Samir Şərifov: “Neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dollar götürüləcək”

“Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 070 milyon manat təşkil edəcək. Artan xərclərin böyük bir hissəsi (2 milyard 260 milyon manat) işğaldan azad olunmuş Qarabağ, Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlıdır. Artımın qalan hissəsi də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi dəstək mahiyyəti daşımalıdır. İlin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dollar götürüləcək. Mövcud sənəddə bu, 50 dollardır. Bu ilin dörd aylında Azərbaycan neftin bir barelinin orta ixrac qiyməti 85.8 ABŞ dolları təşkil edib. Artımdan sonra müdafiə və təhlükəsizlik üzrə xərclər 6 milyard 54 milyon 844 min 623 manat təşkil edəcək” – S.Şərifov deyib.
Nazir bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması bizim yeni missiyamızdır: “Prezident İlham Əliyev bu missiyanın həyata keçməsi üçün Azərbaycan xalqını səfərbər edib. Bu missiya Böyük Qayıdış proqramının icra olunmasından ibarətdir. Bunun nəticəsində bu ərazilər də Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunacaq. Qarabağ və Şərqi Zəngəzurda böyük layihələrin təməli qoyulur, bu layihələrin bir qismi artıq başa çatdırılaraq istifadəyə verilib. 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsait bu ərazilərin bərpası üçün təsdiq olunmuşdu. Bu vəsaitin artıq 60 %-i istifadə olunub”.