MİLLİ MEDİASİYA QANUNVERİCİLİYİNDƏ VƏ TƏCRÜBƏSİNDƏ İNFORMASİYA HÜQUQLARI: İLKİN ELMI YANAŞMA ÜZRƏ BƏZİ QEYDLƏR

MİLLİ MEDİASİYA QANUNVERİCİLİYİNDƏ VƏ TƏCRÜBƏSİNDƏ İNFORMASİYA HÜQUQLARI: İLKİN ELMI YANAŞMA ÜZRƏ BƏZİ QEYDLƏR Xülasə: Son illər Respublikamızda aparılmış məhkəmə-hüquq sistemi islahatlarının xüsusi mərhələsini müasir mediasiya mexanizmi üzrə xüsusi milli qanunvericiliyin yaradılması və milli mediasiya təcrübəsinin formalaşdırılması təşkil edir. Mediasiya mübahisə tərəfləri arasında yaranmış fikir ayrılıqlarının, ziddiyyətlərin, mübahisələrin məhkəmədən kənar qaydada, alternativ həlli üsullarından biridir. Geniş şəkildə KİV və hüquq praktikası təmsilçiləri tərəfindən mediasiyaya “mediasiya institutu” adı verilmişdir, lakin milli mediasiya mexanizminin hansı sahəyə daxil olan institut olması hələ də dəqiqləşdirilməlidir və aydın şəkildə təyin edilməlidir. Ənənəvi hüquq sahələri olan mülki hüquq, cinayət hüququ və inzibati hüquq sahələri baxımından yanaşsaq, bütövlükdə mediasiya sferasını və mediasiya prosesini mülki hüquq aspektləri baxımından təhlil edə bilərik. Lakin mediasiyanın bir çox digər hüquq sahələrinə, bir sıra digər sosial-humanitar elm sahələrinə əlaqəsi vardır və bu əlaqələrin hər biri ayrı-ayrılıqda tədqiqat obyekti olmalıdır. Mediasiya üzrə müasir hüquq normalarını özündə ehtiva edən milli qanunvericilik nisbətən yeni olduğuna görə, bu istiqamətdə milli hüquq ədəbiyyatı çox da zəngin deyildir. Bu səbəbdən heç də təsadüfi deyildir ki, mediasiya sferasında ayrı-ayrı insan hüquqlarının düzgün tətbiqi və əlaqədar hüquq normalarının təhlili ilə də bağlı müstəqil tədqiqat nəticələrinə rast gəlmək çətindir. Halbuki, mediasiya əksər insan hüquqları və azadlıqları üçün yeni yanaşmalar təqdim edir və mediasiyanın əsas iştirakçısı olan mübahisə tərəflərinin kompleks şəkildə istifadə etdiyi hüquqlar və azadlıqlar sistemi mövcuddur. Belə hüquqlar içərisində informasiya hüquqları və azadlıqları qrupuna ayrılıqda diqqət yetirmək mümkündür. 
Açar sözlər: mediasiya, insan hüquqları, informasiya hüququ, informasiya azadlığı, mülki hüquq, informasiya xarakterli özünü təyin etmək hüququ, konfidensiallıq prinsipi, özəl və ailə həyatına hörmət hüququ. 
MƏMMƏDRZALI Şahin Sabir oğlu
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi 
və Bakı 1 saylı Mediasiya Təşkilatının Aparat rəhbəri
[email protected]

MAMMADRZALI Shahin Sabir
Lecturer of the Law Faculty of Baku State University and
the Head of Office of Baku Mediation Organization No. 1
[email protected]

INFORMATION RIGHTS IN NATIONAL MEDIATION LEGISLATION AND
PRACTICE: SOME NOTES ON PRELIMINARY SCIENTIFIC APPROACH

Abstract: The creation of special national legislation on modern mediation mechanism and the formation of national mediation practice constitute a special stage of the judicial-legal system reforms carried out in our Republic in recent years. Mediation is one of the methods of alternatively resolving the differences of opinion, contradictions and disputes between the parties to the dispute in an out of court-manner. In Azerbaijan media and representatives of legal practice have widely given the name "mediation institution" to mediation, however, within which field the national mediation mechanism is still to be specified and clearly defined. If we look from the view of civil law, criminal law and administrative law as the traditional law fields, we can analyze the sphere of mediation as a whole and the process of mediation in terms of civil law aspects. However, mediation is related to many other areas of law and a number of other areas of social and humanitarian sciences and each of these relations should be the object of research individually. As the national legislation containing modern legal norms on mediation is relatively new, the national legal literature in this direction is not very plentiful. Therefore, it is no coincidence that it is difficult to find independent research results related to the correct application of individual human rights and the analysis of related legal norms in the sphere of mediation. However, mediation introduces new approaches to most human rights and freedoms and there is a complex system of rights and freedoms enjoyed by the disputing parties who are the main participants in mediation. Among such rights, it is possible to pay particular attention to the group of information rights and freedoms.
