Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Virusun üzə çıxardığı ağrılar - Kəndlərdəki internetsiz kasıblar ölsün?!

Virusun üzə çıxardığı ağrılar - Kəndlərdəki internetsiz kasıblar ölsün?!

Virusun üzə çıxardığı ağrılar - Kəndlərdəki internetsiz kasıblar ölsün?!
2020-04-07 , 17:17

Bu sabah o kişini yenə gördüm. Jurnalistlər binasının həyətinə gül gətirmişdi. Satırdı. Böyük bir dəstəsini aldım. Sonra baxdım ki, haradasa atılmış güllərdir, dilənməyə utanıb, gətirib ki, satmaq adı ilə çörək pulu qazansın. Bilirəm ki, evində bir xəstə uşağı var.

Və belələri çoxdur ətrafımızda...

İndi koronovirus adlı şeytan dünyaya padşahlıq edir. Onun taxt- tacının vaxtıdır. Tanrının göy üzündə xəlvətə çəkilib , yaratdıqlarından uzaqlaşdığı vaxtdır. Deyir ki, “qoy bir az da şeytanla uğraşsınlar. Məni aldatmaq istədilər, alınmadı. İndi görüm şeytanı aldada biləcəklərmi?”.

Şeytan bizə yeni yaşam tərzi, yeni münasibətlər gətirəcək. İnanmıram ki, ömrü çox uzun olsun; Tanrı yenə qayıdıb gələcək, yenə hər şeyi istədiyi kimi düzənləyəcək. Sadəcə biz harada səhv, harada yanlışlıq etdiyimizi anlamalıyıq.

Lakin anlayırıqmı?
Bizə verilən bu vaxtdan necə istifadə edək?
Yaşadığımız dünyanın, vətəndaşı olduğumuz dövlətin qayğısına necə qalaq?

Bunun üçün əvvəlcə evimizdən, iş odamızdan, oturduğumuz kreslodan başlamalıyıq.
İndi yeni innovasiyalar, texnologiyalar əsridir. Hamımız bilirik. Ancaq bu yeni texnologiya və innovasiya şəhərlərdə daha geniş, rayonlarda az keçərlidir. Kəndlərdə isə heç başa gəlmir.

Dünəndən “200 min nəfərə işsizdir deyə, 190 manat müavinət veriləcək” elanına Azərbaycanın 70 faizi qoşulub.
Buna görə də bizim Rabitə və Yüksək İnformasiya Texnologiya sistemimiz çöküb. İndi də həmin saytlara giriş ya çətinləşib, ya da bağlanıb. Onsuz da günümüzün adi vaxtlarında belə hamımız bir vətəndaş kimi ödədiyimiz internet pulunun müqabilində yararlana bilmirdik. O ki, qala dünyanın başını itirdiyi vaxtda adında YÜKSƏK sözü xüsusi vurğulanan nazirliyimiz normal işləyə.

Mən buradan bu gün hər saatını, hər anını xalqının qayğıları üçün, bu fəlakətdən az itkilərlə çıxmamız üçün mücadilə aparan Ali Baş Komandan İlham Əliyevə üzümü tutaraq çox əminliklə demək istəyirəm ki, cənab prezident, Azərbaycanda işsizlərin sayı 200 min deyil, Azərbaycanda işləməyənlərin sayı milyonlarladır. Özünüz də gözəl bilirsiniz, kart məsələsini. O 200 min işsiz kimi adı keçənlərin kartlarının əksəriyyəti Sumqayıtdan başlamış, digər rayonlara kimi hamısı əksəriyyəti icra hakimlərinə yaxın olan adamların adınadır. Bəli, kartları ifşa etmək kimi əməliyyat başlanıb, lakin bu əməliyyat hələ bitməyib axı... Hələ də oyunlar gedir.

