Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Doğulduğu kəndi işğaldan azad edərkən şəhid olan Milli Qəhrəman Şükür Həmidov – DOSYE

Doğulduğu kəndi işğaldan azad edərkən şəhid olan Milli Qəhrəman Şükür Həmidov – DOSYE

Doğulduğu kəndi işğaldan azad edərkən şəhid olan Milli Qəhrəman Şükür Həmidov – DOSYE
2020-10-23 , 16:17

Milli Qəhrəman Şükür Həmidov Qubadlının azadlığı uğrunda şəhid olub.


Yeniavaz.com Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun dosyesini təqdim edir: 

Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində anadan olub. Ailədə on uşaqdan biri idi. O, gənclik illərindən mərdliyi və cəsarəti ilə yoldaşlarından fərqlənirdi. Hərbi sahəyə olan marağı gündən-günə artırdı. 8-ci sinifi doğulduğu kənddə bitirir. O vaxt Azərbaycanın başı üstünü qara buludlar almışdı. Bir sıra rayonlarımız kimi, Qubadlı da təhlükədə idi. Aramsız hücumlar təşkil olunur, kəndlərdə evlər yandırılır, günahsız əhali gülləbaran edilirdi.
 
Təhsilini hərb sahəsində müvəffəqiyyətlə başa vuran Ş. Həmidov 1993-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil oldu. Hələ təhsilini hərbi liseydə davam etdirən vaxt, könüllü olaraq döyüşlərə getmək arzusunu komandanlığa bildirmişdi. O, 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başladı. Çox keçmədi ki, bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə irəli çəkildi.
 
Bir müddətdən sonra ona daha bir məsul vəzifə verildi. N. saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edildi. Ş. Həmidov işləyə-işləyə təhsilini artırmağı da unutmadı. Beləliklə, 2008-ci ildə Hərbi Akademiyanın müdavimi oldu. Bundan sonra o müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandirinin müavini, komandiri kimi vəzifələrdə işlədi. 

2016-cı ildə "Aprel döyüşlərində” Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərdi. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.

10 may 2016-cı il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə oldu və Şükür Həmidovla görüşdü. Aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə polkovnik-leytenant Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olundu. "Aprel yüksəkliyi” filminin kadrlarında da Şükür Həmidovun ömür yoluna qısa nəzər salınır, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs edilirdi. 

Milli Qəhrəman Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid oldu. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda şəhid olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.