"Mediasiya təşkilatları və mediatorlar ictimaiyyət tərəfindən qiymətləndiriləcək"

Mediasiya təşkilatları və mediatorlar ictimaiyyət tərəfindən qiymətləndiriləcək.
 
Bu barədə fikirlərini Yenilik.az-a Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib.
 
O, qeyd edib ki, mediator fəaliyyəti ictimai əhəmiyyət daşıyan bir fəaliyyət növü kimi müstəqil peşələr sırasına  yeni qədəm qoyur.
 
“Artıq çox sevindirici haldır ki, mediator peşəsi ictimaiyyət arasında çox böyük rəğbətlə qarşılanır və sevilir. Eyni zamanda bunu da qeyd etməliyəm ki, mediasiya təşkilatlarımızın marketinq siyasətində canlanma var. Vətəndaş məmnunluğunun təmin edilməsində heç bir bürokratik əngəl olmadan keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi hər bir mediasiya təşkilatının və mediatorun borcudur.” – deyə N. Adilov əlavə edib. 

Onun qeyd etdiyinə görə mediasiyanın məxfiliyi məsələləri qanunla qorunur. Hətta mediasiyanın məxfiliyinin pozulması ilə bağlı məsuliyyət də müəyyən edilib. “Biz mediasiya proseslərinin məxfiliyinin qorunması ilə açıq, şəffaf və fəaliyyətimizin qiymətləndirilməsinə ictimai fikri də cəlb etmək istəyirik. Məhz bu səbəbdən ötən ilki ənənəmizə sadiq qalaraq, bu ilki qaydalarımızı daha da təkminləşdirməklə, istər Mediasiya Şurasının, istər mediasiya təşkilatlarının, istərsə də mediatorların fəaliyyətinin ictimaiyyət tərəfindən qiymətləndirilməsi məqsədi ilə hər ay hesabatlarımız bütün KİV-ə, ictimaiyyətə təqdim edəcəyik. Biz ötən illərdə də fəaliyyətimiz barədə həmişə açıq olmuşuq. Amma sual oluna bilər ki, indiki yenilik nədən ibarətdir? Bu il baş verən yeniliklərdə mediasiya təşkilatlarında baxılan işlərin, barışıqların sayı ilə yanaşı, həmin təşkilatlarda fəaliyyət göstərən mediatorların ad, soyadları, onların baxdıqları işlərin sayı və barışıq sazişlərinin sayı da dəqiq göstərilməklə, bütün ictimaiyyətə elan ediləcəkdir. 

Burada əsas məqsəd keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində ictimai nəzarəti üzərimizdə təmin etməkdir. Bu məntiqə gəlməyimizdə əsas mənbə isə cənab Prezident İlham Əliyevin davamlı olaraq ictimai nəzarətin vacibliyinin vurğulaması olmuşdur. Ona görə də hesab edirik ki, cənab Prezident ictimai nəzarətə və ictimai fikrə böyük dəyər verirsə, bizim istər vəzifə, istərsə də mənəvi borcumuzdur ki, cənab Prezident İlham Əliyevin ideoloji xəttinə sadiq qalaq.
Bizim hər ay ictimaiyyətə təqdim edəcəyimiz hesabatda, hansı mediasiya təşkilatına neçə sayda işin daxil olması və həmin mediasiya təşkilatları ilə müqavilə imzalayaraq, mediasiya prosesləri aparan mediatorların icraatında neçə işin olması və bu işlərdən neçəsinin barışıqla nəticələndiyinə dair dəqiq statistikanı açıq - aydın görmək olacaq. 
 
Beləliklə, biz öz üzərimizdə ictimai nəzarəti təmin etməklə, cəmiyyət üçün göstərdiyimiz xidmətlərin cəmiyyət tərəfindən qiymətləndirilməsində birbaşa iştirak edən bir təşkilata çevriləcəyik. Həm də nəzərə almaq lazımdır ki, biz cəmiyyətin ən problemli hesab edilən mübahisələri ilə məşğuluq və “Bir barışığa da sən dəstək ol” şüarı ilə yola davam edirik” - deyə Nadir Adilov qeyd edib.



Geri qayıt