Key words: mediation, human rights, information law, freedom of information, civil law, right to informational self-determination, principle of confidentiality, right to respect for private and family life.

МАММАДРЗАЛИ Шахин Сабир
Преподаватель юридического факультета 
Бакинского Государственного Университета и
Глава Офиса Бакинской Медиационной Организации №1
                                                             [email protected]

Аннотация: Создание специального национального законодательства о современном механизме медиации и формирование отечественной практики медиации составляют особый этап проводимых в нашей республике в последние годы реформ судебно-правовой системы. Медиация является одним из способов альтернативного разрешения разногласий, противоречий и споров между сторонами спора во внесудебном порядке. В Азербайджане СМИ и представители юридической практики широко дали медиации название «институт медиации», однако в рамках какой сферы существует национальный механизм медиации еще предстоит конкретизировать и четко определить. Если посмотреть с точки зрения гражданского права, уголовного права и административного права как традиционных отраслей права, то можно проанализировать сферу медиации в целом и процесс медиации с точки зрения гражданско-правовых аспектов. Однако медиация связана со многими другими отраслями права и рядом других областей социальных и гуманитарных наук, и каждое из этих связей должно быть предметом исследования в отдельности. Поскольку национальное законодательство, содержащее современные правовые нормы о медиации, является относительно новым, отечественная юридическая литература в этом направлении не очень богата. Поэтому не случайно что трудно найти результаты независимых исследований, связанных с правильным применением отдельных прав человека и анализом соответствующих правовых норм в сфере медиации. Однако медиация вводит новые подходы к большинству прав и свобод человека, и существует сложная система прав и свобод, которой пользуются стороны спора, являющиеся основными участниками медиации. Среди таких прав особое внимание можно уделить группе информационных прав и свобод.
Ключевые слова: медиация, права человека, информационное право, свобода информации, гражданское право, право на информационное самоопределение, принцип конфиденциальности, право на уважение частной и семейной жизни.

Giriş. Şübhəsizdir ki, həm beynəlxalq, həm də milli hüquq sistemlərində mübahisənin məhkəmədənkənar, alternativ həlli üsullarının keyfiyyətli nəticələri ənənəvi ictimai hüquq düşüncəsində bərqərar olmuş ədalət mühakiməsi, hüquq müdafiə üsulları, haqq-ədalət, sosial ədalət məfhumlarına yeni bir baxışın yaranmasına yol açmışdır. Mübahisələrin alternativ həlli yollarının təşkilati-hüquqi mexanizmləri və formaları fərqli olsa da, onların vahid mahiyyəti tərəflər arasında meydana gəlmiş anlaşılmazlığın, ziddiyyətin və ya daha kəskin formada özünü büruzə verən mübahisənin mübahisə tərəflərinin hər birinə uyğun şəkildə, hər bir tərəfin maraqları nəzərə alınmaqla və uzlaşdırılmaqla, həddən artıq uzun vaxt və xərclərin israfına yol vermədən həllinə söykənir. Təbii ki, mübahisələrin alternativ həlli üsulları heç də ədalət mühakiməsi qurumlarının ictimai-hüquqi nüfuzunu sarsıtmaq, ədalət mühakiməsi orqanlarına olan ictimai inamı və etibarı zədələmək məqsədi güdmür. Lakin bugünün reallığıdır ki, ictimai münasibətlər həddən artıq mürəkkəbləşmişdir, ənənəvi hüquqi mübahisə anlayışından kənara çıxan xeyli yeni ziddiyyət formaları meydana gəlməkdədir, bir sıra ictimai münasibətlər rəqəmsal internet mühitində başlamaqda və bitməkdədir, ənənəvi mülki hüquq, cinayət hüququ, inzibati hüquq sahələri arasında vaxtilə mövcud olmuş kəskin fərqlər yumşalmağa başlamışdır və bu tendensiyalar nəticəsində hüququn ədaləti qorumaq, pozulmuş hüquqları bərpa etmək, ictimai qaydanı mühafizə etmək kimi vəzifələri artıq yeni mənalarda təhlil edilməlidir. 
