Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Pensiya artımları nə vaxt veriləcək? - Nazirlikdən açıqlama

Pensiya artımları nə vaxt veriləcək? - Nazirlikdən açıqlama

Pensiya artımları nə vaxt veriləcək? - Nazirlikdən açıqlama
2020-01-15 , 17:46

"Pensiyaların artırılması istiqamətində növbəti addım kimi, bu ay ərzində əmək pensiyaları indeksləşdirilərək artırılacaq".
Bu barədə "Qafqazinfo"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

O bildirib ki, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur.

Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ay ərzində təqdim olunacaq rəsmi məlumatda 2019-cu il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2020-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

Artım cari ilin əvvəlindən tətbiq ediləcək və yanvar ayının pensiyalarına ediləcək artımlar fevral ayının pensiyası ilə birgə veriləcək.

Pensiyaların indeksləşdirilərək artırılması pensiyaçıların təxminən 93-94 faizinə şamil olunacaq. Qalan pensiyaçılar isə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplardır (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və b.) ki, onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir.

Qanunvericiliyə uyğun olaraq, bu ay ərzində sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə inflyasiya göstəricisinə uyğun indeksasiya edilərək artırılması təmin ediləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.