Rusiya “Taxıl sazişi”ni dayandırdı

Rusiya “Taxıl sazişi”ni dayandırdı<br> “Qara dəniz razılaşmaları bugünkü gün faktiki olaraq qüvvədən düşüb”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Rusiya Federasiyası Prezidentinin daha əvvəl dediyi kimi, bu müddət iyulun 17-də başa çatır. Təəssüf ki Qara dəniz razılaşmasında Rusiyaya aid olan hissə hələ də yerinə yetirilməyib”, - Peskov deyib.
““Taxıl sazişi” dayanıb. Rusiya hissəsi yerinə yetirildikdən sonra Rusiya tərəfi dərhal bu sazişin icrasına qayıdacaq”, - deyə mətbuat katibi əlavə edib.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, Rusiya rəsmi olaraq Türkiyə, Ukrayna və BMT Katibliyinə “Taxıl sazişi”nin uzadılmasına etirazını bildirib: “Yaxın vaxtlarda XİN-in bəyanatı Rusiya mövqeyinin ətraflı izahatları ilə dərc olunacaq”.
Xatırladaq ki, “Taxıl sazişi” Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən 2022-ci il iyulun 22-də bağlanıb. Müqavilənin müddəti iki dəfə uzadılıb. Saziş humanitar dəhlizlər çərçivəsində Qara dəniz vasitəsilə taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur.

Geri qayıt