Etiraf etməliyik ki, artıq aralarında hüquqi ziddiyyət (və ya mübahisə) meydana gəlmiş tərəflərin birbaşa şəkildə ədalət mühakiməsi funskiyasını həyata keçirən məhkəmələrə müraciət etməsi istəyi dəyişikliyə uğramışdır və mübahisə ilə bağlı ədalətin bərqərar olmasına daha müasir baxışlar formalaşmışdır. Belə ki, ədalət mühakiməsinin pozulmaz tələbləri və prinsipləri əsasında işini kifayət qədər ciddiyyətlə və diqqətlə quran milli və beynəlxalq məhkəmə qurumlarında mübahisə tərəflərinin çəkişməsi, hüquqi müdafiənin təşkili, sübutların təqdim edilməsi və qiymətləndirilməsi, lazımi hallarda ekspertizaların aparılması, məhkəmə qərarlarının mübahisələndirilməsi, müxtəlif vəkil-müdafiə metodikalarından qanunla qadağan edilməyən formalarda istifadə, müvafiq sənədlərin hazırlanması və s. xeyli maddi, mənəvi resursların xərclənməsinə səbəb olur. Bu isə bir çox hallarda mübahisə tərəflərini qane etmir, bəzən hətta məhkəmə çəkişməsində qələbə qazanan tərəf belə özünün və hüquqlarını müdafiən edən şəxsin fəaliyyətindən tam razı qalmır, uzun müddət ərzində xərclədiyi maddi, mənəvi resurların nəhəng yükünü hiss edir. Daha sadə dillə fikrimizi ifadə etsək, “müharibə edən”, “vuruşan”, “bir-birinə diş qıcayan” mübahisə tərəflərinin hər biri son nəticədə sözün müxtəlif mənalarında “ziyan çəkir” və ya “ziyan görür”, maddi və mənəvi resursların israfında özünü və ya qarşı tərəfi günahlandırır. Hesab edirik ki, məhz bu zaman beynəlxalq hüquqda geniş şəkildə istifadə edilən “Bütün müharibələr eyni qaydada – danışıqlar masasında bitir” ifadəsi bir daha öz təsdiqini tapmış olur, real həyatda mübahisə edən tərəflər mübahisə və ziddiyyətlərin məhkəmədənkənar, alternativ həlli mexanizmlərinə ehtiyac olduğunu dərk edir, mübahisələrin alternativ həlli üsullarından biri kimi mediasiya mexanizminin bərqərar olması üçün ictimai ehtiyac və çağırış yaranır, hüquqi müstəvidə isə bu cür mexanizmlərin olmaması müəyyən insan hüquqları və azadlıqlarının sistemli pozulmasına gətirib çıxarır. 
