Dövlət Ekoloji Ekspertiza Agentliyi ictimai dinləmə keçirib

Dövlət Ekoloji Ekspertiza Agentliyi ictimai dinləmə keçirib Dövlət Ekoloji Ekspertiza Agentliyinə sosial-infrastruktur və abadlıq işləri ilə bağlı daxil olan tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi üçün 8 dekabr 2022-ci il tarixində növbəti ictimai dinləmə keçirilib.
Bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İnformasiya təminatı şöbəsi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə Sumqayıtda və Abşeron rayonunda layihələrinə baxılan “Xəzri A” MTK, “Ayta LTD”, “Lider FF” MMC və “Absheron city 2014” MMC şirkətlərinin rəhbərləri, dövlət qurumları, bələdiyyə, kütləvi informasiya vasitələrinin nümayəndələri, habelə millət vəkillərinin köməkçiləri, ictimai fəallar, sakinlər və digər maraqlı tərəflər iştirak edib. 
İctimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri, xüsusilə mövcud yaşıllıqların landşaft elementi kimi qorunması müzakirə olunub, eyni zamanda əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetirilib.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəsmiləri tərəfindən bildirilib ki, layihələrə rəy verilən zaman ekoloji normalara riayət olunması, ətraf mühitin mühafizəsi, mövcud yaşıllıqların qorunması və daha da artırılması əsas götürülür. 
Tədbirdə tikinti və infrastruktur layihələrinin icrası zamanı təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin və yaşıllıq balansının qorunub saxlanılmasının xüsusi əhəmiyyəti qeyd olunmaqla yanaşı, həyata keçirilən maarifləndirici layihələrlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür edilib. Eyni zamanda bənzər layihələrdə tətbiq olunan təcrübə barədə fikir mübadiləsi aparılıb və qarşıya çıxan problemlərdən danışılıb.
Qarşılıqlı dialoq şəklində keçən ictimai dinləmə sakinlər, millət vəkillərinin köməkçiləri, həmçinin sahibkarlar tərəfindən yüksək qiymətləndirilib və belə tədbirlərə gələcəkdə də böyük ehtiyacın olduğu vurğulanıb.  
Geri qayıt