"Əvvəllər gəzəyən qadınları barmaqla göstərirdilər, indi gəzməyənləri..." - AÇIQLAMA

Son zamanlar Azərbaycanda boşanmaların artması və səbəblərilə bağlı müzakirələrə çox rast gəlmək olur. 

Sosial məsələlər üzrə mütəxəssislər artan boşanmaların səbəbləri arasında yer alan əsas amillərdən birinin xəyanət olduğunu bildirirlər. Bəziləri isə son illər qadınların xəyanətinin artdığını iddia edir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Nahidə Orucova bu fikirlərlə razılaşmadığını, Azərbaycan qadınının xəyanətə meyilli olmadığını bildirib:
 
“Ən çox xəyanət kişilər tərəfindən edilir, qadınlar tərəfindən yox. Bu cür fikirlər səsləndirmək Azərbaycan qadınını aşağılamaqdır. Qadınları aşağılamaq olmaz! İlk növbədə kişilər tərəfindən xəyanət edilir. Heç vaxt Azərbaycan qadını bu cür hərəkət etmir. Kişilər etsə də, xanımlar özünü bütövlükdə ailəsinə, övladlarına həsr edir”.

Psixoloq Gülnar Orucova qadınla kişi xəyanəti arasında müəyyən fərqlər olduğunu deyib:

“Ötən gün xəyanət mövzusunda verdiyim müsahibəyə görə bəziləri məni qınadı, bəziləri isə haqlı gördü. Bəziləri şərh yazıb bildirdilər ki, kişilər də düşünüb xəyanət edir, fizioloji olmur. Xeyr. Məsələn, qadınlar da maşın sürür, kişilər də. Niyə ən çox qəzanı qadınlar edir? Çünki qadınlar bir şeyi çox götür-qoy edir, edim yoxsa etməyim deyə düşünür. Bəzən ölçünü götürməkdə, hesablamalarda problemlər çıxır və nəticədə qadınlar daha çox qəza edirlər. Bu xəyanətə də aiddir. Kişi hissləri ilə xəyanət edir, birini görür, hissləri yaranır və ehtirası ilə xəyanət edir, amma qadın xəyanət etmədən öncə çox düşünür, həyat yoldaşı ilə xəyanət edəcəyi şəxsi müqayisə edir, hansında nə üstün cəhət var düşünür və qadın maksimum mübarizə aparır. Mübarizələrdən, dəfələrlə qəlbi qırıldıqdan, incidiləndən  sonra qadın xəyanət edir. Qadınlar dayandığı yerdə heç vaxt xəyanət etmir. Bundan əlavə, bizim millət boşanan xanıma pis baxır, amma qadının xəyanət etməsindənsə, boşanıb öz istədiyi həyatı yaşaması yaxşıdır”.    

O, bu tip məssələlərdə sosial şəbəkələrin də təsirinin böyük olduğunu qeyd edib:

“Sosial şəbəkələrin də insan həyatında rolu var. Əvvəllər qəzet, radio və televiziya var idi, indi isə sosial şəbəkələr var, sosial şəbəkələrdə davamlı olaraq gözəl geyimli xanımlar, istirahətdə əylənən insanlar, gözəl həyatı olan insanlar təbliğ olunur, paylaşılır. Bunu görən qadınlar da o həyatı yaşamaq istəyir, istəyir ki, kimsə həmin həyatı ona yaşatsın. Nəticədə onun nəfsi qalib gəlir, bəzən ona layiq olmayan, çox yaşlı bir şəxslə münasibət qurur ki, ona gözəl həyat yaşatsın. Bəzən insan öz mənəviyyatını, ruhunu yaxşı yaşamaq üçün pula satır, bu qəbuledilməzdir. Bunu qadınlara məsləhət görməzdim, çünki ətrafındakı insanların nə dediyini önəmsəməyə bilərsən, lakin insanın özü ilə, vicdanı ilə baş-başa qadığı vaxtlar olur, onda özün-özünü sorğulayırsan. Bu gün xəyanət edən insanların sayı 50-ci illərlə müqayisədə 10 qat artıb. 50-ci illərdə barmaqla göstərərdilər ki, “filankəs gəzir”, indi isə əksinədir, “gəzməyənləri” barmaqla göstərirlər. Açıq danışaq, əvvəllər boşanan, sevgilisi olan, ona xəyanət edən təbəqə tanınmışlar - aparıcılar, müğənnilər idi, indi isə sıradan insanlardır. Artıq həyəcan təbili çalmaq lazımdır. Əvvəllər məşhur şəxslər plastik əməliyyatlar edirdilər, çünki onlar göz önündə idilər, gözəl görünməkləri məqbul idi. İndi isə plastik əməliyyat edənlərin çoxu öz bədənlərini satmaq üçün bunu edirlər. Gəlin belə baxaq, sən evlisən, həyat yoldaşın var, niyə özünü yarımcan edirsən? Bu gün pozğun qadınların sayı artıb. Ona görə ki, insanlar daha asan yollarla pul qazanmaq istəyirlər, əziyyət çəkmək istəmirlər. İnsanlar pozğunluğun adını dəyişdirmək üçün min bəhanə tapırlar, bunu qəbul etmək istəmirlər. Mən insanların geyiminə baxanda da bunu görürəm. Düzdür, geyim əxlaqın göstəricisi deyil, amma bəzən elə geyinirlər ki, qadınlar elə əxlaqsızın özü olurlar. Artıq Azərbaycanda əxlaq şəklini dəyişdirib”.

Psixoloq qeyd edib ki, qadınlar onun xəyanətlə bağlı fikirlərinin doğru olduğunu bilsələr də bunu qəbul edib dilə gətirmək istəmirlər:

“Mənim xəyanətlə bağlı fikirlərimdə oxunma sayı çoxdur, amma diqqətlə fikir versəniz görərsiniz ki, heç bir qadın həmin paylaşıma rəy yazmayıb, çünki qadınlar məni haqlı bilir. Onlar bilirlər ki, əgər həmin fikirlərə şərh yazsalar, onlara şər-qara yaxılacaq ki, sən də xəyanət edirsən. Rəylərdə nədənsə mənə şər yaxmağa çalışırlar, amma bu gün gəlin baxaq, əvvəlki illərlə müqayisə edək, görün nə qədər pozğunluq artıb, boşanmalar çoxalıb.

Vaxt var idi deyirdim ki, əgər həyat yoldaşınızı qadınla tutsanız şükür edin, artıq cəmiyyət mən dediyim yerə gəlib çatdı. Artıq qadınlar öz həyat yoldaşlarını kişi ilə tuturlar”.

Geri qayıt