Tahir Kərimli Surət Hüseynovun başdaşı barədə: “Qıcıq doğurmamalıdır" - FOTO

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib ki, Surət Hüseynov onun təmsil olunduğu hakimiyyətə son verən böyük vasitə olub.
“Mən onun haqqında əslində yaxşı danışmamalıyam. Ancaq bir şey var, bu adam rəhmətə gedib. Azərbaycanda belə bir qanun yoxdur ki, qəbrin başdaşı üzərində bu sözü yazasan, başqa sözü yox. Bu, məzardaşını qoyanların öz işləridir. Surət Hüseynovun başdaşında yalan ifadələr də yoxdur. O, Milli Məhrəman, millət vəkili, baş nazir olub, bunlar da məzardaşına yazılıb. Düzdür, onu sevməyənlər həqiqətən də çoxdur. Axı sevənlər də olub. Yazıb də, yazmağa ixtiyarı var. Hərə başdaşının üzərinə o qədər sözlər yazır ki. Heç millətin onlardan xəbəri yoxdur. Bu adam Azərbaycan Respublikasının rəsmi Milli Qəhrəmanıdır, adı da əlindən alınmayıb. Belə olan təqdirdə, başdaşına bu sözlərin yazılmasını anlayışla qarşılamalıyıq. Axırda da yazılıb ki, Allah Azərbaycanımızı qorusun. Bu, o deməkdir ki, Vətənin oğlu kimliyindən asılı olmayaraq Azərbaycana dua edirsə, Azərbaycanın varlığı üçün edir, bu da başdaşına həkk olunur. Düşünürəm, bu məsələyə səbirli yanaşmalıyıq, başdaşı qıcıq doğurmamalıdır”, - deputat bildirib.