Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Avropa Parlamentində korrupsiya qalmaqalı davam edir

Avropa Parlamentində korrupsiya qalmaqalı davam edir

Avropa Parlamentində korrupsiya qalmaqalı davam edir
2022-12-19 , 15:49

Yenilik.az xəbər verir ki, Brüsseldə Avropa İttifaqına üzv olan 27 ölkənin maraqları üçün işləyən transmilli lobbi-QHT əməkdaşlığı  sxem mövcuddur.  Belçikanın Federal Prokurorluğu  bu sxemdə korrupsiyalaşma izlərini aşkar edib. Məsələ rəsmi qurumların narahatlığına səbəb olub,  problemi həll etməyə çalışırlar. Avropa Parlamentində aşkarlanan korrupsiya maxinasiyaları  ilə əlaqədar istefalar baş verib, həbslər aparılıb. Avropa Parlamentinin  sədr müavini Eva Kayli və daha 4 nəfər Brüssel polisi tərəfindən saxlanılıb. “Euronews” qeyd edir ki, lobbi qruplar üzərində yaranan rüşvət qlamaqalı 4  nəfəri əhatə etmir: “Başladılmış istintaq prosesi əlavə  15 deputatın-AP üzvünün həbs ilə nəticələnə bilər”. Həbsi gözlənilən 15 nəfər lobbiçilik işinin aktiv iştirakçılarıdırlar. 

Bütün nəzərlərin  korrupsiya maxinasiyalarına yönəlməsindən narahatlıq keçirən lobbi qrupları informasiya gündəmini dəyişmək üçün təşəbbüs göstərirlər.  Avropa Parlamentində digər mübahisəli mövzuların müzakirəsini  təşkil etməklə, diqqəti “lobbi qruplarının korrupsiyalaşması” üzərindən yayındırmağa çalışırlar. Erməni lobbi qrupları da  bu kontekstdə xüsusi fəallıq göstərirlər. Natali Luazonun koordinatorluğu  ilə Avropa Parlamentinin 30-a yaxın deputatı “Dağlıq Qarabağdakı vəziyyət”lə bağlı müzakirələr keçirmək təşəbüsünü irəli sürüb. Bu məqsədlə  Avropa İttifaqı Şurasının prezidenti Şarl  Mişel və Aİ diplomatiyasının rəhbəri Cozep Borrelə müraciət ünvanlayıblar
Müraciəti imzalayanlar AP-dəki “Ermənistanla dostluq qrupu”nun üzvləridirlər. Oların bu təşəbbüsü təkcə AP-də informasiya gündəmini dəyişmək marağından yaranmır.  Məsələ ondadır ki, Belçika prokurorluğunun həbs etdiyi sədr müavini Eva Kayli həm də Avropa Parlamentindəki “Ermənistanla dostluq qrupu”nun üzvüdür. Bu qrup uzun müddət “çirkli puların yuyulmasında” adı keçən erməni əsilli milyarderlər tərəfindən maliyyələşdirilib.  Avropa Parlamentində “erməni dostlarını yemləməyin” xüsusi mexanizmi yaradılıb.
Qarabağın qızıl mədənlərini talayan Vartan Sirmakes Avropa Parlamenti üzvlərinin “dostları” sırasındadır 
Rəsmi Bakı erməni əsilli İsveçrə vətəndaşı Vartan Sirmakesin saxlanılması üçün İnterpola müraciət edib. Sirmakes İsveçrədə  saat şirkəti olan “Franck Muller Group”un baş direktorudur. Paralel olaraq,  “Armswissbank”ın, həmçinin,  Qarabağdakı separatçı rejimi simvolizə edən  “Artsakhbank”ın  əsas səhmdarıdır. “Armswissbank”da 80%,  “Artsakhbank”da  25,6% paya malikdir.  “Artsakhbank” 2003-cü ildən etibarən  SWIFT International-ın iştirakçısı, 2005-ci ildən  Europay/Mastercard beynəlxalq ödəniş sisteminin  filial üzvüdür.