Tarixə baxdıqda, mübahisələrin alternativ həlli üsullarının müxtəlif adlar altında uzun müddətdir ki, hüquq sistemlərində yer aldığını görə bilərik. Mübahisələrin məhkəmədənkənar, alternativ həlli mexanizmlərindən bu və ya digərinin seçilməsi, üstünlük verilməsi səbəbləri və şərtləri müxtəlif olmuşdur. Bir sıra hallarda alternativ mexanizmlərdən konkret hansı üsulun seçilməsində mübahisə tərəfi gözlənilən xərcləri və prosesə nəzarət etmək imkanlarını hesablayır, bəzi hallarda isə rəsmi prosedur qaydaların az olduğu və qarşı tərəflər ünsiyyətinin çox olduğu mexanizmlərə üstünlük verir.[2;s.60] Elə bu zaman da mediasiyanın bir mexanizm kimi mübahisə tərəflərinə təqdim edə biləcəyi üstünlükləri daha yaxşı izah etmək üçün əlverişli şərait yaranır. Digər bir tərəfdən, mediasiya mexanizminin uğurlu inkişafı və konkret mübahisə üzrə mediasiya prosesinin keyfiyyətlə aparılması başqa məsələlərlə yanaşı, mübahisə tərəflərinin informasiya hüquqlarının və azadlıqlarının məqsədəuyğun şəkildə qorunması və tənzimlənməsi ilə şərtlənir. Bu isə bizi mediasiyanı bir informasiya dövriyyəsi forması kimi nəzərdən keçirməyə, mediasiya ilə bağlı iştirakçıların (o cümlədən mediatorun və mediasiyaya cəlb edilmiş bütün digər şəxslərin) informasiya hüquqlarını və azadlıqlarını araşdırmağa sövq edir. 
İnformasiya hüquqlarının əhatə dairəsi. Ənənəvi hüquq nəzəriyyəsində informasiya hüquqlarının və azadlıqlarının əsas dayaq nöqtəsi kimi ifadə azadlığı, informasiya azadlığı, məlumat almaq hüququnun vəhdəti qəbul edilir. Lakin informasiya cəmiyyətinin İKT ilə müşaiyət olunan sürətli inkişafı və bilik cəmiyyətinə keçid dövrü, elektron hökümət və rəqəmsal dövlət tendensiyaları bizi informasiya hüquqlarını və azadlıqlarını ayrıca insan hüquqları qrupu kimi təhlil etməyə sövq edir. Məsələ ondan ibarətdir ki, qlobal informasiya cəmiyyətinin milliyyətindən və vətəndaşlıq mənsubiyyətindən heç bir aspektdə asılı olmayan istənilən fərdi öz gündəlik həyatının hər bir ictimai və özəl (şəxsi) sferasında müxtəlif xarakterli informasiya dövriyyəsində iştirak edir. Hər bir şəxs özünün adi həyat axarında müəyyən informasiyanı qəbul edir, ötürür, toplayır, paylaşır, tənqid edir və s. Digər sözlə məhz cəmiyyətin əsas struktur elementi olan insan fərdləri informasiyanı hərəkətə gətirir, informasiyanın müəyyən mənada dövr etməsinə şərait yaradır. Bu səbəbə görə də fərdi və kollektiv şəkildə informasiya dövriyyəsi iştirakçılarına təkcə informasiya azadlığı, ifadə azadlığı və ya məlumat almaq hüququ kifayət etmir, digər informasiya xarakterli yeni hüquqların meydana gəlməsinə, hüquqi tənzimlənməsinə ehtiyac yaranır. Deyə bilərik ki, hazırda informasiya bütün ənənəvi hüquqların və azadlıqların yeni tərkib elementinə çevrilmiş, hətta bir sıra yeni insan hüquqlarının da meydana gəlməsinə səbəb olmuşdur. 
İnformasiya dövriyyəsinin mürəkkəbləşməsi və elektronlaşması, rəqəmsal mühitin yeni, gözlənilməz inkişaf xarakterlərinin meydana gəlməsi informasiya ilə bağlı müəyyən özünümüdafiə hüquqlarının da təzahürünü şərtləndirmişdir. Bunlardan informasiya xarakterli özünü təyin etmək hüququ, həqiqi informasiyaya çatmaq hüququ, informasiya özbaşınalığından müdafiə hüququ, dezinformasiya ilə mübarizə hüququ və s. qabardıla bilər. Daha da irəli gedərək, Azərbaycan Respublikasının milli hüquq elmləri üçün “informasiya hüququ yanaşması”nın və ya “informasiya hüququna əsaslanan yanaşma”nın tətbiqini də təklif edə bilərik. Belə ki, informasiya hüquqları və azadlıqlarının predmet elementi olduğu informasiya hüququ sahəsi heç də informasiya dövriyyəsinin bütün elementlərini əhatə edə bilmir. İnformasiya dövriyyəsi ilə bağlı insan hüquqları və azadlıqlarının bir qismi vardır ki, onlar informasiya dövriyyəsinə aid olsalar da, informasiya hüququ sahəsinin predmetindən kənarda qalır. Misal kimi cinayət hüququ sahəsinə aid olan dindirilmə subyektlərinin informasiya hüquqlarını, şübhəli şəxslərə və məhkumlara aid olan informasiya hüquqlarını, cinayət prosesi mərhələlərində informasiya almaq azadlığını və s. göstərmək olar. Mülki hüquq sahəsində də müqavilə tərəflərinin informasiya vermək vəzifələri və həqiqi informasiya almaq hüquqları və s. müəyyən edilmişdir. Demək ki, informasiya hüquqları və azadlıqları özünü müxtəlif cür göstərə bilir və müxtəlif hüquq sahələrinin predmet elementi olaraq tənzimlənir. Fikrimizcə, eyni yanaşmanı mediasiya mexanizmi üçün də tətbiq etmək və mediasiya ilə bağlı informasiya hüquqları və azadlıqlarının da əhatə dairəsini araşdırmaq mümkündür.
