"Azərbaycan bu gün Avropa dövlətləri üçün enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir"

"Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı Azərbaycanın artan nüfuzu və müasir beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinin göstəricisidir".
Yenilik.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Rusiya ilə dərinləşən qütbləşmə və artan gərginlik fonunda Avropa İttifaqı enerji təhlükəsizliyi böhranı yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət nəticəsində formalaşan etibarlı tərəfdaş imici, zəngin ehtiyatlar və yaradılan şaxələndirilmiş enerji infrastrukturu bu mənada Azərbaycanı Avropa üçün ən optimal ümid yerinə çevirir.
"Mövcud əməkdaşlıq formatı isə Azərbaycanı Avropa İttifaqı və birliyə daxil olan ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliyi, bununla da milli təhlükəsizliyində söz sahibinə və ciddi təsir imkanlarına malik qütbə çevirir. Bir sözlə, 30 il əvvəl özünün müstəqilliyi sual altında olan Azərbaycan bu gün Avropa dövlətlərinin özünün müstəqillik və suverenliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir", - deyə deputat qeyd edib.