Bankın  səhmdarları sırasında Ermənistan Biznes Fondu QSC  40,7%, Vartan Sirmakes isə 25,6% paya malikdir. Amma məsələ ondadır ki, Vartan Sirmakes həm də Ermənistanın Biznes Fondunun 100% səhmdarı və idarə heyətinin üzvüdür. Bu o deməkdir ki, Sirmarkes  ümumilikdə “Artsaxbank”ın 66,3% səhmlərinə sahibdir.
Sirmarkes öz biznesinin bir qismini  işğal edilmiş Azərbaycan torpaqlarında qurub. 30 illik işğal dövründə Qarabağın təbii resurslarının talan edilməsi üçün investisiya yatırıb. Onun maliyyə dəstəyi ilə Suqovuşanda balıqçılıq təsərrüfatı yaradılıb, Qarabağda qara kürü istehsalı üzrə ixtisaslaşmış  “Golden Fish” şirkətinin investoru məhz Sirmarkesdir.
Sirmarkes əsas fəaliyyətini həm də qızıl emalı üzərinə yönəldib. Azərbaycanın dövlət orqanlarının razılığı olmadan Kəlbəcərdəki yataqların istismarı ilə məşğul olub. O, Kəlbəcərin qızıl yataqları ilə yanaşı, hazırda mübahisə yaratmış  “Qızılbulaq” yataqlarına da maraq göstərib. “Qızılbulaq” yataqlarının əsas “sahibi” qismində qondarma “Artsax” rejiminin “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan və qardaşları tanınsalar da, Simarkes də bu mədənlərin payçıları sırasında görünüb. O,  “Qızılbulaq” mədəninin açılış mərasimində iştirak edib. Rusiyalı milyarder Ruben Vardanyanın əraziyə gəlişinə qədər  bu mədənlər daha çox Balansanyan və Simarkesin adına bağlı olub. 
Vartan Sirmakes həm Ermənistana, həm də işğal altında olan torpaqlarda qurulmuş separatçı rejimə  ciddi maddi dəstək göstərib.  O, Yerevan şəhərinin qədim məhəllələrini abadlaşdırmağı hədəfləyən “Köhnə Yerevan” layihəsinə 150 milyon dollar məbləğində sərmayə qoyub. Layihə çərçivəsində aparılan arxeoloji  qazıtılar zamanı  türk hamamları və məscidlər üzə çıxdığı üçün, layihənin icrasını müvəqqəti  dayandırıblar. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Vartan Sirmakesi Marseldə Ermənistanın baş konsulu təyin edib.
Bununla yanaşı, Vartan Sirmakes Qarabağdakı separatçı  rejimin əsas  maddi təminatçılarından biridir. O,  işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin beynəlxalq təbliğatına cavabdeh olan məsul şəxs vəzifəsini yerinə yetirib. 
“Çirkli pular”ın  Avropa siyasətçilərinə çatdırılma mexanizmləri 
Simarkes işğal altında olan Azərbaycan torpaqlarının maddi resurslarının talanması ilə əldə etdiyi vəsaitin bir qismini erməni diaspor təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə sərf edib. Bu layihələr sırasında “Ermənistanın Avropalı Dostları” (EuFoA), həmçinin, Erməni Ümumi Xeyriyyə Birliyinin (AGBU) proqramları xüsusi yer tutur.