“Mediasiya institutu” məfhumu. Ümumi qəbul edilmiş yanaşmaya əsasən, mediasiya mübahisələrin alternativ həlli yollarından biri kimi tanınır və bu səbəbdən də milli mediasiya mexanizminin hüquqşünaslar və KİV tərəfindən “mediasiya institutu” kimi adlandırılması başa düşüləndir. Mediasiya, mediasiyanın üsulları, metodikası və texnikası ilə bağlı müxtəlif məqalələr və kitablar olsa da, mediasiya üçün əsas ilkin şərt dəyişməz olaraq qalmışdır və bu şərt tərəflərin uzlaşma axtarmaq istəyidir.[4;p.156] Bu istəyi biz mübahisələrin digər alternativ həlli mexanizmləri ilə də bağlı öyrənə bilərik. Başqa bir tərəfdən, mübahisələrin alternativ həllinin digər mexanizmlərində olduğu kimi mediasiyada da müxtəlif üsullardan və metodlardan istifadə edilir. Tərəflərin maraqlarının uzlaşdırılmasına və yaranmış mübahisənin həllinə yönələn bu üsullar və vasitələr bir-birinə zidd, uyğun olmayan ola bilər. Müxtəlif üsullar, metodikalar arasında olan məna ziddiyyətləri tamamilə anlaşılandır. Bu zaman biz hansısa metodu və ya üsulu pisləyərək, digərini şişirtməli deyilik, konkret üsulun və ya vasitənin konkret mübahisənin hallarına və gözlənilən nəticəyə uyğunluğunu araşdırmalıyıq.[5;s.87] Bu tendensiyanı da biz təkcə mediasiya ilə bağlı yox, mübahisələrin digər alternativ həlli mexanizmləri istiqamətində də öyrənə bilərik. 
Milli mediasiya qanunvericiliyi və təcrübəsinin yaxından təhlili mediasiya fəaliyyətinin bır sıra aspektlərinin mülki hüquq normalarına yaxınlığını, mediasiya prosesinin bəzi mərhələlərinin (xüsusilə, tam mediasiya sessiyası və “barışıq sazişi” məfhumunun) mülki-hüquqi yanaşma əsasında araşdırılmasının daha düzgün olduğunu deməyə əsas verir. Digər sözlə, cinayət hüququ və ya inzibati hüquq sahəsi ilə müqayisədə, mediasiyanın səciyyəvi xüsusiyyətləri və qanunvericiliyi onu məhz mülki hüquq sahəsi (və ya mülki hüquq sahələrinə) və mülki hüququn klassik institutları ilə əlaqələndirir. Göstərilən istiqamətdə ən əsas aruqmentlərdən biri də ondan ibarətdir ki, mediasiyanın ümdə yekun məqsədi kimi çıxış edən və milli qanunvericilikdə “barışıq sazişi” adlanan razılaşma forması da məhz mülki hüquq prinsipləri, habelə tarixən mülki hüquq sahəsinin tərkibində olmuş və son dövrlərdə xeyli müstəqillik əldə etmiş müqavilə hüququ sahəsinin əsas anlayışları, yanaşmaları və fundamental normaları əsasında təhlil və tətbiq edilə bilər. Lakin bu zaman mediasiyanı mülki hüquq sahəsinin bir institutu adlandırmaq və ya mediasiyaya təkcə mülki hüquq prizmasından yanaşmaq da düzgün olmazdı. Mediasiyanın bir çox hüquq sahələrinə, bir sıra sosial-humanitar elm sahələrinə sıx əlaqəsi mövcuddur. Belə ki, mediasiya mexanizmini və mediasiya prosesini biz müxtəlif miqyaslarda psixologiya, tarix, beynəlxalq münasibətlər və diplomatiya, hüquq siyasəti, fəlsəfə, beynəlxalq hüquq, cinayət hüququ, vergi hüququ və s. istiqamətlərdə araşdıra bilərik. Və araşdıra biləcəyimiz hər bir istiqamətdə mediasiya mexanizminin insan hüquqları ilə, xüsusilə də informasiya hüquqları və azadlıqları ilə əlaqəsi rəngarəng formalarda bir daha üzə çıxacaqdır.
