Naxçıvanın təhsil sistemi haqda sensasion iddialar: Təhsil xalqın yox, “Xan”ın gələcəyi imiş...

Naxçıvanın təhsil sistemi haqda sensasion iddialar: Təhsil xalqın yox, “Xan”ın gələcəyi imiş... Naxçıvan xəbərləri gündəmdən düşmür. Belə getsə, hələ uzun zaman da düşməyəcək. Çünki gün keçdikcə, Naxçıvandan DTX yoxlamaları ilə bağlı xoş müjdəli xəbərlər gəldikcə, insanların üzərindən qorxu pərdəsi götürüldükcə, insanlar da danışmağa başlayır. Və illərdir paytaxtdan həm məsafəcə, həm də nəzarət baxımından uzaqda qalan Muxtar Respublikada nələrin baş verdiyindən heç bir məlumatımız olmadığından, adam istər –istəməz “bunu da mı edirmişlər?” deyə düşünür.
“Yeni Sabah” bildirir ki, bu dəfəki informasiyalar Naxçıvan Muxtar Respublikasının təhsil sistemindəki korrupsiyanın, yeyintinin ağla gəlməyən yolları haqdadır. Naxçıvanda təhsilə nəzarət  müvafiq nazirlil  tərəfindən aparılır. Bizimlə danışan mənbə, bu sahədə də illərdir Vasif Talıbova ən yaxın adamların oturdulduğu, digər sahələrdəki kimi, təhsil nazirinin də birbaşa “Xan”ın öz adamı olduğunu bildirir. Bura qədəri sirr deyil, bunun belə olduğunu hər kəs bilir. Əsas məsələ ilə, Naxçıvan təhsil sistemində yığılan pullar, korrupsiya və rüşvətxorluğun özünəməxsus yollarıdır. 
Mənbəmiz bu qanunsuzluqları təsnifatlaşdırır. Deyir ki, məktəb və baxçalar daxil olan müəssisələri ayrı, Naxçıvan Dövlət Universiteti başda olmaqla buradakı universitet və institutları isə ayrıca qruplaşdırmaq lazımdır. Məktəblərdən gələn pulun əsas hissəsi məktəblərdə, ələlxüsus da kənd məktəblərindəki dərnək, maraq üzrə kurs, fakültətiv məşğələ kimi “deyilməyən dərslər”in hesabınadır. Bütün bu dərslər məktəblərdəki əsasən yuxarı dərəcə ilə dərs deyən müəllimlərin adına rəsmiləşdirilir. 
Digər tərəfdən məktəblərdəki vəzifələrdən, dərs bölgülərindəki və analıq məzuniyyətinə çıxan müəllimlərin əvəzləşməsi ilə deyilən dərslərdəki maxinasiyalardan toplanan pullar var. Ay sonunda bu pullar alınaraq direktorlar tərəfindən toplanılır, direktorlar yuxarıdan gizlədə bildikləri qədəri pulun üstündən götürərək, qalanını rayon təhsil şöbələrinin müdirlərinə çatdırır. Şöbə müdirləri də öz növbəsində bu pulları təhsil nazirinə verir ki, toplanan pul “Xan”ın kassasına ötürülsün. Uşaq baxçalarında də eyni üsulla yığılan pullar, zaman-zaman müəllimlərin uyğun təhsillərinin olmadığı əsas gətirilərək əmək haqlarından kəsilməklə əldə olunan məbləğlər əlavə edilərək toplanır. Eyni qayda ilə yuxarıya ötürülür. 
Mənbə Muxtar Respublikanın hər kəndində ən azı bir məktəb olduğunu nəzərə alsaq, söhbətin milyonlardan getdiyini anlayacağımız qeyd edir və ikinci məsələyə, universitetlərdəki korrupsiyaya keçid edir. Naxçıvanın bütün universitet və inistitutlarında pul hakimdir. Rüşvətlə istənilən işini həll edə bilərsən. Və bu rüşvətlərin hamısı heç də rüşvəti alan adamlara çatmır, hər iş üçün ən yuxarıya çatan haqq var, artıq nə ala bildinsə sənindir. 
Lakin məsələ bu deyil.  Ən böyük yeyintilər Naxçıvan Dövlət Universitetinə “qabiliyyət imtahanı” tələb edən ixtisaslara qəbuldan və “ikinci təhsil”dən gəlir. “Qabiliyyət imtahanı” elə məhz Naxçıvanda yerli müəllimlər tərəfindən götürülür. Burada çox vaxt test imtahanının nəticəsinə belə baxılmır. Kimin nə qədər pula “qabiliyyəti çatır”, əsas sual budur. 
Bu ixtisaslara qəbulun 90 faizdən yuxarısı rüşvətlə həll olunur və bu rüşvətlər toplanaraq yuxarıya ötürülür. Hələ bunlar yaxşıdır ki, qəbul olanlar sonradan universitetə gəlib gedir, dərslərdə görünür. Hərçənd ki, bu gəlib getmə hər semestr sonu imtahanlardan yığılan xeyli pul deməkdir, amma yenə də bu adamların universitetin qapısından girməsi şükürlüdür. İkinci təhsil adı ilə, ixtisasından asılı olaraq 15-20 min manat arası pul verərək qəbul edilən tələbələr isə, ümumiyyətlə universitet üzü görmür. İki-üç illik müvafiq ödəmələr sonunda ölkənin dörd bir yanında öz işi gücü ilə məşğul olan adamlar hüquqdan tutmuş, iqtisadiyyata qədər bütün ixtisaslar üzrə diplomlarla təmin edilir. 
“Yeni Sabah”a danışan şəxs deyir ki, bunu yoxlamaq çox asandır. Digər bölgələrdən fərqli olaraq, Naxçıvana giriş çıxış ya təyyarə ya da avtobusladır. Bu gün yoxlama başlasın ki, son iki üç ildə Naxçıvan Dövlət Universitetində ikinci təhsil alan tələbələr semestr zamanı Naxçıvanda olublar, yoxsa yox? Əgər olublarsa, ya bilet təqdim etməli və ya ən azından sistemdə adlarına Naxçıvana gəlib qayıtmaqla bağlı bilet olmalıdır. Bir tələbə üçün belə bu bilet tapıla bilməz. Çünki “ikinci təhsil” deyilən şeyin düzgün adı “diplom satmaqdır”. “Diplom satılması Naxçıvanda hər zaman olub”- mənbə belə deyir və əlavə edir ki, “ diplom satılmasının ən pik dövrü bu günlərdə Elmlər Akademiyasına rəhbər gətirilən İsa Həbibbəylinin rektor olduğu zamanlarda olub. İsa müəllim adı gömrük qalmaqalında hallanan, o vaxtlar gömrükdə aşağı vəzifədə olan oğlu Səhhətin  bütün iş yoldşlarına diplom sataraq, gömrük işçilərini ali savadlı məmur elədi.”  
Deyilənlərdən dəqiq hesablama aparmaq mümkün olmasa da, hər il neçə milyon puldan söhbət getdiyi ortadadır. Bu hələ rüşvət mexanizminin əldə etdikləridir. Üstəgəl büdcədən təhsilə ayrılan pulların xərclərin şişirdilərək mənimsənilməsi də Talıbovların var dövlətinin üstünə əlavə olunur...

Geri qayıt