Vartan Sirmarkesin maliyyə dəstəyi verdiyi  “Ermənistanın Avropa Dostları” (EuFoA) təşkilatının əsas hədəfi Avropanın iqtisadi-siyasi yönümünü müəyyən edən mərkəzlərlə, bu sahədə qərar qəbul etmək gücündə olan şəxslərlə Ermənistan və “Artsax” arasında körpü qurmaqdan ibarətdir. EuFoA Ermənistan və “Artsax”ın   Avropanın siyasi, iqtisadi, sosial strukturlarına inteqrasiyası üçün çalışır.  Beynəlxalq medianın diqqətini öz hədəflərinə cəlb etmək istəyən EuFoA 2018-ci ilin  sentyabr ayında Ermənistan və  “Artsax”a mediatur təşkil edib
Problem  ondadır ki, Vartan Sirmakesiin “çirkli pulları” ilə maliyyələşdirilən  EuFoA (Ermənistanın Avropalı Dostları), həmçini AGBU (Erməni Ümumi Xeyriyyə Birliyi ) Avropa Parlamentinin  üzvləri ilə də  sıx “əməkdaşlıq” edirlər. Bu əməkdaşlıq maddi maraq üzərində qurulub. Avropa Parlamentində təmsil olunan 33 nəfərlik “Ermənistanla dostluq qrupu”nun üzvləri   EuFoA və AGBU ilə əməkdaşlıqlarına uyğun olaraq, Qarabağdakı separatçı rejimə dəstək verirlər. 
2018-ci il martin 1-də “Qarabağ hərəkatının 30-cu ildönümü” münasibətilə  Avropa Parlamentində (AP) konfrans təşkil ediblər. Parlamentin üzvləri Avropa İttifaqının “Dağlıq Qarabağla əlaqəsini” müzakirə ediblər. Aİ-nin bu sahədə təsirini gücləndirmək üçün mümkün təkliflər səsləndiriblər. İşğal edilmiş Azərbaycan torpaqlarında qurulmuş separatçı rejimin 30 illiyinin “bayram edilməsi” ilə bağlı informasiyalar Avropa Parlamentinin saytında mövcuddur. Həmçinin, “Ermənistanın Avropalı Dostları” təşkilatının sosial şəbəkə hesablarında qorunub saxlanılır.
Vartan Sirmakesin EuFoA və  AGBU vasitəsilə maddi dəstək verdiyi Avropa Parlamentinin  üzvləri hər fürsətdə Azərbaycanı qaralayırlar.  Türkiyəyə qarşı əsassız ittihamlar səsləndirilər. 
AP-də “Ermənistanla dostluq qrupu”nun üzvlərindən olan EL Van Hoof  II Qarabağ müharibəsinin  nəticələrini şərh edərkən deyib ki, Dağlıq Qarabağ geosiyasi oyunların qurbanına çevrilib. Belə “oyunlara görə”  Azərbaycan və Türkiyəni qınayıb: “Altı həftəlik müharibədən sonra Vladimir Putin Ermənistanla Azərbaycan arasında atəşkəs elan olunmasını razılaşdırıb. Bu, on minlərlə erməninin evlərini tərk etməsi ilə nəticələnib. Bu nəticəni əldə etmək üçün Azərbaycan müharibə dövründə qadağan edilmiş kaset bombalarından, Türkiyənin innovativ dronlarından və ehtimal ki, cihadçılardan  istifadə edib. Belə davranış qeyri-qanuni silahlardan istifadəni qadağan edən beynəlxalq konvensiyaları pozur”. 
AP-dəki “Ermənistanla dostluq qrupunun” digər üzvü  Kostas Mavrides isə  Azərbaycanı “Ermənistana qarşı hərbi təcavüzü dayandırmağa çağıran” bəyanat yayıb. Yunan Kiprindən AP üzvü olan bu şəxs öz  bəyanatında həmçinin,  “Aİ-yə namizəd ölkə olan Türkiyəni Azərbaycan ordusuna dəstək verdiyi üçün” qınayıb. 
