Bu köhnə pulları saxlayanlara şad xəbər: onları dəyişdirmək mümkündürmü?

Ekspert Rəşad Həsənov deyir ki, sözügedən vəsaitlərin indiki dövrdə dəyişdirilməsi mümkün deyil: "Çünki “Diffamasya haqqında qanun”a əsasən, həmin vəsaitlərin yeni nominal vəsaitlərlə dəyişdirilməsi üçün vətəndaşlara müəyyən qədər vaxt verilmişdi və bu müddət 2 il təşkil edirdi. Bu gün köhnə vəsaitlər sadəcə eksponat kimi saxlanılır. Bu istiqamətdə maraqlı olan insanlar olsa da, bu vəsaitlərin bazarda yeni nominalla dəyişdirilməsi real deyil. Mərkəzi Bank başda olmaqla, digər banklar da köhnə vəsaitlərin dəyişdirilməsini qəbul etmir".
R.Həsənov bildirib ki, məlum nominalların kolleksiya kimi alınması normal haldır və buna görə heç bir qadağa yoxdur.
İqtisadçı Eldəniz Əmirov da indiki məqamda köhnə pul əsginaslarının dəyişdirilməsinə icazə olmadığını vurğulayıb. O da həmin pulların dəyişdirilməsi üçün vaxt limitinin təyin edildiyini xatırladıb.
Ekspert həmçinin qeyd edib ki, istənilən köhnə pul hər zaman əbədi olaraq dövriyyədə ola bilməz. Onun sözlərinə görə, bu o deməkdir ki, köhnə pulların dəyişdirilməsi hər zaman üçün keçərli deyil.
Qeyd edək ki, ölkəmizdə 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxılıb. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əskinaslar həmin şirkətdə istehsal olunub. 1994-cü ildə “Şirvanşahlar” kompleksinin təsvir olunduğu 10.000 manatlıq əskinaslar Almaniyada “Giesecke & Devrient”, 1996-cı ildə isə 50.000 və 2001-ci ildə isə 1000 manatlıq əskinaslar İngiltərənin “De La Rue” şirkətləri tərəfindən çap edilib. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.
Ümumikdə, Milli Bank tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılıb.