Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İpoteka və Kredit Zəmanət Fondunun 10 milyonluq saytı niyə çökdü? — AÇIQLAMA

İpoteka və Kredit Zəmanət Fondunun 10 milyonluq saytı niyə çökdü? — AÇIQLAMA

İpoteka və Kredit Zəmanət Fondunun 10 milyonluq saytı niyə çökdü? — AÇIQLAMA
2020-01-24 , 18:01

Uzun illərdir, əhalinin arzusunda olduğu sistem - kirayə mənzillərin ipoteka və kredit yolu ilə əhaliyə verilməsi sistemi, demək olar ki, hazırdır. Hətta 22 yanvarda elektron müraciətlərin başlanacağı da elan edilmişdi. Lakin hər şey gözlənildiyi kimi olmadı.



Sistem işə düşmədən çökdü və müraciət etmək mümkün olmadı.


İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayaraq yaranan problemi “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması ilə əlaqələndirib.


Hazırda “Elektron sistem”in dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirlərin həyata keçirildiyi bildirilib.


Elektron müraciətlərin qəbulu qeyri-müəyyən vaxta təxirə salınıb.


Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz isə problemi məsuliyyətsizliklə əlaqələndirib.


O, e-gov sektorunda bunun ikinci dəfə baş verdiyini, buna baxmayaraq qabaqlayıcı tədbirlər görülmədiyini bildirib:


“Ötən il də güzəştli mənzillərin onlayn satışı ilə bağlı MİDA informasiya sistemində oxşar hadisə baş vermişdi. Sondaran MİDA digər dövlət qurumlarının köməyi ilə problemi aradan qaldıra bilmişdi.


“Dövlət sektorunda baş verən bütün bu tip hadisələrdən sonra yenidən hansısa bir dövlət qurumunda oxşar halın təkrarlanması təəssüf və təəccüb doğurur. Fikrimcə, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi baş verənləri araşdırmalı və ciddi tədbirlər görməlidir.


Ümumiyyətlə, bu tip dövlət layihələrinin start vəziyyətindən öncə onların informasiya resurslarının audit olunmaması, stress-test edilməməsi də doğru bir yanaşma deyil”.


Osman Gündüz iddia edib ki, bəzi qurumlar qabaqcadan sistemin bu formada işə salınmasında ciddi risklər ola biləcəyini bilib və İpoteka və Kredit Zəmanət Fonduna tövsiyyələr verib.


“Xəbərdarlıq edilib ki, risklər yüksəkdir və sistem bu formada işə salınsa, yüklənməyə tab gətirməyəcək və çökə də bilər. Təklif olunub ki, testlər keçirilsin və qüsurlar aradan qaldırılsın. “CyberNet” və “GT Solutions” İpoteka və Kredit Zəmanət Fondunun rəhbərliyini əmin ediblər ki, hər şey qaydasındadır və sistemi işə salmaq olar. Fond rəhbərliyi də, güman ki, ortada bəlli bir məcburi hüquqi prosedurlar olmadığından, layihəyə daha tez başlamaq üçün dövlət qurumlarının deyil, sistemi hazırlayan İT şirkətlərin rəylərinə üstünlük verib.


Bu cür yanaşmanın nəticəsi isə artıq məlumdur. Düşünürəm ki, səlahiyyətli qurumlar baş verənlərdən bir daha ibrət dərsi götürməlidir. Təqsirkarlar, cavabdeh şəxslər müəyyən olunmalıdır və onların məsuliyyəti məsələsinə baxılmalıdır. Fikrimcə, təcili olaraq bu sahədə hüquqi məsələlər təkmilləşdirilməli və sərtləşdirilməlidir. İctimai əhəmiyyət kəsb edən dövlət informasiya resurslarının auditi məcburi olmalıdır”.


Materialın hazırlandığı zamanda İpoteka və Kredit Zəmanət Fondu növbəti açıqlama yayıb və “Elektron ipoteka və kredit zəmanət” sistemində yaranmış texniki problemlərlə bağlı bir sıra kütləvi informasiya vasitələrində “elektron sistemin çökməsi” başlığı altında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.


Fondun açıqlamasında qeyd olunub ki, müraciətlərin qəbulu zamanı yaranmış texniki problem bütövlükdə sistemin fəaliyyəti ilə deyil, yalnız vətəndaşların istifadəsinə verilmiş yeni modulla əlaqədar olub:


“Bununla əlaqədar vətəndaşların müraciətləri üzrə ədalətli növbəliliyin və bərabər imkanların təmin edilməsi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılıb və heç bir müraciət qeydə alınmayıb.


Yekun olaraq, vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən baş vermiş texniki problemlə bağlı məsələyə anlayışla yanaşılmasını xahiş edir və bildiririk ki, ən qısa müddət ərzində satmaq öhdəliyi ilə kirayə mexanizmi ilə bağlı müraciətlərin qəbulu prosesinə başlanılacaq”.


Öz tərəfimizdən qeyd edək ki, bu açıqlama da mətbuatın və cəmiyyətin sualına tam cavab deyil. İstənilən halda ortada bir problem varsa, deməli, işin qurulması prosesində hansısa boşluqlar olub. Nəticə etibarilə öncədən söz verildiyi tarixdə elektron müraciətlərin qəbulu baş tutmayıb və minlərlə insanın ev arzusu yenə də təxirə düşüb.


Osman Gündüzün daha bir iddiasına əsasən, İpoteka və Kredit Zəmanət Fondu “Elektron sistem”in hazırlanması və “Elektron Hökumət Portalı”na inteqrasiyası üçün 2 il öncə təxminən 6 000 000 manat, alt sisteminin hazırlanması üçün də təxminən 3 000 000 manat vəsait xərcləyib:


“Hər il də serverin saxlanması və İT avadanlıqlar üçün yüz minlərlə vəsait ayrılıb. Təsəvvür edin ki, 2 il ərzində təxminən 10 000 000 manat vəsait xərclənən resurs öz qarşısına qoyulan vəzifələri icra edə bilmir və çökür.


10 milyon vəsait xərclənən adi bir informasiya sisteminin öz funksiyalarını yerinə yetirə bilməyərək çökməsi kifayət qədər düşündürücüdür və hesab edirəm ki, aidiyyətli qurumlar bununla bağlı araşdırma aparmalıdırlar.


Yeri gəlmişkən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində DATA Mərkəzi olduğu halda Fondun adi bir serverinin, məlumat bazalarının da özündə yerləşməsi sual doğuran məsələdir”.


Bu və digər suallara cavab tapmaq üçün İpoteka və Kredit Zəmanət Fonduna müraciət etdik. Fond bizdən quruma sorğu göndərməyimizi istədi və sualların operativ cavablandırılacağını bildirdi. Saytımızın "qaynar xətt"inə məsələ ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq məqaləni çox gözlətməyi lazım bilmədik. Məsələ ilə bağlı son ana qədər Fonddan suallarımıza cavab gözləməyimizə baxmayaraq, qurum iddialarla bağlı sorğularımızı cavabsız qoydu.


Məlumat üçün bildirək ki, Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində jurnalistin məlumat almaq hüququ tənzimlənib. Bu maddəyə əsasən məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.(BAKU.WS)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.