Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » VƏKİL ANAR QASIMLIDAN MARAQLI TƏKLİF

VƏKİL ANAR QASIMLIDAN MARAQLI TƏKLİF

VƏKİL ANAR QASIMLIDAN MARAQLI TƏKLİF
2020-03-30 , 19:18

Operativ qərargah Vəkillər Kollegiyası ilə əməkdaşlıq etməlidir.


Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət operativ qərargah yaradılmışdır. Həmçinin, qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunmuşdur.

Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunmuşdur.

Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi, bu məqsədlə xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkətinin tam dayandırılması, bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, Bakı metrosunun iş vaxtının, bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılması qərara alınmışdır.

Operativ qərargahın fəaliyyəti, çevikliyi, qəbul etdiyi qərarları təqdirə layiqdir. Lakin, operativ qərargahın insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı rəsmi açıqlamalarının dilində ciddi qüsurlar olduğundan, hüquqi redaktəyə ehtiyac var. İndiki vəziyyətdə Vəkillər Kollegiyası ilə əməkdaşlıq etmək, məsləhətləşmələr aparmaq, hətta Kollegiyanın qeyri-dövlət təşkilatı kimi operativ qəragahın tərkibinə daxil olması günün tələbidir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti olduğunu vurğulamışdır.

Odur ki, bütün dünyanın və ölkəmiz ağır sınaqlar və böyük təhlükələr qarşısında olduğu anda ölkəmizin mövcud güclü və nüfuzlu vəkillik təsisatının lokomotivi olan Vəkillər Kollegiyası kənarda qalmamalı və ya kənarda saxlanılmamalı, hadisə və proseslərin hüquqi inkişafının ön xəttində yer almalıdır.

Çünki, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması olduqca mürəkkəb bir məsələdir, hüquq subyektinin şəxsi maraqlarının həyata keçirilməsi üçün əlverişsiz şərait yaradır, hüquq və azadlıqların, imkanların ümumi həcminin azalmasından xəbər verir və cəmiyyət üçün neqativ hesab olunan əsaslardan qaynaqlanır. Bununla yanaşı, hüququn məhdudlaşdırılması ictimai münasibətlərin mühafizəsinə və müdafiəsinə yönəlmiş funksiyanı həyata keçirir.

İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılması legitim olmalı, tətbiq olunan məhdudiyyətlər hüquq və azadlıqların mahiyyətini dəyişdirməməli, qanunda nəzərdə tutulmalı, demokratik cəmiyyətdə zəruri olmalı, yəni, təxirəsalınmaz sosial tələbatla bağlı olmalı, əsaslandırılmış hədlərdə və müəyyən müddətlərdə tətbiq edilməli, digər mütənasib vasitələr tükəndikdən sonra tətbiq edilməlidir.

Operativ qərargahın tətbiq etdiyi məhdudiyyətlər insan hüquq və azadlıqlarını məhdudlaşdırmanın legitimliyi şərtlərinə cavab verir: hüquq və azadlıqların mahiyyətini dəyişmir, qanunda nəzərdə tutulub, demokratik cəmiyyətdə zəruridir, təxirəsalınmaz sosial tələbatla bağlıdır, əsaslandırılmış hədlərdədir, müəyyən müddətlərlə, zaman kəsiyi ilə bağlıdır, daimi deyil, digər mütənasib vasitələr tükəndikdən sonra tətbiq edilir.

Məhdudlaşdırmanı legitim edən yuxarıdakı əsaslardan "qanunda nəzərdə tutulma" anlayışına xüsusi diqqət yetirilməlidir. Öncə qeyd edək ki, buradakı qanun anlayışı, təkcə Parlamentin qəbul etdiyi qanunu nəzərdə tutmur, ümumilikdə normativ hüquqi akt anlamındadır.

Qanun dəqiq olmalı və nəticəni öncədən görmək imkanı verməlidir. Təcrübə göstərir ki, mütləq dəqiqlik əlçatmazdır və formulların həddən artıq sərtliyindən qaçmaq və dəyişən şəraitin ardınca getmək zərurəti ona gətirib çıxarır ki, bir çox qanunlar qaçılmaz olaraq, çox və ya az dərəcədə qeyri-müəyyən olan terminlərlə ifadə olunur.