Bizim kəndlərimzin sakinləri yeni informasiya texnologiyalarını ancaq telefonla anlayırlar. Kəndçi evində Lenovo, IPAD kompüterləri işlətmir. O heç internetdə qeydiyyatdan keçmə qaydasını da bilmir. Zaman-zaman kəndlərimizdə təhsil boş buraxılıb, belə kəndlərlə biz yeni innovasiyaları hələ çox illər sonra əxz edəcəyik. 20 günlük koronovirus dövründə test edib innovasiyalarla xalqı maarifləndirmək çox çətindir. Bunun səbəbləri çoxdur, indi yazmaq da gecdir...

İndi məni narahat edən əsas səbəb odur ki, işsizlərimiz dövlətdən yardım alsınlar. Ətrafımızda dost-tanlışlarımızın, qohumlarımızın hamısı işsizdir. Bu günə qədər ölkə Prezidentinə işsizlərin hesabatı icra hakimiyyətlərinə sərf elədiyi rəqəmlə verilib. Axı bizim işləməyən müəssisələrimiz, istehsalı dayanan zavodlarımızdan çıxarılan insanlarımız da var. Təzə açılan iş yerlərinə də ancaq tanışlıqla düzəlmək, zənglə düzəlmək mümkündür.

Uzun illərdir ki, Bakı və Sumqayıt şəhəri rayonlardan, kəndlərdən gələn işaxtaranlarla yüklənib. Onların arasında əksəriyyəti restoran və marketlərdə, xüsusi obyektlərdə günəmuzd işləyiblər, qeydiyyata düşməyiblər. İndi balaları da, özləri də acdır.
Neyləsinlər?
Yaxşı, bəs o 200 min nəfər 190 manatı aldı yedi, yerdə qalan neyləyəcək? İşıq pulu, su pulu, dərman pulu, toyuq-cücə qırılmasın deyə onun yemi...


Bizim hamımızın getməyə başqa vətənimiz, istəməyə başqa kimsəmiz yoxdur. Hətta bu ağır günlərdə dövlətimiz bütün dünyada olduğu kimi öz vətəndaşlarına sahib çıxdı. Əlbəttə, evdə çatışmazlıq olanda ailə başçısından istəyirlər. Dövlətin vətəndaşlarının da bir ATASI var - DÖVLƏT! Və Dövlətdən istəmək haqlarıdır. Çünki bu dövlət onların vergilərinin, onların əsgər gedən övladlarının çiyinlərində bərqərar olur.

Bilirəm, çox çətindir, çox ağırdır. Dövlətimiz də, Prezidentimiz də, vətəndaşlarımız da çox ağır sınaq qarşısındadır.
1990-cı illərdə sakinlərə yaşadıqları ərazilərdə yağ, ət talonu verilirdi. Hər ailə başına düşəcək qədər. İndi qeydiyyatdan keçə bilməyən, sənədləri, sübutları aidiyyəti nazirliklərə uyğun gəlməyən insanları innovasiya texnologiyalarına qurbanmı verməliyik? Yəni texnologiyadan istifadə edə bilməsələr, sayta girməyə internetləri olmasa, nə bilim hansısa səbəbdən oradan qeydiyyatdan keçməsələr, ölməlidirlər?

Fevralın 9-na qədər qapı-qapı düşüb və ya elçisini göndərib səs toplayan, əl öpən deputatlarımız zəhmət çəkib, bu ağır durumda kömək etmək üçün öz ərazilərində olan işsizlərin siyahısını tutdursunlar. Və həmin ailələrə dövlətin ayıracağı vəsaitin, xüsusi kartoçklarının çatdırılmasında yardımçı olsunlar.

Mən istəməzdim ki, 190 manatla xalqımızı, yazıq və kasıb təbəqələri sınağa çəkək. Bu dövlətdə yaşayan oğru da, cinayətkar da, kasıb da, müəllim də, həkim də, xadimə də... hamısı özümüzündür. Mən inanıram ki, ucqarlarda başı internetdən çıxmayan, hərif tanımayan insanlar da unudulmayacaq. Dövlətin qayğısından kənarda qalmayacaqlar.
Bakıpost.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.