Nizamsız taksi xaosu: problemdən çıxış yolu nədir? - RƏY

Onun sözlərinə görə, bu problemlərin əsas səbəbi taksi fəaliyyətinin hüquqi tənzimində və taksi fəaliyyətinə dövlət nəzarətində çox ciddi problemlərin olmasıdır.
Ekspert ölkədə taksi ilə sərnişindaşımada böyük bir xaosun, eyni zamanda qanundankənar vəziyyətin mövcud olduğunu söyləyib: "Nə qədər qəribə olsa da, bu, ilk növbədə taksi sürücülərini narahat edir. Çünki onlar gün ərzində 12-14 saat işləyir, yuxusuz və yorğun olduqları üçün qəzalar törədirlər. Həmçinin demək olar ki, həmin nəqliyyat vasitələrini idarə edənlərin çoxunda sürücü hazırlığı yoxdur. Tıxacların yaranma səbəblərindən biri də məhz bu haldır".
Ə.Hüseynov əlavə edib ki, sərnişinlərin də bəzi məsələlərlə əlaqədar haqlı narazılıqları olur:
"Qiymətlər ucuz və əlçatan olsa da xidmətin keyfiyyəti ilə bağlı problemlər kifayət qədərdir. Hər kəsə aid olmasa da, sürücülərlə sərnişinlər arasında kobud rəftar ucbatından xoşagəlməz halların yaşanması heç kimə sirr deyil. Bu problemlərin əsas səbəbi də Azərbaycanda taksi fəaliyyətinin hüquqi tənzimində və taksi fəaliyyətinə dövlət nəzarətində çox ciddi problemlərin olmasıdır. Ona görə də birinci növbədə qanunvericiliyi təkmilləşdirmək lazımdır. Qanunvericilikdə taksi aqreqatorlarının statusu, onların taksi sürücüləri ilə qarşılıqlı münasibətləri, öhdəlikləri dəqiq müəyyən olunmalıdır. Sürücülərin hansı tələblərə cavab verməli olduğu, eyni zamanda avtomobilin necə olması ilə bağlı məsələlər də öz həllini tapmalıdır. Sürücülərin iş və istirahət müddəti də dəqiq təyin edilməlidir".

Ekspert vurğulayıb ki, qaydalar müəyyən edildikdən sonra onu pozan aqreqatorlar ciddi sürətdə nəzarətə götürülməli və onlar barəsində sanksiyalar tətbiq olunmalıdır: "Bir sözlə konkret tələblərə cavab verməyənlər bu işlə məşğul ola bilmir. Bu isə özü bir limit yaradır və ölkədə həddindən artıq taksilərin fəaliyyətinin qarşısını alır. Buna dövlət nəzarəti də əslində çox qəliz məsələ deyil. Belə ki, məsələnin həlli üçün xüsusi sistem yaradılır, aqreqatorların internet portalları dövlətin nəzarət sisteminə inteqrasiya olunur. Bununla da dövlət qurumu sürücünün tələblərə uyğun olub- olmadığını asanlıqla görə bilir. Beləliklə yaranmış bir çox problem aradan qaldırılmış olur".