Mediasiya informasiya hüquqları kontekstində. Ümumi şəkildə qeyd edə bilərik ki, mediasiyanın və mediasiya xarakterli informasiya dövriyyəsinin müxtəlif mərhələlərində informasiya hüquqları və azadlıqları özünü müxtəlif şəkildə büruzə verir. Bu hal mediasiya üçün mediatorlara və ya mediasiya təşkilatlarına ilkin müraciət zamanı da, ilkin və tam mediasiya sessiyası zamanı da, “barışıq sazişi” adlanan mediasiya razılaşmasının icrası zamanı da, mediasiya bitdikdən sonra mübahisə tərəflərinin müvafiq mediasiya sənədləri ilə yenidən tanış olması zamanı da və s. müşahidə oluna bilər. Hətta mediasiyanın məqsədində belə bir sıra informasiya hüquqları və azadlıqları “gizlənmişdir”. Belə ki, mediasiyanın əsas məqsədi mübahisə üzrə hüquqi sənədlərin nəzərdən keçirilməsi, təqdim edilən sübutlara hüquqi qiymətin verilməsi və ya təqdim edilən sübutlar əsasında mübahisənin həll edilməsi deyil. Müəlliflərin də mövqeyinə görə, mediasiya tərəflər arasında yaranmış olan mübahisə üzrə mübahisə tərəflərinin maraqlarının uzlaşdırılmasına, mübahisənin həlli istiqamətində tərəflərin qərarlarına yönəlməlidir, ənənəvi ədalət mühakiməsi prosesinə aid olan hüquqi məsələlərin həlli və sübutetmə yükü isə bir qədər kənarda qalmalıdır. [1;s.29]
Məlumdur ki, mediasiya üzrə milli qanunvericilik mediasiyanın tətbiqinin həm könüllü, həm də məcburi formalarını tanıyır. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli, № 1555-VQ nömrəli Qanunununa əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Eyni zamanda milli qanunvericilik yuxarıda qeyd olunan mübahisələrdən xaraktercə fərqli olan digər münasibətlərdən irəli gələn ziddiyyətlərlə də bağlı mediasiyanın tətbiq olunmasını qadağan etmir, yəni, milli mediasiya mexanizminin gələcəkdə əhatə edə biləcəyi ictimai münasibətlər sistemi ilə bağlı qadağanedici imperativ norma tətbiq olunmur. Anqlo-sakson hüquq ailəsindən irəli gələn hüquq ənənələri baxımından (dispozitiv normalar nöqteyi-nəzərindən) bu cür imperativ - qadağanedici normanın olmaması milli mediasiyanın çoxşaxəli inkişafı üçün geniş perspektivlər açır və hətta ciddi hüquq pozuntularının da müəyyən bir dairəsi üçün mediasiyanın mümkünlüyü ehtimalını yaradır.