Dəqiqlik və nəticəni öncədən görmə tələbi onu tələb edir ki, sıravi vətəndaş qəbul edilmiş qərarı oxuduqda onun hansı nəticələr törədə biləcəyini öncədən görə bilsin, zərurət yaranarsa, peşəkar hüquqi yardımdan istifadə etməklə qanunun hansı nəticələr törədəcəyinə əmin olsun.

İctimai iaşə və ticarət obyektlərinə tətbiq edilən məhdudiyyətlərlə bağlı operariv qərargahın rəsmi açıqlaması məhdudlaşdırmanın legitimliyi şərtlərinə tam cavab versə də dəqiq deyil və nəticəni öncədən görə bilmək imkanı yaratmır, vətəndaşlar üçün çoxsaylı suallar doğurur, aidiyyəti rəsmi qurumların mülahizə sərbəstliyi imkanlarını genişləndirir. Məsələn, bu məlumatdan sonra bəzi şəhər və rayonlarda bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə icazə verilsə də, bəzilərində qadağan olunub. Təcrübə göstərir ki, əksər hallarda ictimai iaşə obyektləri ilə əhaliyə məişət və digər növ xidmət göstərən obyektlər qarışdırılır. Hazırda mətbuat DİN mətbuat xidmətinin nümayəndəsinin açıqlamasına əsasən hansı obyektlərin fəaliyyətini dayamdırmalı olduğu, hansıların isə, davam etdirilməli olduğu barədə siyahılar paylaşır. Əlbəttə, bu çaşqınlığın aradan qaldırılması üçün mütərəqqi haldır, lakin belə olmalı deyil, hər kəsin mənafeyinə toxunan qərar onu icra etməli olan orqanlardan birinin mətbuat xidmətinin nümayəndəsinin mülahizəsinə görə şərh olunmalı deyil. Qərar özü dəqiq və aydın olmalı, hər kəs müstəqil qaydada və ya peşəkar hüquqi yardımdan istifadə edərək həmin qərarı başa düşməli, onun törədəcəyi nəticələri öncədən görə bilməlidir. Daha heç kimdə sual yaranmalı deyil ki, görəsən, ticarət fəaliyyətimi davam etdirə bilərəmmi, yoxsa yox? Hüquqçu kimi iddia edirəm ki, DİN mətbuat xidmətinin nümayəndəsinə istinadən paylaşılan siyahıda elə obyektlər var ki, onların fəaliyyətini davam etdirə bilmələri göstərilib, əslində isə, həmin obyektlər yerində xidməti dayandırmalı, yalnız onlayn satış və çatdırma xidməti göstərməlidirlər.

Məhkəmələrin fəaliyyətinin məhdudlaşdırıldığı indiki halda qəbul olunan qərarların dəqiq və aydın olması, anlaşılan üslubda tərtib olunması vacib əhəmiyyət kəsb edir. Koronavirusdan sonrakı dövrdə çoxsaylı məhkəmə işlərinin olmaması, Avropa İnsan Hüquqları Məhkəməsinə daşpnmaması prizmasından da bunun əhəmiyyəti böyükdür. Ona görə də qəbul edilmiş qərarların tərtib olunmasında və hüquqi ekspertizasında Vəkillər Kollegiyasının sözün həm həqiqi, həm də məcazi mənasında əvəzsiz tövhə verə biləcəyinə inanıram və əminəm ki, biz birlikdə güclü olaraq, bu tarixi sınaqdan alnıaçıq, üzüağ və az itkilərlə çıxacağıq. Mövcud təhlükə bizdən birlik, həmrəylik, əzmkarlıq tələb edir. Bu vəziyyətdən sui-istifadə hallarına yol verilməməsi üçün dəqiqlik, dürüstlük, operativlik mühüm əhəmiyyət kəsb edir. Buna qarşı çıxıb qaydanı pozanlar məsuliyyətdən kənarda qalmamalı, heç kəs yanlışlıqla məsuliyyətə cəlb olunmamalıdır.

Qeyd. Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyini əks elətdirir.

Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.