AP-dəki “Ermənistanla dostluq qrupunun” üzvlərindən olan Lukas Furlas isə Eva Kaylini Azərbaycan və Türkiyə əleyhinə olan çıxışlarını dəstəkləməsi  ilə yadda qalıb. Lukas Forlas belə çıxışlarına görə “Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası” tərəfindən təşəkkür alıb. O, Avropa Parlamentində “Ermənistanla dostluq qrupu”nun prezidenti kimi çıxışlar edib, Azərbaycanı ermənistana hücum etməkdə günahlandırıb. Həmçinin, son çıxışlarında  Laçın yolundakı aksiyaya toxunub. Azərbaycan tərəfini humanitar böhran yaratmaqda ittiham edib
Avropa Parlamentinin Cənubi Qafqazla Əlaqələr üzrə Nümayəndəliyinin rəhbəri, “Ermənistanla dostluq qrupunun” üzvü  Marina Kaljurand Laçın yolunun  bağlanmasından “ciddi narahatlıq keçirdiyini” açıqlayıb, buna görə Azərbaycanı ittiham edib.
Bəzi Avropa institutları və Avropa siyasətçiləri ilə “erməni diasporu” arasındakı “dostluq”  “çirkli puların” təsiri altında qurulub. Həmçinin, Avropalı siyasətçilərə  “çirkli puların” ötürülməsində təkcə EuFoA (Ermənistanın Avropalı Dostları) və  AGBU (Erməni Ümumi Xeyriyyə Birliyi ) vasitəçilik etməyib. 
“Avropa Parlamentində korrupsiya əməliyyatının bilinməyən tərəfləri” başlıqlı əvvəlki  yazımızda bu məqama toxunmuşduq. Bildirmişdik ki,  Avropa Parlamentində ortaya çıxıb  Azərbaycan və Türkiyəni hədəfləyən bəyanatlar AP adından elan edilsələr də, onların  əksəriyyəti   “33 nəfərlik qrup” tərəfindən  imzalanır.  Həmin 33 nəfər isə Avropa Parlamentində təmsil olunan  “Ermənistanla dostluq qrupu”nun üzvləridirlər. Avropa Parlamentindəki “Ermənistanla dostluq qrupu”nun  hazırladıqları bu  bəyanatlar   Avropa Erməni Milli Komitəsi, həmçinin,  “Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası” ( EAFJD)  ilə əmkdaşlıq nəticəsində ortaya çıxır.  Buradan aydın olur ki,  Avropa institutlarına nüfuz edən erməni diaspor təşkilatları sırasında Vartan Sirmakesin maliyyələşdirdiyi “Erməni Ümumi Xeyriyyə Birliyi” (AGBU) yeganə qurum deyil. Avropa Erməni Milli Komitəsi, həmçinin,  “Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası” da ( EAFJD) bu kontekstdə uğurlar qazanıblar. 
AAFJD-nin prezidenti  Kaspar Karampetyandır. Karampetyan da Sirmarkes kimi öz biznesini qanunsuz dövriyyələr üzərində qurub. O,  milyarder, oliqarx, həm də mafiya qurucusu kimi ad çıxarıb. Dünyada təsirli  trendlərdən sayılan “mafiya-lobbi” mexanizminin qurucularındandır. Maliyyəsi isə qanunsuz almaz qaçaqçılığından formalaşır.
2021-ci ilin 19  noyabrın tarixində Avropa Parlamentində qəbul edilən, Azərbycanı hədəf seçən   bəyanatın mətn  müəllifi Lefteris Christofordur.  2014-cü ildən  etibarən Avropa Parlamentinin üzvü olan Lefteris Christofor  Kaspar Karampetyanın təsir dairəsindədir. Yunan Kiprinin vətəndaşı olan bu şəxs Avropa Xalq Partiyasının milli nümayəndə heyətinə də rəhbərlik edir. O, AP-də  isveçli siyasətçi  Charlie Andreas Weimerslə əməkdaşlıq edir. Hər ikisi Avropa Parlamentində təmsil olunan  “Ermənistanla dostluq qrupu”nun üzvləridirlər.  Weimers 2020-ci ildə -II Qarabağ savaşı başlayanda özünün sosial şəbəkə hesabında paylaşım edrək, Azərbaycanın haqq savaşına kölgə salmağa çalışıb. Facebook hesabında yazıb: “İosif Stalin ədalətsizlik edərək Dağlıq Qarabağı Ermənistandan ayırıb. İndi həmin yolu prezident Əliyev və Ərdoğan davam etdirirlər
Avropa Parlamentinin üzvü Martin Sonneborn və həmkarları  EAFJD-nin təşəbbüsü ilə Ermənistana səfər ediblər. Burada baş nazir Nikol Paşinyanla görüşüblər.  Görüşdə EAFJD prezidenti Kaspar Karampetyan da iştirak edib.
