“300 manat maaşa işləmək istəməyənləri qınamaq doğru deyil” - Deputat

“300 manat maaşa işləmək istəməyənləri qınamaq doğru deyil” - Deputat “Ünvanlı sosial yardımı insanların tənbəlləşməsi ilə əlaqələndirilmək doğru deyil”. 
Bu sözləri “Yeni Sabah”a Milli Məclisin deputatı Razi Nurullayev deyib. 
Millət vəkili həmkarı Siyavuş Novrozova qarşı çııxb. O bildirib ki, dövlət işlə təmin edə bilmədiyi şəxslərə sosial yardım verir: 
“Vətəndaş yaxşı iş və kifayət qədər əməkhaqqı ilə təmin olunarsa, mütləq gedib işləyəcək. Əgər sosial yardım alan vətəndaş 300 manat maaş müqabilində işlə təmin olunacaqsa, təbii ki, işi yox, sosial yardım ödənişini seçəcək. Həmin insanlara irad tutmaq, onları qınamaq düzgün deyil. Çünki nəzərdə tutulan əməkhaqqı nə insanın əməyini, nə də tələbatını ödəyir. Bu səbəbdən bəzi şəxslər onlara təklif edilən işdən imtina edir. Lakin bu rəqəm ümumi olaraq çox deyil. Bir sıra insanlara görə, digərlərinin də sosial yardımını dayandırmaq ədalətli qərar sayılmır”. 
Deputat sosial yardımın verilməsi zamanı vətəndaşların üzləşdikləri çətinliklərdən danıışıb:
“Düşünürəm ki, hazırda sosial yardımların verilməsi prosesində çox ciddi problolemlər var. Dövlət sosial yardımının verilməsi üçün insanların iş yerindən arayış təqdim etməsi tələb olunur. Bu isə özlüyündə çox absurd qaydadır. İnsan işləyirsə, ona bu vəsaitin ödənilməsi lazımdır? Bu sahədə çox ciddi dəyişikliklərə ehtiyac var. Hazırda bir çox vətəndaş ehtiyacı olduğu halda bu yardımı əldə edə bilmir. Çünki həmin proses gərəyindən çox və əsassız şəkildə uzadılır. Nəticə etibarilə ya vətəndaş yorulub, əlini üzür, ya da ona imtina cavabı gəlir. Belə olunca, insanlar dövlətdən narazı qalırlar. Ona görə ki, bir çox işçilər öz vəzifələrinə doğru yanaşmırlar. Yalnış yönləndirmə, prosesin uzanması və süründürməçilik də vətəndaşın səbrini daşırır. Bu prosesin yaxından şahidi olmuşam. Problem həll olunmur, insanlar ortada əsir-yesir qalırlar”. 
Razi Nurullayev qeyd edib ki, dünyanın ən varlı ölkələrində belə dövlət vətəndaşlara öz yardımını əsirgəmir: 
“Dünyanın bir çox ölkəsində dövlət öz vətəndaşlarına yardım edir. Buna misal olaraq, Avstriyanı deyə bilərəm. Ölkə varlı sayılsa belə, burada əhalinin 15-20 faizi dövlətdən yardım vəsaiti alır. Bu səbəbdən dövlət tərəfindən vətəndaşa verilən sosial yardımı dayandırmaq olmaz. Dövlət öz vətəndaşına sahib çıxmalıdır”. 

Geri qayıt