Demək olar ki, mediasiya üçün rəhbər tutulan prinsiplərin hamısı müxtəlif həcmdə informasiya hüquqlarını və azadlıqlarını ehtiva edir. Lakin bu, mediasiya ilə informasiya hüquqları və azadlıqları qrupunu əlaqələndirən tək əsas deyil. Ötən müddət ərzində əldə edilən təcrübə göstərir ki, əksər hallarda vətəndaşlar tərəfindən (və bəzən hətta peşəkar hüquqşünaslar tərəfindən) mediasiyanın bir mübahisələrin həlli mexanizmi kimi mahiyyəti kifayət qədər məhdud mənada – məhkəməyə gedən yolda bir “dayanacaq” və ya “hüquqi məsələlərin ilkin müzakirəsi mərkəzi” kimi başa düşülür. Təbii ki, bu cür formada yanlış anlaşılmanın müəyyən obyektiv və subyektiv səbəbləri vardır. Obyektiv səbəblər sırasında milli mediasiya mexanizminin kifayət qədər yeni yaranması, müvafiq qanunvericilik normalarının tətbiqi ilə bağlı oturuşmuş təcrübənin bərqərar olmaması, ictimai təfəkkürdə mediasiyanın özünəməxsus yer tutması üçün əlaqədar elmi araşdırmaların və qanunvericilik təhlilləri ilə bağlı tədqiqatların az olması və s. göstərilə bilər. Subyektiv səbəblər isə konkret vətəndaşın psixoloji cəhətdən mediasiyaya hazır olmaması, mediasiya barədə yanlış məlumatlar alması, vətəndaşın yanlış yönləndirilməsi, yanlış məlumatlar əsasında vətəndaşın özünümüdafiə mövqeyi yaratması, mübahisənin qarşı tərəfi ilə mediasiyanın keyfiyyətini azaltmağa yönələn strategiya qurulması, mübahisənin sırf hüquqi arqumentlər və sübutlar əsasında həllinə üstünlük verilməsi və s. ola bilər. 
Yuxarıda göstərilən izah bizi əvvəlki fikrimizə yönləndirərək, informasiya hüquqları və azadlıqlarının təmin edilməsinin keyfiyyətli mediasiya üçün nə qədər vacib və gərəkli olduğunu bir daha sübut edir. Çünki vətəndaşların rəsmi şəkildə mediasiya təşkilatı və mediator ilə mediasiya yönündə ictimai münasibəti yaranmamış, mediasiya üçün lazımi sənədlər təqdim edilməmiş, ilkin müraciət edən vətəndaşların (və ya onların hüquqi nümayəndə və təmsilçilərinin) mediasiya mexanizmi barədə düzgün, səlis, dəqiq və ətraflı informasiya almaq, həmin informasiyanı qəbul etmək, təhlil etmək, öz informasiya xarakterli mövqeyini formalaşdırmaq kimi hüquqlarını və azadlıqlarını təmin etmək lazım gəlir. Eyni vacibiyyət müxtəlif dövlətlərin qanunvericiliyində “informasiya sessiyası” və ya “ilkin mediasiya sessiyası” adını almış ilkin mediasiya görüşündə də özünü göstərir. Bu zaman daha çox mediator ilə tərəflər arasında mediasiyanın üstünlükləri barədə fikir mübadiləsi aparılır. Tam mediasiya sessiyası (və ya mediasiyanın əsas mərhələsi) dövründə və bu mərhələyə hazılıq dövründə isə informasiya dövriyyəsi daha da fəal baş verir. Daha sadə dillə ifadə etsək, digər məsələlərdə olduğu kimi mediasiya məsələsi ilə də bağlı hər bir şəxsin düzgün və ətraflı informasiya almaq, yanlış və qeyri-dəqiq informasiyadan müdafiə olunmaq, qeyri-dəqiq və yanlış informasiya dövriyyəsinin nəticələrindən müdafiə olunmaq kimi hüquqları və azadlıqları vardır. Adətən, mediasiya haqqında ilkin informasiyanı əldə etmək istəyən vətəndaşa bu cür məlumat xarakterli xidməti mediasiya təşkilatının əməkdaşları, “ASAN Xidmət” mərkəzləri, “DOST” mərkəzləri, vəkillər və digər peşəkar hüquqşünaslar göstərir. Yəni, hətta hələ ilkin mediasiya sessiyasında (informasiya sessiyasında) iştirak etməyən mübahisə tərəfi artıq fəal şəkildə mediasiya ilə bağlı informasiya dövriyyəsinin iştirakçılarından birinə çevrilir.
