Millət vəkili Vüqar Bayramov: "Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq minimum əmək haqqı 200 dollarlıq həddi keçdi”

Azərbaycan Prezidenti İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" yanvar ayının 5-də Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Sərəncamla Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.
Bu sərəncamın əhəmiyyətilə bağlı millət vəkili Vüqar Bayramov Yenilik.az-a açıqlama verib: ”Məlum olduğu kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək haqqı 345 manata çatdırılıb. Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq”.
Millət vəkilinin sözlərinə görə, “Son sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir. 700 min vətəndaşımızı əhatə edəcək minimum əmək haqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılcaq. Minimum pensiyadakı artımı da nəzərə alsaq maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaşımız birbaşa faydalana biləcəklər. Bu o deməkdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əmək haqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni, yalnız dövlət sektorunda deyil, özəl sahədə də bu ildən 345 manatdan az əmək haqqı verilə bilməz” .
Millət vəkili həmçinin qeyd edib ki, “Bu sərəncam ilə Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq minimum əmək haqqı 200 dollarlıq həddi keçdi. Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu 40,2 faiz üstələyəcək. Bu sərəncam eyni zamanda digər sahələrdə də artım üçün baza yaradacaq.
Millət vəkili Vüqar Bayramov əlavə olaraq bildirib ki,”Son sərəncam 2023-cü ildə də sosial təminat məsələlərinin prioritet olacağını bir daha təsdiq edir. Sosial proqramlarda artımlar il ərzində davam etdiriləcək”.
Süleyman Sətullayev, Yenilik.az