Deputat: “Toy edilməsi şəhidlərimizə hörmətsizlik kimi qəbul edilə bilməz”

Deputat: “Toy edilməsi şəhidlərimizə hörmətsizlik kimi qəbul edilə bilməz” Milli Məclisin deputatı Razi Nurullayev 10 Noyabr Zəfər Gününədək ölkəmizdə toylara qadağa qoyulması təklifinə münasibət bildirib.
 
R.Nurullayev Pravda.az-a açıqlamasında deyib ki, bu məsələyə birmənalı fikir bildirə bilmir. “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Toyların uzun müddətlik təxirə salınması nə dərəcədə anlaşılan olar, bunu deyə bilmirəm. Qanunvericilikdə belə bir məsələ yoxdur. Ayrı-ayrılıqda yerli səviyyədə, bəlkə də, belə qərarlar verilə bilər. Toy edilməsi şəhidlərimizə hörmətsizlik kimi qəbul edilə bilməz. Toy etməyək, daima yas edək, ağlayaq, qəmli gəzək, mahnıya qulaq asmayaq, bütün bunlarla nə şəhid ailələrinə kömək edə bilərik, nə qazilərimizi işlə təmin edə bilərik, nə də torpaqlarımızı qoruya, azad edə bilərik. Məsələ toyda deyil. Həmişə bu cür ən asan məsələlər müzakirə olunur. Gözlənti olmamalıdır ki, şəhid ailələrinin yanına yalnız icra başçısı, deputat, digər dövlət adamları getsin. Təbii ki, onların borcudur, getməlidirlər, gedirlər də. Mən şəxsən bütün şəhid ailələrini ziyarətə gedirəm, gedəcəyəm də. Bu, mənim içimdən gələn bir səsdir. Amma əlavə olaraq vətəndaşlar, qohum-qonşular, iş adamları – hər kəs şəhid ailələrinin evlərini ziyarət yerinə çevirməlidirlər. Onları qəm-kədərdən uzaqlaşdırmalı, sevindirməli, söhbət etməlidirlər ki, qəmləri dağılsın, qəlbləri şad olsun, özlərinə qapılıb xəstəliyə düçar olmasınlar. Biz isə daha asan məsələlərdən yapışırıq. Gəlin, o insanlara kömək edək”.
 
Deputat bildirib ki, toyların təxirə salınması ən azı 50-100 min, bəlkə, daha çox adamın işini itirməsi deməkdir: “Bəlkə, toy məclisi olan yerdə də neçə qazimiz, müharibə veteranı işləyir. Toyda nə qədər xidmətçilər çalışır, ərzaqlar paylanır, maşınlar işləyir, bərbərxanası, gözəllik salonları, meyvə-tərəvəzi, dekorasiyası, musiqisi, videosu, fotoqrafı və s., bütün bunların hamısı iş yeri deməkdir. İndi biz toyları saxlayaq, birdən-birə bu qədər iş yerini də bağlayaq... Onda 100 mindən çox insan gəlib dövlətdən iş istəyəcək. Onları da ağır vəziyyətə qoymalı olacağıq. Bu cür təkliflərin ölkəmiz, cəmiyyətimiz, insanlarımız, şəhid ailələri üçün nə dərəcədə xeyirli olub-olmadığını mizan tərəzisinə qoymağa məhkumuq”

Geri qayıt