Mediasiyanın əsas mərhələlərindən hesab edilən tam mediasiya sessiyası da bütövlükdə informasiya hüquqları və azadlıqlarından fəal istifadəyə və informasiya dövriyyəsinə söykənmişdir. Bu hal özünü əmək münasibətlərindən, kommersiya münasibətlərindən, xüsusilə də ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya zamanı göstərir. Məsələn, müəlliflərin fikrincə, ailə mübahisələri üzrə mediasiyanın əsas üstünlükləri budur ki, mediasiya (mübahisə) tərəfləri öz ümumi ailə məsələsi ilə bağlı özləri müstəqil qərar verir, mediasiyanın gedişatında mübahisə tərəflərin bir-biri ilə ünsiyyətdə və müzakirədə olur, mediasiyanın gedişatına tərəflərin öz nəzarəti olur, mediasiya tərəflərin bir-birinin şərəf və ləyaqətinə hörmətinin belə bərpa olmasına kömək edə bilir.[3;p.34] Hesab edirik ki, bu üstünlüklərin böyük bir qismini əmək münasibətlərindən, kommersiya münasibətlərindən və digər mümkün münasibətlərdən irəli gələn mübahisələr üzrə mediasiyaya da aid edə bilərik. Çünki qeyd edilmiş üstünlüklər məhz informasiya dövriyyəsini keyfiyyətlə və uğurla qurmuş mediator və tərəflərin ümumi nailiyyətidir.
Nəticə. Milli mediasiya mexanizminin müasir hüquq normaları əsasında təşkili, heç şübhəsiz ki, uğurlu bir nəticədir və mediasiyanın uğurlu inkişafını insan hüquqları nöqteyi-nəzərindən təyin etmək daha məqsədəuyğundur. İctimai həyatın müxtəlif sferalarında yaranan hüquqi münasibətlərdə informasiya dövriyyəsinin əhəmiyyəti getdikcə artmaqdadır. Bu səbəbdən mediasiya mexanizminin işinə də xüsusi informasiya dövriyyəsi kimi yanaşmaq, mediasiya iştirakçılarının informasiya hüquqları və azadlıqlarını ayrıca insan hüquqları qrupu kimi təhlil etmək mümkündür. Əslində, mediasiyaya ilkin müraciət, mediasiya təklifinin mübahisə üzrə qarşı tərəfə göndərilməsi, mediasiya predmetinin dəqiq müəyyən edilməsi, ilkin və tam mediasiya sessiyaları üçün mübahisə tərəflərinə müvafiq bildirişlərin təqdim edilməsi, tərəflərin gizli saxlamaq istədiyi informasiya və s. informasiya dövriyyəsinin elementləridir. Bu mənada, mediasiyanın əsasında duran hüquqi prinsiplərin hər birinin mahiyyətində informasiya hüquqlarını və azadlıqlarını tapmağın mümkünlüyü təəccüb doğurmalı deyil. Digər sözlə, mediasiya ilə bağlı sənədlərin dövriyyəsində, mediasiya mərhələlərinin hər birində, mediasiya üçün rəhbər prinsiplərdə ayrı-ayrılıqda informasiya hüquqlarının və azadlıqlarının yeri barədə müstəqil tədqiqatlar aparmaq məqsədəuyğundur.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Goldberg B.S., Brett J.M., Blohorn-Brenneur B., Rogers N.H. How mediation works: theory, research, and practice. UK: Bingley. 2017, 136 p.
Lee J., Lim M. Contemporary issues in mediation. Volume 2. UK, London: World Scientific Publishing Co.Pte. Ltd. 2018, 164 p.
Roberts M. Mediation in family disputes: principles of practice. 3rd edition. USA, New York: Routledge. 2016, 352 p.
Titi C., Gomez K.F. Mediation in international commercial and investment disputes. USA, New York: Oxford University Press. 2019, 395 p.
Zhao Y. Mediation and alternative dispute resolution in modern China. Singapore: Springer Pte Ltd. 2022, 159 p.
Geri qayıt