Deputat: "Qohum evliliklərinin qarşısını inzibati qaydada alsaq, mənfi məqamlar ortaya çıxacaq"

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Deputat bildirib ki, Azərbaycanın öz adət-ənənələri var və bunu qorumaq lazımdır: “Dini tərəfdən yanaşsaq, İslam dinində kimlərin bir-biri ilə evlənə biləcəyi barədə qeyd olunub. Qohumların evlənməsinə qadağanı inzibati qaydada yox, geniş şəkildə təbliğat və maariflənmə aparmaqla həyata keçirmək olar. Təkrar edirəm, evlənmək istəyən qohumların hər birinin tibbi müayinədən keçirilməsi mütləqdir. Təbliğat elə aparılmalıdır ki, bu, insanlara ziyan verməsin. İnzibati qaydada qarşısı alınsa, düşünürəm, daha böyük ziyan verə bilər. 10-15 ildən sonra təsirini görə bilərik. Məsələn, dayınəvəsi, bibinəvəsi, kiminsə nəvəsinin nəvəsi də qohum adlanır. Elə bölgələrimiz var ki, kirvəni qohum bilirlər, halbuki kirvənin heç bir qanuni qohumluğu yoxdur. Ailə üzvləri bir-birilərinin evinə gedib-gəlirlər. Sabah hamısı məhkəmə qarşısında qalanda görün necə səhnə alınacaq. Sizcə, bizim cəmiyyətə bu necə təsir edəcək?”