Tahir Kərimli: “Bir gün eşidək ki, Ebru Gündəşi toya gətirən şəxs şəhid ailələrinə və qazilərə 100 min dollarlıq kömək edib”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, vaxtilə o, Həccə getməsi üçün yardım təklifi alıb: “Vaxtilə mənə deyəndə ki, sənin Həcc səfərini təşkil edək, istəmədim. Hətta məşhur din mərkəzi mənə deyirdi ki, səni Həccə yola salaq. Dedim ki, yox. İmkanım olsa, özüm gedərəm, nə üçün başqasının imkanları ilə getməliyəm? İmkanım olsa da, Həcc borcumu Azərbaycanda imkanı olmayana köməklik etməklə yerinə yetirərəm. Aydın Musayev toy edir-etsin, amma bir gün eşidək ki, hörmətli Aydın müəllim çox ciddi şəkildə - şəhid ailələrinə, qazilərə 200 min dollar olmasa da, 100 min dollarlıq kömək edib. Belə xəbər eşidək ki, ürəyimiz sakitləşsin. Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlı iş adamlarının Vətənə ciddi yardımlarını görməyə həsrətik. Tək mən deyiləm, bütün Azərbaycan cəmiyyəti istəyir ki, öz millətinin ucalığını, böyüklüyünü görsün. Dünyada ən gözəl şey yardımlaşmadır, artıq imkanların varsa, başqasına kömək etməkdir. Hesab etmirəm ki, bu, qeyri-ciddi məsələdir, müzakirə olunmamalıdır. Xeyr, çünki artıq ictimai motivli vəziyyət yaranıb ki, nə üçün biz azərbaycanlılar daha ciddi məsələlərə yardım etmək əvəzinə bu cür şəxsi örnəklər göstəririk?”