Ədliyyə Nazirliyi Tahir Kərimlinin də partiyasında nöqsanlar tapdı

Ədliyyə Nazirliyi Tahir Kərimlinin də partiyasında nöqsanlar tapdı “Vəhdət Partiyasına imtina cavabı gəlib. Digər partiyalarla bağlı göstərilən səbəblər biz də göstərilib - ad, soyad, ata adı, təvəllüd və telefon nömrələri ilə bağlı məsələlərdir".
Yenilik.az Pravda-ya istinadla xəbər verir ki, bunu Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
O əlavə edib: "Bunları yoluna qoyub aydınlaşdırmalıyıq. Rayon yerlərində elə xanımlarımız var ki, telefon nömrələrini vermirlər, ərinin, qardaşının nömrəsini qeyd edirlər. Yaxud bir ailədən bir nömrə qeyd olunub. Telefon nömrələrinin eyni olması o demək deyil ki, bu adamlar Vəhdət Partiyasının üzvü deyillər”.
T. Kərimli qeyd edib: “Vəfat edən, yaxud 18 yaşdan aşağı üzvlərlə, partiya üzvlüyündən imtina edənlərlə bağlı nöqsanlara sözümüz ola bilməz, bu nöqsanları qəbul edirik. Amma elə şeylər var ki... Məsələn, bir adamın adı eyni vaxtda bir neçə partiyada üzv kimi qeyd olunub. Bunu aydınlaşdırmaq lazımdır. Bir ailədə bir nömrədən neçə nəfər istifadə edibsə, ən azından onlardan birini partiya üzvü kimi götürmək olar.
Elə üzv var ki, nömrəsi yoxdur, əvəzinə partiya funksionerlərinin nömrəsi qeyd olunub. Ədliyyə Nazirliyi partiya üzvlərinin bəzilərinə zəng edəndə nömrəyə kimsə cavab vermirsə, yaxud operator “bu nömrə təyin olunmayıb” deyirsə, o demək deyil ki, həmin adamlar partiya üzvü deyillər.
Bizim siyahıda xeyli kənd nömrələri də var, çoxu mobil nömrə deyil. Bütün partiyalara göstərilən münasibət Vəhdət Partiyasına da göstərilib, qaydalar hamı üçün eynidir. Güman edirəm, deyilən məsələləri bir ay müddətində həm Ədliyyə Nazirliyi ilə müzakirə edəcəyik, həm də işçi qrupu yaradacağıq".

Geri qayıt