Yuxarıda qeyd etdik ki, Karampetyan almaz qaçaqmalçısıdır. Bunu Avropada da yaxşı bilirlər. Analitik mərkəzlər tərəfindən hazırlanan, Avropa dövlətlərində aktiv mafiya qruplarının  fəaliyyətini əks etdirən  materiallarada  Kaspar Karampetyanın adı qırmızı xəttlə keçir. “Erməni qruplarının miqyası və xarakterləri” adlı yazıda Karampetyana həsr edilmiş xüsusi paraqraf vardır. Analitik hesabatda qeyd edilir ki, Afrikanın münaqişəli bölgələrindən çoxrəngli brilyantları qaçaqmalçılıq yolu ilə Avropaya daşıyan Kaspar Karapetyan Belçikadakı erməni mafiyasının xaç atasıdır.
Karampetyan haqqında belə məlumat açıqlığı olmasına rəğmən, AP-nin bəzi üzvləri Kaspar Karampetyanın rəhbərlik etdiyi  EAFJD ilə əməkdaşlıq qurururlar. Avropa Parlamentinin Bolgarıstandan olan üzvü, EAFJD ilə əməkdaşlıq edən  Angel Djambazki  deyir ki, güya “Azərbaycan Qarabağa hücum edib”. Əlavə edir ki, “Ararat (Ağrıdağı) Ermənistana qaytarılmalıdır”. 
Rusiya-Ukrayna müharibəsi fonunda Aİ-nin Türkiyə prezidenti ilə yaxınlaşdığı görünür. Aİ-nin “bugda və enerji” əməliyyatlarına görə Ərdoğana minnətçi düşdüyü bir vaxtda AP üzvləri sırasında əks mövqe sərgiləyənlər tapılır. AP üzvləri Avropa İttifaqını Rəcəb Tayyib Ərdoğana qarşı münasibətləri sərtləşdirməyə çağırırlar. Belə çağırışlarla, həm də, Avropa İttifaqının maraqlarına qarşı getmiş olurlar. Araşdıranda bəlli olur ki, belə təzadlı çağırış edən deputatlar  Avropa Parlamentindəki “Ermənistanla dostluq qrupu”nun üzvləridirlər. “Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası”nın  ( EAFJD), yəni Kaspar Karampetyanın təsirinə düşüblər
“Erməni milyarderlər”  Avropada “ictimai təşkilat” adı ilə pərdələnirlər  
Avropa Parlamentinin  sədr müavini Eva Kaylinın korrupsiyalaşmış lobbiçilik  əməlində ittiham olunması vəziyyəti dəyişib. “Erməni dostluq qrupu”nun üzvlərini ehtiyatlı davranmağa sövq edib. Belçika Federal Prokurorluğu Kaylini həbs etdikdən sonra, bir sıra  informasiyalar Avropa Parlamentinin  saytından silinib. Silinən informasiyalar sırasında “erməni diasporu”  ilə əməkdaşlığı əks etdirən mlumatlar da vardır. Qarşılıqlı olaraq,  AP üzvləri ilə “dostluq  etmiş”  EAFJD, EuFoA və AGBU da öz hesablarından AP ilə  əməkdaşlığı əks etdirən informasiyaların bir qismini siliblər. 
Amma bütün izləri silməyi bacarmayıblar. Erməni “diasporu” ilə AP üzvlərinin əməkdaşlığını əks etdirən informasiyaların bir qismi mətn başlıqlarında olmasa da,  mətnlərin içində keçici məlumatlar kimi qalıblar. Yəni əməkdaşlığı açıq ifadə edən informasiyalar silinib, daxildə yer tutan məlumatlar isə diqqətlərindən yayınıb. 
