Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputatlar arasında qarşıdurma: “Naxçıvan üçün Siyavuş kimi adamlar...”

Deputatlar arasında qarşıdurma: “Naxçıvan üçün Siyavuş kimi adamlar...”

Deputatlar arasında qarşıdurma: “Naxçıvan üçün Siyavuş kimi adamlar...”
2022-12-02 , 15:01

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Etibar Əliyev Naxçıvanla bağlı baş verən son hadisələrdən danışıb.

“Yeni Sabah” bildirir ki, deputat qeyd etdi ki, şəffaflıq idarəetmənin güclü olduğunu göstərən əsas amildir: “Maksimum şəfafflıq minimum korrupsiya və büdcə oğurluğu deməkdir və bir də var ayrılan dotasiyanı oğurlamaq. Bu, sırf Naxçıvan modelidir.
Prezident İlham Əliyev bir neçə il bundan öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrini qəbul edərkən söylədi ki, “Naxçıvan Muxtar Respublikasının büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır. Dəqiq rəqəmlə desək, 385 milyon manatın cəmi 85 milyonu yerli gəlirlər hesabınadır. Muxtar Respublikanın büdcəsinin qalan hissəsi - 300 milyon manatı Bakıdan dotasiya olunur. Sonrakı illərdə dotasiya bir xeyli artırıldı”.
Prezident qəbul zamanı Vasif Talıbova tapşırıq verdi ki, bütün ölkədə olduğu kimi bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin olunmalıdır. Ancaq nə baş verdi; son iki epizod üzrə aşkarlanan korrupsiya Naxçıvanın büdcəsinin yarısından çoxunu təşkil edir. Zəfərdən əvvəl və sonra ölkəmizdə aparılan islahatlardan hansısa region kənarda qala bilməz. Və bu gün Naxçıvanda aparılan struktur maliyyə və iqtisadi islahatlar alimlər, yazıçılar və deputatlar tərəfindən birmənalı olaraq dəstəklənməlidir. Burada susqunluq itirilmiş zamanın bölgəyə vurduğu ağır nəticələrə bəraət qazandırmaq deməkdir. Bəs demoqrafiq vəziyyət? Bu bir qədər gec sağalan yaradır. Düşünürəm ki, Bunun nizama salınması çox böyük vaxt tələb edir. Bunun da ayrıca və daha ağır cəzası olmalıdır”.
Ondan sonra çıxış edən Naxçıvandan olan deputat Siyavuş Novruzov isə bildirib ki, bir çox adamlar yuyulmamış çömçə kimi özlərin ortaya atıblar:
“Naxçıvan həssas bir zonadır və bunu nəzərə almaq lazımdır. Azərbaycan Prezidenti nəyi, nə zaman, necə etmək lazımdır, hamıdan yaxşı bilir. Naxçıvanın həssas bölgədə yerləşdiyi nəzərə alınmalıdır. Bir tərəfdən İran, digər tərəfdən Ermənistanla ən böyük sərhəd Naxçıvan Muxtar Respublikası ilədir. Həssas bölgə ilə yanaşı, erməninin öyrətdiyi başqa-başqa adamlar çıxışlar edirlər, baş verənlərə münasibət bildirirlər”.
S. Novruzovun ittihamları ilə bağlı “Yeni Sabah”ın sualını cavablandıran E. Əliyevin sözlərinə görə, Siyavuş Novruzovun cavabı göstərir ki, o, yenə də öz ampluasındadır və o yenə də düşünməyərək danışır:
“O cümlədən qeyd edir ki, ermənilərin öyrətdiyi adamlar Naxçıvana qarşı fikirlər səsləndirirlər. Bu isə tamamilə absurddur.
Mən konkret olaraq çıxışımda cənab Prezidentin Vasif Talıbovu qəbul edərkən ona verdiyi tövsiyələri sitat gətirmişəm, şəffaflıqdan danışmışam və Azərbaycanın bölgələrində eyni tempdə maliyyə və iqtisadi islahatların aparılmasının tərəfdarı kimi çıxış etmişəm. Ancaq o, bu fikirləri ermənilərin öyrətdiyi adamlar kimi qiymətləndirir. Bu, çox ciddi ittihamdır və mən düşünürəm ki, Milli Məclisin İntizam komissiyası bu məsələyə baxmalıdır”.
E. Əliyev “bu insan ermənilər tərəfindən öyrədilib” ifadəsinə hiddətləndiyini də gizlətməyib:
“Digər tərəfdən, Vahid Əhmədov və digər şəxslər də Naxçıvan barəsində fikirlərini bildiriblər. Onda belə çıxır ki, Vahid Əhmədovu da ermənilər öyrədib?! Digər bir yandan Siyavuş Novruzov “yuyulmamış çömçə” kimi qeyri-etik uyğun bir ifadə işlədib”.
“Bilirsiniz, bu gün Naxçıvan Muxtar Respublikası hamımız üçün doğma bir məkandır, çünki Naxçıvan Azərbaycanın tərkib hissəsidir. Demək olar ki, Naxçıvanla əksər insanların bağlılığı var. Ancaq belə şəxslər özlərini elə göstərirlər ki, guya Naxçıvan üçün cavabdehliyi Siyavuş kimi adamlar daşıyır. Bunun özü də Naxçıvanın ziyanınanıdır.
Düşünürəm ki, onun çıxışında səsləndirdiyi ittihamlar Milli Məclisin İntizam komissiyası tərəfindən qiymətləndirilməlidir”, – həmsöhbətimiz yekunlaşdırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.