Arbitraj məhkəmələrinin yaradılması kimi narahat edir?!

Arbitraj məhkəmələrinin yaradılması kimi narahat edir?! Hüquqi dövlət dünya dövlətlərinin əksəriyyətində olduğu kimi, Azərbaycanın da seçimi və hədəfidir. Təbii ki, hüquqi dövlət təkcə nəzəri baxımdan və sənədlərdə təsbit olunmaqla rellaşmır, o, həm də real həyatda, bütün sahələrdə və hər gün özünü büruzə verməlidir. Ölkəmizdə təxminən otuz illik bir zaman ərzində bununla bağlı çoxlu sayda böyük işlər görülüb. Ancaq bu sahədə çatışmazlıqlar və problemlər də az deyil. Zamanla bu sahədə görülmüş böyük işlərdən danışmağa çalışsaq da, paralel olaraq hələ də qalmaqda olan problemlərə və onların həlli yollarına da toxunmağa ciddi zərurət var.
Ətraflı araşdırmasını apardıqda nəzəri baxımdan həllini tapan, ancaq reallaşmayan bir çox önəmli məsələlər də var ki, sanki süni maneələrin qurbanı olduqları görünməkdədir. 2019-cu ildə mövcud vəziyyəti ilə razılaşmadığına görə ölkə Prezidenti tərəfindən məhkəmə-hüquq sistemi ilə bağlı islahatların daha da dərinləşdirilməsi haqqında fərman verildi. Dörd il öncə imzalanan həmin fərmanda toxunulan əsas məsələlərdən biri də, dövlətimiz üçün ən həssas sahələrdən biri olan sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə, xarici dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqinə dair birgə təkliflərin üç ay müddətində ölkə başçısına təqdim edilməsi ilə bağlı oldu. 
Məsələnin dövlətimiz üçün həssaslığı və əhəmiyyəti təkcə bu fərmanla məhdudlaşmır. Prezident İlham Əliyevin 2 iyun 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda da arbitraj prosedurlarının təkmilləşdirilməsi ayrıca vacib tədbir kimi nəzərdə tutulub. Hələ 1999-cu ildə Azərbaycan "Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" Konvensiyaya qoşulmaqla yanaşı, ölkəmizdə həm də bu sahədə “Beynəlxalq arbitraj haqqında” Qanun da qəbul edilir. Hazırda qüvvədə olan prosessual qanunvericiliyimizdə “arbitr”lər və “arbitraj məhkəmələri” ilə eyni mənanı kəsb edən “münsiflər” və “münsiflər məhkəməsi” sözlərindən də müxtəlif normativ aktlarda kifayət qədər istifadə olunur.
Bəs nədir arbitraj məhkəmələri və niyə bu qədər vacibdir? Arbitraj institutu böyük iqtisadi maraqların müqəddəratını həll etdiyi hazırki dünyanın, inkişaf etmiş dövlətlərində kommersiya və iqtisadi mübahisələrin həlli sahəsində daha operativ yanaşmanı təmin edən, neytral, praqmatik, etibarlı və alternativ həll üsuludur. Arbitri və ya arbitrləri problemin ədalətli həllində ən maraqlı şəxslər olan mübahisə tərəfləri öz iradələri əsasında seçir və onların qəbul etdiyi qərarlar həmin tərəflər üçün mübahisəsiz məcburi olur.
Yeni dünya düzəninə biz, Rusiya Ukrayna müharibəsinə görə “Yuxarı dəhliz”in, İrana görə isə “Aşağı dəhliz”in bağlı olduğu bir vəziyyətdə daxil olmaqdayıq. Elə ikinci Qarabağ müharibəsini və Azərbaycanın qələbəsini, ümumilikdə Cənubi Qafqazla da bağlı yenilikləri şərtləndirən “Orta dəhliz” Avropa ilə Asiyanın xilaskarı olmaq iddiasını ortaya qoyub. Qlobal səviyyədə böyük bir iqtisadi, logistika və ticarət yolunun əsas həlqələrindən biri olan Azərbaycan üçün elə o kalibrdə iqtisadi mübahisələr ən aktual məsələyə çevrilməkdədir. Məhz bu amili nəzərə alan Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Ələt Azad İqtisadi Zonasının və digər azad iqtisadi zonaların yaradılması kimi həm fəaliyyət dairəsinə, həm də üstünlüklərinə görə regional miqyası aşan böyük layihələri reallaşdırmaqdadır. Azərbaycanın işğaldan azad edilmiş ərazilər də daxil olmaqla iqtisadi rayonlara bölgüsü prosesi həyata keçirilməkdədir.
Biz hazırda otuz ilə yaxın müddətdə bizə ağlagəlməz miqyasda iqtisadi zərər vuran Ermənistana qarşı müxtəlif məhkəmə platformalarında, o cümlədən də Beynəlxalq Arbitraj Məhkəmələrində böyük iddialar qaldırmaqdayıq. Hesab edirəm ki, uzun illər ərzində beynəlxalq arbitraj məhkəmələrinin qərarlarının bizim ölkəmizdə məcburi xarakter daşıdığını nəzərə alsaq, öz ölkəmizdə belə məhkəmələrin fəaliyyət göstərməsi çoxdan reallaşmalı idi. 
Bu sahədə ən ali iradənin, kifayət qədər qanunların, digər normativ aktların, Prezident sərəncamlarının və həmin sərəncamlarda çoxlu sayda göstərişlərin olmasına baxmayaraq real addımlar atılmırsa, deməli, bu, kimlərinsə qanuna və dövlətimizin yürütdüyü siyasətə zidd fəaliyyətinin nəticəsidir. Elə ən son, arbitraj məhkəmələri ilə bağlı Prezidentin göstərişinin də əks olunduğu 3 aprel 2019-cu il tarixdə dövlətimiz məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi məcburiyyətində qaldı. Bunla belə, bu il ölkənin ən yüksək məhkəmə instansiyası olan Ali Məhkəməyə rəhbər təyin etmək məqsədilə dövlət ən layiqli namizəd üçün tamamilə başqa sahəyə müraciət etməli oldu. Ölkədə məhkəmə sisteminin təşkili, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi kimi dövlət əhəmiyyətli funksiyaları daşıyan Məhkəmə-Hüquq Şurasının tərkibinin dəyişilməsinə gətirib çıxaran qanunun dəyişikliyinə zərurət yarandı. Bununla da dövlət onun iradəsinin hər şeydən və hamıdan üstün olduğunu bir daha göstərdi.
Xəyal Bəşirov,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi.

Geri qayıt