Həmin informasiyalardan belə nəticə çıxır ki, “erməni milyarderlər” öz əməllərini davam etdirirlər. Onlar Avropa siyasi mərkəzlərinə təsir etmək üçün  şaxələnmiş fəaliyyət mexanizmini tətbiq edirlər.  Yeni-yeni təşkilatlar qurur, yaxud, əvvəllər quruluş təşkilatları aktivləşdirirlər. Yəni, səhnəyə yeni adlarla çıxırlar.  Məsələn,  Almaniyada Ermənilərin Mərkəzi Şurasının  fəaliyyəti  aktivləşdirilib (Zentralrat der Armenier in Deutschland-ZAD).  
Şuranın saytında yerləşdirilən son informasiyalarda    Laçın yolunda Azərbaycan QHT-lərinin keçirdiyi aksiya hədəfə alınıb. Şura təmsilçiləri  Avropada fəaliyyət göstərən hüquq müdafiəçiləri, insan haqları fəalları ilə görüşür, Laçın yolu aksiyası barədə  yanlış məlumatlar verir, onlardan öz mənafelərinə uyğun rəy alaraq paylaşırlar.
 
Brüsseldə qurulmuş “Belçika - Erməni İşini Müdafiə Komitəsi” ( CDCA Belgique - Comité de Défense de la Cause Arménienne - Hay Tad Belgium ) də bu istiqamətdə fəaliyyətini aktivləşdirib. Avropa siyasi mərkəzlərinə nüfuz etmək, Azərbaycan və Türkiyə əleyhinə açıqlamalar almaq üçün ciddi iş aparır
Onların lobbi qrupları i  Belçikanın  baş nazirinə müraciət edərək, Brüsseldə keçiriləcək Avropa Sammitində avropalı həmkarlarına Azərbaycan əleyhinə qərarlar verdirmək üçün güclü mesaj çatdırmağa çağırıb.
Bir sözlə, əvvələr daha çox  EAFJD, EuFoA və AGBU adı ilə icra edilən işlər indi CDCA, ZAD və digər bənzər təşkilatların adı altında həyata keçirilir. Maliyyə dəstəyi və hədəflər isə eynilə qalır. 
Avropa Parlamentində Dağlıq Qarabağ Dostluq Qrupu Azərbaycan ordusu tərəfindən atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləyir və Laçın dəhlizinin blokadasının dərhal qaldırılmasını tələb edir.
Problem həm də ondadır ki, Avropadakı ictimai-siyasi  mühit “erməni milyarderlərə” öz əməllərini realizə etmək üçün münbit şərait yaradır. Məlumat üçün qeyd edək ki, müəxtəlif ölkələrdə fəaliyyət göstərən “erməni milyarderlərin” hədəfləri bir olsa da, təşkilatlanma mexanizmləri fərqlidir. Avropada, ABŞ-da, Rusiyada  yerli şərtlərə uyğun olaraq fərqli mexanizmlərdən istifadə edirlər. 
ABŞ-da və Avropada  diaspor strukturları ictimai təşkilatlar kimi fəaliyyət göstərirlər. Erməni diasporu da bu şərtlərdən sui-istifadə edir.  Amerika Erməni Milli Komitəsi (ANCA), Amerika Erməni Assambleyası (AAA)  da daxil olmaqla, iyirmidən çox  təşkilat Amerika erməniləri arasında koordinasiya işlərini həyata keçirirlər. Avropada da eyni durumdur. Amerika və Avropada  erməni diaspor təşkilatları  ictimai təşkilatlar kimi fəaliyyət göstərirlər. “Erməni mlyarderlər” belə ictimai təşkilat adından faydalanar, siyasi mərkəzlərə daxil olur, onların qərarlarına təsir edə bilirlər. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.