Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Kamil Musavi Salyanda iğtişaşlara hazırlaşır? — Radikal qazinin qanunsuz əməlləri...(VİDEO)

Kamil Musavi Salyanda iğtişaşlara hazırlaşır? — Radikal qazinin qanunsuz əməlləri...(VİDEO)

Kamil Musavi Salyanda iğtişaşlara hazırlaşır? — Radikal qazinin qanunsuz əməlləri...(VİDEO)
2020-02-07 , 11:29

“Heç kim qorxmasın, qorxmayın...”, burada nöqtələr senzuranı əvəz edir, çünki istər qanunvericilikdə, istərsə mental yanaşmada nəlayiq ifadələr qəbuledilməzdir. Lakin deputatlığa namizəd Kamil Musavi ictimai yerdə nəlayiq ifadə işlətməklə ictimai tərbiyədən nə qədər yoxsul olduğunu nümayiş etdirdi. İctimai tərbiyə fərdi keyfiyyətlərdə xüsusi paya sahibdir, qanunverici orqanda xalqı təmsil etməyə iddia edən birisi üçün isə bu, əsas göstərici hesab oluna bilər. İndi siz deyin, Kamil Musavi milləti təmsil edə bilərmi?!



Məsələnin mahiyyətini anlamaq üçün hadisəyə nəzərə yetirmək zərurəti var. Fevralın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Kamil Musavi digər namizəd Fəzail Ağamalıya qarşı başının dəstəsi ilə hücum təşkil etdi. Videokadrlar göstərir ki, Fəzail Ağamalını dövriyyəyə almış öyrədilmiş insanlar Kamil Musavinin göstərişi ilə namizədə qarşı təxribat törətməyə çalışırlar. Məqsəd aydındır, Fəzail Ağamalını hadisə yerindən getməyə məcbur etmək, baş verənləri lentə almaq və “seçicilər Fəzail Ağamalını istəmir” görüntüsü yaratmaq. Bütün bunlara baxmayaraq, Fəzail Ağamalı təmkinli davranışı ilə qarşıdurmanın qarşısını almağı bacardı, lakin namizədə qarşı hücumun təşkili, avtomobilinin vurulması və sonra baş verənlər onu göstərdi ki, Kamil Musavi demokratik seçki mühitindən sui-istifadə edir.


Ardınca başının qoçu dəstəsi ilə yolda hərəkət edən Kamil Musavi dayanır və çıxışa başlayır: “Hər kəsə başa düşdüyü dildə cavab veriləcək, qorxmayın, sizin arxanızda mən dayanmışam, heç kim qorxmasın, qorxmayın...” və söyüş. Etik qaydalara görə çıxışın tam mətnini vermək mümkün deyil. Lakin baş verən hadisə bir neçə mühüm məqamı ortaya çıxardı.


Kamil Musavi qanunverici orqanda təmsil olunmağa layiqdirmi?






Bu namizədin seçicilər önündə söyüş söyməsi onun xalqın səsi olmağa layiq olmadığını göstərir. Təsəvvür edin ki, Musavi qanunverici orqanın kürsüsündə əyləşib və hansısa həmkarı ilə sözü çəpləşir. Kimsə zəmanət verə bilərmi ki, məlum hadisədə işlətdiyi nəlayiq ifadələri parlament kürsüsündən səsləndirməyəcək? Azərbaycan parlamenti 90-cı illərdə eyni təcrübəni yaşadı. Mandatına adekvat olmayan adamlar qanunverici orqanın kürsüsündən ağızlarına gələni danışırdı, nəticə ölkənin milli maraqları üçün acınacaqlı oldu. Bu baxımdan, belə şəxslərin parlamentə düşməsi təhlükəli gələcək vəd edir.


Fəzail Ağamalıya hücum edənlər kimlər idi?






Videokadrlardan da gördündüyü kimi, hücum edənlər Kamil Musavinin qoçu dəstəsi olan və Salyan seçicilərini təmsil etmək qabiliyyətində olmayanlardır. Məlumatlara görə, hadisə zamanı Musavinin ətrafında olanların əksəriyyəti başqa bölgələrdən gətirilənlər olub. Onların davranışı məhz “qoçular” olduqlarını deməyə əsas verir.


Kamil Musavini himayə edənlər Salyanda iğtişaşlar planlaşdırır?


Kamil Musavinin “biz imkan verməyəcəyik, mən arxanızdayam” kimi sözləri və baş verənlər İsmayıllı hadisələrini yada salır. İsmayıllıda da hadisələr təxminən belə başlamışdı, əvvəlcə kiçik narazılıq oldu, ardınca bir qrup şəxs iğtişaşlara cəhd etdi. Musavinin “təhdidi” Salyanda da İsmayıllı hadisələrinin baş verə biləcəyi ehtimalını ortaya çıxarır. Çünki hadisəni törədən bu dəstə indidən xəbərdarlıq edir ki, “biz imkan verməyəcəyik”. Bu o deməkdir ki, seçkilərdə Musavi seçilməsə onlar iğtişaşlara başlayacaqlar? Hazırki situasiya belə iğtişaşların planlaşdırıldığını istisna etmir. Bu baxımdan, hüquq-mühafizə orqanlarının hadisəni ciddi nəzarətə götürməsi zərurəti var. Unutmamalıyıq ki, belə iğtişaşlar xaricdəki anti-Azərbaycan dairələrinin əlinə yaxşı fürsət verə bilər.



