cür reaksiyasına məruz qalırlar. Bütün bunlarla bərabər, düşünürəm, Anarı linç etmək, onun ətrafında bu cür arzuolunmaz müzakirələr açmaq cəmiyyətimizə heç də baş ucalığı gətirmir. Bəzi gənclər düşünürlər ki, “Anar  kimdir, yaşlıdır, niyə yenidən seçilib...” Şəxsən mən düşünürəm ki, Anar Azərbaycan ədəbiyyatının canlı abidəsidir. Xüsusilə də Sovet dövründə, SSRİ-nin kommunist ideologiyası qılıncının önü-arxası kəsən dövrlərində milli özünüdərkə böyük töhfələr vermiş canlı abidədir. Bu baxımdan Anarın AYB-yə yenidən sədr seçilməsi şəxsən mənim ürəyimcədir, bunun tərəfdarıyam. Çingiz Abdullayevə gəlincə, onun dillə bağlı problemi var. Onun, ümumiyyətlə, ünsiyyətlə bağlı problemi hər zaman var. Bununla yanaşı, o da dünyada əsərləri çox geniş dərc olunmuş Azərbaycan yazıçısıdır. Əlbəttə, bu yazıçını belə xırda məsələlərdə xərcləməyə ehtiyac yoxdur. Səhv var? Bəli, hər ikisinin davranışında səhv var. Bu səhvə də uyğun qiymət verilməlidir. Məncə, Çingiz Abdullayev də, Anar da öz ifadələrinə aydınlıq gətirsələr, bu məsələ qapana bilər. Demirəm ki, üzr istəsinlər. Deyə bilərlər ki, bəli, bir az təmkinimizi yetərincə qoruya bilməmişik, yaxud qurultayın yorğunluğu nəzakətdə qüsur etməyimizə səbəb olub. Belə ifadələrlə, məncə, hər ikisi ortalığı yumşalda bilərlər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.