“Reketlərin səlib yürüşü”

Son vaxtlara qədər Azərbaycanda ən asan iş özünü jurnalist adlandırmaq idi. Bunun üçün evindən küsən, həyatda özünü tapmayan istənilən birinin 20 manata domen alıb əlinə də bir “ağıllı telefon” götürməsi kifayət idi. Hətta bir çoxu daha da irəli gedib Yutubda səhifə açıb adını TV də qoymuşdular. Əksər hallarda əlindəki telefon özündən ağıllı olan bu zatlar məmurları şantaj edir, istədiyini ala bilməyəndə isə olan-olmaz hər şeyi adına bağlayıb rüsvay edirdilər. Sonda da yazırdılar ki, “Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.” Qanunvericilik bazası köhnəlmiş və günün tələblərnə uyğun olmadığına görə, soruşan da yox idi ki, ay qırışmal, adamın adına hər cür böhtan yazandan sonra hələ mövqe də gözləyirsən? Rüsvay edəndən sonra mövqe bildirsə nə olacaq, bildirməsə nə olacaq? “O olmasın, bu olsun”da Məşədi İbad demişkən, “Meymun dediyin bəs deyil, hələ əl də verirsən?”
Doğrudur qanunvericilik bazasının məhdudluğuna baxmayaraq, jurnalistikanı cinayətkar niyyətlərinə alət edənlərə qarşı əvvəllər də tədbirlər görülüb, faktlara hüquqi qiymət verilib. Amma artıq Azərbaycan mediasında yeni dönəm başlayıb. Yeni qanun qəbul olunub, “Media subyekti nədir”, “jurnalist kimdir” suallarına dəqiq və konkret qanuni izah verilib, Media Reyestri fəaliyyətə başlayıb. Elə bir sistem qurulub ki, burda artıq MEDİA-nın rəhbərinin kim olmasının mövzuya heç bir dəxli yoxdur. Sistem elə qurulub ki, həmişə saat mexanizmi kimi işləyəcək. Təbii ki, bu mexanizmin qurulmasında MEDİA-nın rəhbərliyinin böyük zəhməti var, möhtərəm Prezidentimizin media islahatlarını düzgün həyata keçirmək və tətbiq etmək alqışalayiqdir. Amma heç də hamı alqışlamır.
Son günlər MEDİA rəhbərliyinə qarşı sanki “reketlərin səlib yürüşü” başlayıb. “Babam mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə indiyədək gözünə pis görünəni yıxıb-sürüyən, istədiyini qoparmayınca “Anons” dalınca “Anons” verən, insanların şəxsi həyatına, yatağına qədər sözün əsl mənasında burnunu soxanlar artıq qanunun sərt küləyini hiss etməyə başladıqda “Nə etməli” sualına cavab kimi Əhməd İsmayılovu hədəfə gətiriblər. Halbuki Əhməd İsmayılov icraçı direktordur. Rəhbərlik etdiyi qurum qanun layihəsini hazırlayıb, qanunverici orqan da müzakirə edərək qəbul edib. İnsafla desək, çox mütərəqqi də qanundur. Bütün maddələr sanki dəfələrlə zərrəbinlə sözlərin az qala alt mənalarına qədər dəqiqliklə işlənib. Bəs “səlibçilər”i narazı salan nədir? Artıq xaos dövrü bitmək üzrədir, son stansiyaya az qalıb, “hər kəs işinə”, “çörəyi ver çörəkçiyə” erası başlanır,yaxud artıq başlanıb.
“Reket səlibçi”lər “bu hənanın o hənadan” olmadığını başa düşür, qanunun soyuq və sərt küləyini hiss edirlər, Media subyektlərinin özünü bəyan etməsi məcburidir, Reyestrə düşməyib fəaliyyət göstərmək olmaz, çayxanada çay içib sahibkara vəsiqə göstərmək, kafedə bir pors yemək yeyib pulunu istəyən kafe sahibinin özündən pul tələb edib “yoxsa səni biabır edərəm” demək dövrü tarixə qovuşdu. Artıq jurnalistika və özünü qeyri-qanuni olaraq jurnalist adlandıranlar olacaq və hər kəsin əməlinə hüquqi qiymət veriləcək. Əslində özünü jurnalist və media nümayəndəsi hesab edən hər kəs bundan sevinməli idi və sevinir də. Sevinməyən ruhən cinayətkar, zahirən isə özünü jurnalist kimi sırıyıb medianı çirkaba bulayanlardır ki, nə vaxtsa boşluqdan istifadə edib içəri doluşublar, indi də çıxmaq istəmirlər.
Kimsə özünü yalandan hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim etsə qanunla məsuliyyətə cəlb edilir. Hər bir həqiqi jurnalist fəxr etməlidir ki, artıq jurnalistikada da təsadüfü adam olmayacaq. Bəli, yaradıcılıqla məşğul olmaq hər kəsin təməl haqqıdır, buyur yaz, yarat, dərc etdir, amma Media subyekti yaratmaq istəyirsənsə buyur qanunun tələblərinə cavab ver, əks halda Əlahəzrət Qanun qarşısında məsuliyyət daşıyacaqsan. Qanunun isə adı “MEDİA haqqında qanun”dur.
Media gec-tez təmizlənməli idi, dünyanın heç bir yerində belə bir hal yox idi ki, kim istəsə sayt açsın, informasiya toplasın. İndi bu özbaşınalığın qarşısını almaq üçün qanun var və həmin qanuna əməl etmək hər bir kəsin borcudur. Xaricdə kimsə bu qanunu bəyənməyə bilər, ağız büzə bilər, amma unutmayaq ki, həmin xaricdə heç bizim torpaqlarımızı azad etməyimizi də həzm eləmirlər, bununla barışa bilmirlər. Amma torpağını işğaldan azad edən ölkənin mediası qara qüvvələrin əsarətində qala bilməzdi və mütləq azad olunmalı idi. Əgər özünüzü qanuna uyğun görmürsünüzsə, bu nə qanunun, nə qanunu hazırlayanların, nə də qəbul edənlərin günahı deyil.
Ya dəyişin, ya da nə qədər ki, gec deyil başqa iş axtarın.
Xanlar Xoca, Yenilik.az