Image result for Quba hadisələri



Kamil Musavi kimdir?



Bu sualın cavabının tapılmasında ictimaiyyətə kömək etmək lazımdır. Kamil Musavi Qazaxda doğulub, böyüyüb başa çatıb. Ümumiyyətlə, Salyan camaatının Kamil Musavi haqqında təsəvvürləri belə yoxdur, onu tanımırlar, ilk dəfədir ki, görürlər. O, Qarabağda hərbi əməliyyatlar zamanı qazi olub. Dövlət tərəfindən müalicəsi də daxil olmaqla hər şeylə təmin edilib. Bəlkə də o, qazi olaraq qalsaydı, daha çox hörməti olardı, lakin Musavi qazilikdən oliqarx həyat tərzini üstün tutdu və bu yolda qazi adından gen-bol istifadə etdi.


Sosial şəbəkələrdə yayılan məlumatlara görə, ayağını itirən Musaviyə 50 min manatlıq protez qoyulub, lakin o buna etiraz edib və nəticədə 200 min manatlıq protezlə təmin olunub. Digər bir məlumatda isə onun gözünü döyüş zamanı yox, ehtiyatsızlıqdan itirdiyi deyilir. Bütün bunlar sosial şəbəkə istifadəçilərinin yaydığı məlumatlardır.



Kamil Musavinin “aprel döyüşləri”ndə iştirak etmədiyi, lakin özünü “aprel döyüşlərinin” qazisi kimi təqdim etməsi faktı isə artıq təsdiqini tapıb. “Aprel müharibəsi”ndən sonra peyda olan Musavi müxtəlif yollarla oliqarxlaşdı. Təsadüfi deyil ki, onun haqqında “oliqarx qazi” deyilir. Budur, qazi adından istifadə edərək, var-dövlət toplayan Musavi yenə qazi adından istifadə edərək, deputat seçilmək istəyir. Bu, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olanlara qarşı hörmətsizlikdir.


Kamil Musavinin Salyanda apardığı təbliğat kampaniyası zamanı ortaya çıxanlar isə bu adamın hansı keyfiyyətlərə sahib olduğunu təsdiqləyir. Yerli sakinlər danışırlar ki, “oliqarx qazi” seçicilərlə görüşə lüks avtomobillərdə gəlir. Onun maşın karvanı Salyanda tez-tez yol hərəkəti qaydalarını pozur, diqqət çəkmək üçün qadağan olunmuş sayrışan işıq və siqnallardan istifadə edirlər. Ətrafında da daim idmançı görünüşündə olan şəxslər var.

Sakinlər bildirir ki, Kamil Musavi Salyanın Qaraçala qəsəbəsində keçirdiyi görüşə Bakıdan, Gəncədən, Masallıdan, Beyləqandan və Sumqayıtdan ayrı-ayrı avtomobillərlə 130 nəfərə yaxın adam gətizdirib. Görüşə qatılan insanların əksəriyyəti kənar şəhər və rayonlardan gətirilən adamlar olub. Bununla o, “izdihamlı görüş” görüntüsü yaratmağa çalışır. Lakin bu detal həm də yuxarıda qeyd etdiyimi “İsmayıllı hadisələrinin təkrarı” ssenarisini bir daha aktuallaşdırır. Belə görünür ki, Kamil Musavi istədiyi nəticəni əldə etməsə, onu himayə edən şəxslər müxtəlif bölgələrdən Salyana yüzlərlə insan gətirə və genişmiqyaslı iğtişaşlara əl ata bilərlər.
Qazi adından istifadə edən Musavinin saxta sifəti şəhidlərə münasibətdə də açıq şəkildə ortaya çıxıb. Qaraçala qəsəbəsinin sakinləri danışır ki, Kamil Musavi və onunla bərabər başqa rayon və şəhərlərdən Qaraçala qəsəbəsinə gətirilən adamlar həmin qəsəbədəki Şəhidlər Xiyabanı abidəsinin üzərinə çıxaraq, onu təhqir ediblər. Onların bu hərəkəti kənarda dayanan, Kamil Musavinin və onun tərəfdarlarının hərəkətlərini müşahidə edən seçicilərin ciddi narazılığına səbəb olub. Lakin Musavi və dəstəsi hərəkətlərini davam etdiriblər.


Bütün bunlar Musavinin nəinki iddia etdiyi deputatlıq mandatına, ümumiyyətlə namizəd olmağa layiq olmadığını bir daha göstərir. Salyan sakinlərinin Musaviyə qarşı etirazı onun seçkilərdə uğur qazanmayacağını proqnozlaşdırmağa imkan verir, lakin müvafiq orqanlar seçkidən sonra onun başının dəstəsi ilə törədə biləcəyi təxribatları gözardı etməməlidir...




DEMOKRAT.AZ

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.