Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Saxta əlillik kağızı verənləri və alanları hansı cəzalar gözləyir?

Saxta əlillik kağızı verənləri və alanları hansı cəzalar gözləyir?

Saxta əlillik kağızı verənləri və alanları hansı cəzalar gözləyir?
2021-06-17 , 20:05

"Saxta əlilliklə bağlı statistika onu göstərir ki, saxta əlilliyi alanlarla bərabər, saxta əlilliyi verənlərlə bağlı da ciddi tədbirlər görülməlidir".

Bunu Sfera.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib. Vəkilin sözlərinə görə saxta əlillik dərəcəsi verən şəxslər cəzalandırılmır:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata əsasən son illərdə 17 mindən çox saxta əlillik aşkarlanaraq ləğv edilib. Bu, köhnə dövrdə əlilliklə bağlı sui-istifadənin olduğunu göstərir. Təəsüflər olsun ki, qanunvericilikdə müddəalar nəzərdə tutulsa da, təcrübədə saxta əlillik verən şəxslərin məsuliyyətə cəlb olunması məsələsi öz həllini tam olaraq tapmayıb. Belə ki, saxta əlillik verən şəxslərlə bağlı bir çox hallarda qanuni ölçü götürülmür. Saxta əlilliklər ləğv olunan zaman insanın haqqı tapdalanır və həqiqətən əlil olan şəxslər kənarda qalır. Bu kimi hallar da dövlət orqanlarına və onların əməkdaşlarına qarşı vətəndaşların inamını sarsıdır. Hesab edirəm ki, sosial müdafiəyə ehtiyacı olan insanların hüquqlarının müdafiəsi üçün onları bu vəziyyətə məhkum edənlər məsuliyyətə cəlb olunmalıdır".
Vəkilin sözlərinə görə, saxta sənəd verən şəxs üç min manatadək cərimə və azadlıqdan məhrumedilmə ilə cəzalandırıla bilər:
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri, iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 39. maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən-vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ekspert saxta əlillik dərcəsinin verilməsinin qarşısının alınması üçün müəyyən mexanizmin tətbiq oluna biləcəyini vurğulayıb:
"Hesab edirəm ki, saxta əlilliklərin verilməsinin qarşısınının alınması üçün bu sahədə müəyyən dövlət proqramları işlənib hazırlanmalı, qanunvericiliyə müvafiq dəyişikliklər olunmalı, qanunsuzluqlara qarşı dərhal və vaxtında reaksiya verilməli və bu aspektdə dövlət və ictimai nəzarət mexanizmi gücləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, nəzarətin güclənməsi həqiqətən əlilliyi olan insanlara mənfi təsir göstərməsin. Belə ki, bəzi hallarda əlillik təyin edən orqan saxta əlilliyi olan şəxslərlə yanaşı əlilliyi olan şəxslərin də əlilliyini əsassız olaraq ləğv edir. Bu kimi hallarda vətəndaşlar öz hüquqlarının müdafiəsi və əllillik dərəcəsinin bərpa olunması ilə bağlı məhkəməyə müraciət edə bilər. Həqiqi əlliliyi olanların mötəbər dəlilləri mövcud olarsa, məhkəmə həmin şəxslərin əlilliyinin bərpa edilməsi barədə qərar qəbul edə bilər".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.