"Daha keyfiyyətli görüntü və məlumat mübadiləsi olacaq" — Bu gündən internetin sürəti artırılır

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda genişzolaqlı internet tarifləri dəyişdirilib. İnternetin sürəti və ödəniş məbləğində dəyişiklik edilib. GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, bu gündən ölkədə internet verilişi üzrə ən aşağı qiymətli paketlər ləğv olunur:



“40 Mbit/s olan 18 manatlıq paketlər ləğv olunur, əvəzinə 25 manata 100 Mbit/s s paketlər istifadəyə veriləcək. Yəni yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. İnternet tariflərinin dəyişdirilməsini zəruri edən bir sıra faktorlar var. Hazırda internet resurslarının tələbləri, yəni keyfiyyət parametrləri artıb. Yutub və digər sosial şəbəkələrdə yerləşdirilən kontentlərin keyfiyyəti artıb. Onlayn konfranslar zamanı artıq daha yaxşı görüntü keyfiyyəti insanlara təklif olunur. Onlayn oyunlarda, distant təhsil rejimində də daha keyfiyyətli görüntü və məlumat mübadiləsi olacaq. 

Daha bir meyar da odur ki, Azərbaycanda internet infrastrukturu daxili şirkətlərin – özəl və dövlət şirkətlərinin maliyyəsi hesabına yaradılıb. Qiymətlər iqtisadi göstəricilərə görə tənzimlənir”.
Geri qayıt