Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan və Macarıstandan olan iş adamları arasında görüşlər keçirilib

Azərbaycan və Macarıstandan olan iş adamları arasında görüşlər keçirilib

Azərbaycan və Macarıstandan olan iş adamları arasında görüşlər keçirilib
2023-02-17 , 21:00

Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası çərçivəsində Azərbaycan-Macarıstan biznes forumu keçirilib.
Yenilik.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, biznes forumda 26-sı Azərbaycan, 61-i Macarıstan tərəfindən olmaqla 87 şirkət iştirak edib.
Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto biznes forumun bağlanış tədbirində çıxış ediblər.
Azərbaycan və Macarıstanın dövlət başçılarının səyləri, imzaladıqları mühüm sənədlər nəticəsində iki ölkənin əməkdaşlıq gündəliyinin daim genişləndiyi vurğulanıb. İki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin də Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətində əsas hədəflərdən olduğu qeyd edilib. Bakıda və Budapeştdə təşkil olunan biznes forumların da bu məqsədə xidmət etdiyi bildirilib.
Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işlərinə macar iş adamlarının da qoşulmaq üçün maraq göstərmələrinin məmnunluq doğurduğu, ümumilikdə həmin quruculuq işlərində dost ölkələrin iştirakının prioritet əhəmiyyət kəsb etdiyi bildirilib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev Azərbaycanda sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib.
Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədr müavini İsmayıl Manafov Ələt Azad İqtisadi Zonasının investorlar üçün mühüm əhəmiyyətindən bəhs edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın iş adamlarının fəaliyyətinə, onlar arasında əməkdaşlığın qurulmasına və birgə təşəbbüslərin reallaşdırılmasına dəstək tədbirləri barədə məlumat verib.
Həmçinin Macarıstan tərəfindən iş adamları çıxış edərək Macarıstan-Azərbaycan əlaqələrinin genişlənməsi üçün görülən işlərin məmnunluq doğurduğunu, iki ölkənin iş adamları arasında da əlaqələrin inkişafı üçün münbit şərait yaradıldığını vurğulayıblar.
Biznes forumda iş adamları arasında görüşlər keçirilib, gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.