Dövlət başçısı Suqovuşanda turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olub

Bildirilib ki, Birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmirinə başlanılıb. Hazırda su anbarının divarlarına beton örtüyün vurulması, oradakı bütün avadanlıqların əsaslı təmiri həyata keçirilir, magistral kanalda zəruri işlər görülür. Eyni zamanda, Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına başlanılıb. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, avtodayanacaq tikilir.
Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda “Xaçınçay”, “Köndələnçay-1”, “Köndələnçay-2”, “Köndələnçay-3” su anbarlarında paralel olaraq aparılan bərpa, əsaslı təmir və yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.