Nadir Adilov: Tam mediasiya xidmətlərinin məbləğləri vətəndaş məmnunluğu çərçivəsində və sosial tələbə uyğun vahidləşdiriləcək

Nadir Adilov: Tam mediasiya xidmətlərinin məbləğləri vətəndaş məmnunluğu çərçivəsində və sosial tələbə uyğun vahidləşdiriləcək Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, mediator peşəsi və mediasiya prosesləri bir xidmət sahəsi kimi günü - gündən inkişaf edir. Eyni zamanda ilkin mediasiya xidmətlərinin göstərilməsi zamanı ödəniş məbləğləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilir. Amma mediasiya təşkilatları və mediatorların fəaliyyət göstərdiyi son bir il müddətində artıq bizim kifayət qədər ciddi nəticələrimiz var, insanlar mediasiya xidmətlərinin üstünlüklərindən yararlanırlar. Bildiyiniz kimi, Qanunvericilikdə tam mediasiya sessiyaları zamanı əldə edilən Barışıq saazişləri üzrə xidmət haqqlarının müəyyən edilməsində məsələləri həm mediatorlara, həm də mediasiya təşkilatlarına sərbəstlik tanınıb. Eyni zamanda “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu mediasiya xidmətlərinin göstərilməsi sahəsində marketinq xidmətlərini aparmağı da mediator və mediasiya təşkilatı üçün zəruri edib. Belə olan halda hər birimiz bilirik ki, marketinq siyasətinin əsasını təşkil edən məsələlərdən biri keyfiyyətli xidmət, uyğun qiymətdir. Bizim mediatorlar və mediasiya təşkilatları son bir ildə imzaladıqları Barışıq saazişləri üzrə apardıqları mediasiya xidmətlərinə görə artıq müəyyən bir xidmət haqqı formalaşdıra biliblər. Artıq bu sahədə kifayət qədər ciddi təcrübə formalaşıb. Ona görə də biz aydın və açıq formada düşünürük ki, qiymət siyasəti marketinqə birbaşa təsir edən amil olduğu üçün vətəndaş çox haqlı olaraq düşünür ki, tam mediasiya xidmətlərində Barışıq saazişlərinin əldə edilməsində nə qədər xərcim çıxacaq və əvəzində hansı keyfiyyətli xidməti alacam? Çox haqlı sualdır.
Bu səbəbdən 2023-cü ilin aprel ayının sonlarınadək Mediasiya Şurası, mediasiya təşkilatları və mediatorlara tam mediasiya xidmətlərinin göstərilməsi, imzalanan Barışıq saazişlərinin qiymətləri üzrə tövsiyyə sənədi hazırlamaq istəyirik. Əlbəttə ki, indi də mediatorlar və mediasiya təşkilatları göstərdikləri xidmətlər üçün Barışıq saazişləri və tam mediasiya prosesləri üzrə xidmət haqqlarını alırlar. Lakin vahid təcrübənin formalaşmasını nəzərə alaraq biz istəyirik ki, tam mediasiya sessiyalarının qiymətləri də cəmiyyət üçün açıq, şəffaf olsun. Hər kəs alacağı xidmətin haqqını öncədən müəyyən edə bilsin. Vətəndaş bilməlidir ki, hansı xidmətə görə nə qədər ödəniş etməlidir. Eyni zamanda nədir bu göstərdiyimiz xidmətin adı və bu xidmət vətəndaşa neçəyə başa gəlir?
Tənzimləmək istədiyimiz xidmət haqqları siyahısına ailə mübahisələri üzrə aliment tələbi, alimentin artırılması(azaldılması), uşaqla ünsiyyət - görüş, uşağın ölkə xaricinə çıxarılması, cehiz, qızıl-zinət əşyalarının qaytarılması, əmlak bölgüsü, uşağın ananın (atanın) himayəsinə verilməsi və s. kimi bir çox məsələlər daxil olacaq. Bir daha qeyd edirəm vətəndaş bilməlidir ki, mediasiya təşkilatı və yaxud da mediator onun bu problemini həll edirsə, bu problem üzrə göstərilən xidmətin məbləği nə qədərdir.
Eyni zamanda əmək münasibətləri üzrə məsələlərdə isə əmrin ləğvi, əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməməsi, əmək müqaviləsinə xitam verilməsi, müavinət tələbi, əmək haqqı tələbi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın ödənilməsi, attestasiyası komissiyasının qərarının qanunauyğunsuzluğu və ya əsassızlılığı, müsabiqə komissiyasının qərarının qanunauyğunsuzluğu, əmək haqqından qanunsuz tutulmaların qaytarılması, məzuniyyət hüququnun pozulması, işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi, işdən çıxış əmrində səbəbin dəyişdirilməsi tələbi,işə bərpa və.s kimi  əmək mübahisələrində də müraciət edən tərəflər aldıqları, alacaqları xidmətlərin qiymətlərini öncədən bilməlidirlər. Digər sahələrdə olduğu kimi bu sahədə olan qiymət siyasəti də qaranlıq, anlaşılmayan ola bilməz. Bu sahədə də əmək mübahisəsi olan tərəflərdə tam və aydın təsəvvürlər olmalıdır.
Kommersiya mübahisələri üzrə də göstərilən Barışıq saazişləri üzrə qiymət siyasətini  müəyyən edəcəyik. Bura dəymiş ziyanın ödənilməsi, yaranmış borcun ödənilməsi, əsassız borcun silinməsi, borcun qaytarılması, kredit borcunun ödənilməsi, icarə haqqının ödənilməsi , aktın ləğvi , divident tələbi, qiymətləndirilməyən mübahisələr və s. yüzlərlə mübahisə predmeti daxildir. Kommersiya subyektləri də onlara göstərilən xidmətlərin keyfiyyətini həm qiymət siyasəti, həm də xidmətin səviyyəsinə uyğun ölçməlidirlər. Ona görə də düşünürük ki, xidmət göstərdiyimiz sahələr üzrə xidmət haqqları sosial siyasətə uyğun olmalı, vətəndaşı məmnun etməli və vətəndaş belə demək mümkünsə, daha az xərclə daha keyfiyyətli xidməti ala bilməlidir.

Geri qayıt