Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Şəhid olan hər hansı bir vətəndaşımızın yoxluğunu unutdurmaq mümkün deyil” – Siyavuş Novruzov

“Şəhid olan hər hansı bir vətəndaşımızın yoxluğunu unutdurmaq mümkün deyil” – Siyavuş Novruzov

“Şəhid olan hər hansı bir vətəndaşımızın yoxluğunu unutdurmaq mümkün deyil” – Siyavuş Novruzov
2020-10-22 , 12:25

Xəbər verdiyimiz kimi, Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) xaricdə yaşayan soydaşlarımızın müraciətlərini nəzərə alaraq, “Şəhid ailələrinə dəstək” ianə kampaniyasına başlayıb. Belə ki, bundan sonra xaricdə yaşayan azərbaycanlılar şəhid ailələrinə dəstək məqsədilə Fondun xarici valyutada olan bank hesablarına ianə köçürə bilərlər. Moderator.az-a açıqlamasında xaricdəki soydaşlarımızın bu kampaniyaya cəlb edilməsinin əhəmiyyətinə toxunan millət vəkili Siyavuş Novruzov, bu addımı alqışladığını vurğuladı: “İlk öncə, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaralanan hərbçilərimizə isə şəfa arzulayıram. Hərbçilərimizin, şəhidlərimizin ailələrinin xidmətində durmaq, onlara maddi-mənəvi dəstək vermək hər birimizin borcudur. Bu gün YAP tərəfindən Gəncədə erməni terroru nəticəsində həlak olan mülki şəxslərin ailə üzvlərinə maddi yardım göstərilib. Valideynləri düşmənin raket həmləsindən həlak olan uşaqlar himayəyə götürülüb. Onlara yetkinlik yaşına çatana qədər təqaüd veriləcək. 

 
Bu gün hər bir təşkilat, hər bir qurum bu məsələdə aktiv olmalıdır. Xaricdə yaşayan soydaşlarımızın da bu prosesdə aktivliyi arzuediləndir. Ola bilsin ki, xaricdəki hansısa soydaşımız yaşadığı ölkənin vətəndaşıdır. Lakin onun milliyyəti azərbaycanlıdır. O, xarici ölkə vətəndaşı olduğu üçün gəlib orduda xidmət edə bilmir. Ancaq onlar vətəndaşı olduqları ölkədə də dövlətimizə, ordumuza maddi yardım vasitəsi ilə öz dəstəyini göstərə bilər. Bununla da hər hansı şəhid ailəsinin maddi baxımdan təminatına kömək edə bilər.
 
Təbii ki, dövlətimiz güclüdür. Bu gün Ali Baş Komandanıızın rəhbərliyi altında çox böyük işlər gedir. Bu günə qədər şəhid ailələrinə, əllillərimizə, müharibə veteranlarınıza, məcburi köçkünlərimizə dövlətimiz çox böyük dəstək verib, onlara kömnək edib. Onların mənzil-məişət şəraiti yaxşılaşdırılıb, təqaüdləri artırılıb, ali məktəblərdə təhsil alan şəhid və məcburi köçkün uşaqları təhsil haqqından azad edilib. Dövlətimiz onların təhsil haqqının ödənilməsini öz üzərinə götürüb. Bütün bunlarla yanaşı, hər bir vətəndaşımız, təşkilat çalışmalıdır ki, əlindən gələni əsirgəməsin. Təbii ki, şəhid olan hər hansı bir vətəndaşımızın yoxluğunu unutdurmaq mümkün deyil. Şəhid bütün xalqın şəhididir. O, bir ailəyə mənsub deyil. Bununla yanaşı, şəhid ailələrinə həm maddi, həm də mənəvi dəstəyin göstərilməsi olduqca vacib amildir.
 
Hesab edirəm ki, MDTF-nin atdığı bu addım çox yaxşı, təqdiredici bir addımdır. Ölkəmizin xaricdə - Rusiyada, Ukraynada, Orta Asiyada, Avropanın müxtəlif ölkələrində, eləcə də ABŞ-da kifayət qədər ciddi maliyyə vəsaitinə malik insanları var. Onlar da şəhid ailələrinə yardım məsələsində yaxından iştirak etməlidir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.