Dayanma, durma qaydaları ilə bağlı cərimələrdə yenilik

Dayanma, durma qaydaları ilə bağlı cərimələrdə yenilik “Milli Məclisdən gələn məlumata əsasən, dayanma və durma qaydalarının pozulması ilə bağlı sürücülər barəsində elektron qərarların tətbiqi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Əgər bu dəyişiklik parlamentdə qəbul olunarsa, dayanma və durma qaydaları pozulduqda da kamera vasitəsilə foto və ya video çəkiliş edilməklə sürücü barəsində elektron qərar (sürət həddini aşma, qırmızı işıqdan keçmə və s. halında olduğu kimi) tərtib ediləcək”.

Yenilik.az
xəbər verir ki, bu açıqlama ilə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov çıxış edib. 

O, qeyd edib ki, belə bir dəyişiklik layihəsi təxminən bir il əvvəl MM-in plenar iclasında müzakirəyə çıxarıldı, hətta birinci oxunuşdan da keçdi:

“Amma daha sonra bu layihədən heç bir soraq gəlmədi. Özü də həmin layihə zərf halında idi: həm dayanma və durma ilə bağlı bəzi məsələlərin dəqiqləşdirilməsi üçün “Yol hərəkəti haqqında” Qanuna, həm də inzibati məsuliyyətə cəlb etmə ilə bağlı İXM-ə dəyişiklik layihəsi var idi. 

Haqqında danışılan həmin layihədir, yoxsa yox, bu barədə heç nə deyilmir. Layihə mətni əlimizdə olmadığından dəqiq nəsə demək çətindir.

Yəqin ki, bu layihə İXM-də nəzərdə tutulmasa da, son bir neçə ildə kameralar vasitəsilə dayanma və durma qaydalarını pozmaya görə cərimə yazılmasını qanuniləşdirməyə yönəlib. 

Lakin bəzi başqa məqamlara aydınlıq gətirilmədən dayanma və durma qaydalarını pozmanın bütün hallarına görə elektron qərarla cərimə tətbiqi ciddi mübahisələr doğuracaq. Məsələ burasındadır ki, Bakıda və ölkəmizin digər yaşayış məntəqələrində dayanma və durmanın qadağan edilməsi məsələsində çoxlu anlaşılmazlıqlar var. 

Minlərlə yol sahəsi var ki, orada belə bir qadağanın olduğu qeyri-müəyyəndir, hətta ən peşəkar və diqqətli sürücü də bu səbəbdən səhv edə bilər. Söhbət xüsusən 3.27 və 3.28 nişanlarının qoyulması və onların qüvvədə olma sahəsi ilə bağlıdır. 

Ona görə də hesab edirəm ki, dayanma və durma qaydalarını pozmanın bütün hallarına görə elektron qərarla cərimə tətbiqi hələ çox tezdir və çoxlu mübahisələr yaradacaq. İndiki mərhələdə dayanma və durma qaydalarını pozmanın ən aşkar və heç bir mübahisə doğurmayan hallarına – ikinci və sonrakı cərgələrdə dayanmaya, səkilərdə, piyada keçidlərində, yolayrıcında kəsişmə yerində dayanmaya görə tətbiq edilsə, daha doğru olar”.
Geri qayıt