“Allahu-Əkbər”in əsgərlərin Şuşanı almasında o qədər də böyük əhəmiyyəti olmayıb”

“Allahu-Əkbər”in əsgərlərin Şuşanı almasında o qədər də böyük əhəmiyyəti olmayıb” “Hacı Şahin Həsənli savadlı ilahiyyatçıdır, bəzən moizələrinə qulaq asıram. Hər halda məntiqli danışır. Əsgərlərimiz “Allahu-Əkbər” deyiblər və ermənilər qorxub qaçıblar. Bu, o qədər də həqiqətə uyğun deyil. Əsgərlərimiz bu ifadədən həmişə istifadə ediblər. Birinci Qarabağ savaşında da, Vətən Müharibəsində də döyüşə hazırlaşanda, irəli gedərkən “Allahu-Əkbər” deyib gediblər. Bunun müəyyən bir psixoloji təsiri ola bilər. Məsələn, Böyük Vətən Müharibəsində də “vətən uğrunda” kimi ifadələr işlədib döyüşə gedirdilər. Yəni belə şeylər olub”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyib.
 
O bildirib ki, “Allahu-Əkbər”in əsgərlərin Şuşanı almasında o qədər də böyük əhəmiyyəti olmayıb: “Bu, aydındır. Çünki əsgərlərimiz ora getməmişdən qabaq təlim keçiblər, döyüşə xüsusi hazırlaşıblar. Şuşanı almağa adi əsgərlər yox, xüsusi təyinatlılar gediblər. 40-60 kiloqram kürəyində yük daşıyan, qayalardan yuxarı çıxan adam üçün kəlmə o qədər də vacib rol oynamır. Yəqin, Hacı Şahin auditoriyaya uyğun hərəkət edib. Bilib ki, bunu desə, auditoriya ona inanacaq. Ona görə də ümid edib, bu sözü deyib. Hacı Şahin özü də bilir ki, bunu izah etmək mümkün deyil. Əsgərlər ancaq öz qabiliyyətlərinə, ürəklərinə, güclərinə Vətənə olan məhəbbətlərinə sığınaraq, güvənərək mübarizəyə girmişdilər və qalib gəldilər. “Allahu-Əkbər” ifadəsini yalnız müəyyən dərəcədə psixoloji amil kimi istifadə etmək olar. Amma bu psixoloji amil ani bir şeydir. Hücum edən ya qalib gəlir, ya uduzur. Bu, yerində istifadə olunmuş söz deyil. Əhəmiyyətini də bu qədər böyütmək lazım deyil”.

Geri qayıt