Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputatdan sərt açıqlama: "Vətəndaşlardan sürücülük vəsiqəsi üçün 1000 manat tələb edilir"

Deputatdan sərt açıqlama: "Vətəndaşlardan sürücülük vəsiqəsi üçün 1000 manat tələb edilir"

Deputatdan sərt açıqlama: "Vətəndaşlardan sürücülük vəsiqəsi üçün 1000 manat tələb edilir"
2021-06-08 , 16:46

"Son zamanlar Azərbaycanda korrupsiya hallarına qarşı dövlət səviyyəsində mübarizə xeyli gücləndirilib. Cənab Prezident bütün çıxışlarında bu məsələyə xüsusi toxunur və bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxlayır".


Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.


M.Cəfərov qeyd edib ki, dövlət başçısı dəfələrlə korrupsiyada əli olan dövlət qulluqçularını tutduqları vəzifəsindən azad edib: "Düzdür, korrupsiya problemi az və ya çox dərəcədə dünyanın bütün ölkələrində mövcuddur. Burada cəmiyətin mənəvi-psixoloji durumu da önəmli rol oynayır. Gərək vətəndaşların özü bunda maraqlı olsun. Biz cəmiyyət olaraq bu sahədə maraqlı olmalıyıq. Bu mübarizə tək başına aparılarsa nəticə qısamüddətli və az faydalı olar, əgər bu mübarizədə bir araya gələriksə, yumruq kimi birləşəriksə bu bəladan uzunmüddətli qurtulmuş olarıq. Korrupsiyaya qarşı mübarizədə şəffaflığın davamlı olması üçün bir tək ölkə başçısının deyil, cəmiyyətin bütün fərdləri mübarizə aparmalıdır. Korrupsiyaya qarşı Mübarizə İdarəsində hər il xeyli sayda dövlət qulluğunda çalışan adamlara cinayət işi açılır. Milli Məclisdə Hesablama Palatası tərəfindən dövlət qurumlarında aparılan yoxlamaların nəticələri barədə məlumatlar verilir. Bunlar onu göstərir ki, dövlət korrupsiyaya qarşı ciddi mübarizə aparır. Ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalıdır. Bütün bunlara baxmayaraq yenə də bəzi idarə və təşkilatlarda rüşvətxorluq baş alıb gedir. Biz Gəncə deputatlarını, vətəndaşların çox saylı müraciətləri və həddən çox artan narazılıqları narahat edir, xüsusilə son zamanlar Gəncə şəhərində yerləşən 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində baş verən özbaşnalıq.

Şöbəyə yeni rəhbər təyin olunduğuna baxmayaraq təşkilatda özbaşınalıq, həddini aşma, heç bir qanuna tabe olmamaq halları pik həddə çatıb, sanki ölkə başçısı tərəfindən aparılan anti-korrupsiya tədbirlərinin bunlara aidiyyəti yoxdur. Qeyd edim ki, sürücülük vəsiqəsi üçün rüsumlar - 58 manat 40 qəpik məktəb qeydiyyatına, 20 manat 40 qəpik imtahana giriş və 25 manat 40 qəpik sürücülük vəsiqəsi üçün ümumilikdə 104 manat 20 qəpik olduğu təqdirdə vətəndaşlardan 1000 manat pul istənilir. Qeydiyyat nişanı üçün rüsumlar, 35 manat 40 qəpik, texniki baxış üçün rüsum 30 manat 40 qəpik ümumilikdə 65 manat 80 qəpik olduğu təqdirdə isə vətəndaşdan 350 manat pul tələb olunur. Mən təklif edirəm ki, bu qurumun bütün səlahiyyətləri "ASAN xidmət" mərkəzlərinə verilsin. Beləlikdə şəffaflığa nail olunsun. Mən həmkarlarımı, bütün təşkilatları və vətəndaşları dövlətimizi nüfuzdan salan korrupsiyaya və rüşvətxorluğa qarşı yumruq kimi birləşərək mübarizəyə çağırıram".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.