Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ölüm qapının astanasındadır - Zarafat zamanı deyil!

Ölüm qapının astanasındadır - Zarafat zamanı deyil!

Ölüm qapının astanasındadır - Zarafat zamanı deyil!
2020-03-28 , 18:02

Ötən ilin dekabrında Çində koronavirus adlı xəstəliyin yayılması xəbərini eşidəndə yəqin ki, çoxlarımız “əşi “donuz qripi”, “quş qripi” nə oldu ki, bu da nə olsun” deyib hadisələrin bu həddə çatacağını düşünmürdük.


Çində hadisələrin kuliminasiya nöqtəsinə çatdığı bir dövrdə artıq bütün dünya ayıldı. Ancaq gec idi. Koronavirus əvvəlcə İran, sonra İtaliya, bir sözlə bütün dünyaya yayılmağa başladı. Bildiyiniz şeyləri təkrar-təkrar sizə xatırladıb sizi yormaq istəmirəm. Ona görə də, xəstəliyin yayılma tempi, hansı ölkədə nə qədər insan öldü, nə qədər xəstə var, bu kimi statistik məlumatlara toxunmayacam. Çünki artıq koronavirus həyatımızın bir parçasına çevirilib və hər gün bu səpkidə yüzlərlə xəbər oxuyuruq. Və bu barədə yetəri qədər məlumatlıyıq. Məncə məsələyə fərqli tərəfdən yanaşmalıyıq.

Dövlətimiz xəstəliyin yayılmaması üçün bu günə qədər kifayət qədər vacib addımlar atıb: məktəblər bağlandı, xüsusi rejim elan olundu, bir sıra dövlət müəsisələrində onlayn iş rejimi həyata keçirilir, şəhərlərarası nəqliyyat vasitələrinin gediş-gəlişi dayandırıldı və.s

Bəs biz nə edirik?

Əsas sual məhz bu olmalıdır. Dövlət virusun yayılmaması üçün hər nə qədər çalışsa da, yenə də insan amili əsas rol oynayır. Hər kəs özünə sual verməlidir: “Mən virusun yayılmaması üçün nə edirəm?”

Bu qısa zaman ərzində bir sıra kampaniyalar başladılıb. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Başda Prezidentimiz olmaqla ölkənin hər təbəqəsindən insanlar bu fonda ianə etməklə bu çətin günlərdə vətəndaşların çıxılmaz vəziyyətdə qalmamaları üçün əllərindən gələni edirlər. Amma yenə də yuxarıda yazdığım kimi, hər şey sıravi vətəndaşların özlərindən aslıdır. Bütün dünya “evdəqal” deyərkən biz nə edirik? Biz hələ də məsələnin ciddiliyinə varmırıq. Gərək bizdə İranın, İtaliyanın, İspaniyanın gününə düşək? Xəstəliklə bağlı zarafat edənlər, həm öz canını, həm də yaxınlarının canını təhlükəyə atıb qanunları pozanlar ciddi cəzalar almalıdır ki, bu niyyətdə olanlar baxıb dərs alsınlar.

Çünki zarafat zamanı deyil. Hər nə qədər qəbul etməyə çalışmasaq da, xəstəlik yetərincə ciddi hal alıb. Zarafat zamanı deyil, ayılmaq, birgə mübarizə aparmaq, maksimum az itki ilə bu ağır vəziyyətdən çıxmaq lazımdır. “Mənə heç nə olmaz” deyib bütün günü küçədə gəzən gənc nəsil – özünüzü düşünmürsünüzsə, yaxınlarınızı doğmalarınızı düşünün, indi onların həyatı sizdən aslıdır. Düşünün, əgər bir yaxınınıza sizdən virus yoluxsa və o, ölsə, bunun vicdan əzabı ilə necə yaşayacaqsınız. Düşünün və çalışın dövlətin qoyduğu qanunlara əməl edin, bunu özünüz üçün, yaxınlarınız üçün edin. Çünki dövlət bir qanun qəbul edirsə, deməli buna ehtiyac var. İndi bir ailəni idarə edə bilməyənlər dövlətin qanunlarını ciddiyə almır.

Bir sözlə, qeyri-ciddiliyi kənara qoyun, mübarizə aparın. Düzgün maariflənsək, qaydalara əməl etsək, bu xəstəliyin də öhtəsindən gələ bilərik. Bütün dünyanın sarsıldığı xəstəliklə zarafat etməyək, zarafat zamanı deyil.

Yenisabah

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.