Baba Vəziroğludan“Ağadadaş Ağayev həbsdə deyil, eyni maddə ilə ittiham olunan Rüfət Səfərov niyə həbsdədir?” deyənlərə CAVAB

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.
“Ağadadaş özünü sülhpərvər aparır. Deyir ki, barışıq ola bilər, təmizlikçi qadını da işə götürməyə hazıram, məhkəmə nə qərar çıxarsa, canla-başla tabe olaram. Vətəndaş özünü bundan artıq necə sülhpərvər apara bilər? Bütün bu prinsiplər nəzərə alınaraq, sadəcə, ölkədən çıxışına qadağa qoyulub. O, xalqın sevimli sənətkarıdır. Uzun illərdir, tanıdığım, çox vəfalı, dostcanlı, millətcanlı, vətənpərvər insandır. Məhkəmə hakimi olmasın, mən olum, onun haqqında hansı əsasla həbs qətimkan tədbiri seçim? Qaranlıq keçmişi olmayan bir adamdır. Cəmiyyətdə nümunəvi insan sayılır. Hadisədən kim sığortalanıb? Hərdən mənim də qarşıma nadan, tərbiyəsiz sürücü çıxır. Az qala sürtə-sürtə keçir ki, bir maşın qabağa düşsün. Onda həmin hala düşürəm, istəyirəm ki, maşından düşüb onu öldürüm. Bu, hər bir insanda olur. Heyvan, yırtıcı kimi hərəkət edirlər, onda səndə adekvat reaksiya yaranır. Bir az səbir etsən, hər şey keçib gedir. Arzu edirəm ki, bu məsələ də sülh, barışıqla, ədalətlə sonlansın, xoşagəlməz hadisə baş verməsin”, - B.Vəziroğlu bildirib.
Xatırlatma: Hüquq müdafiəçisi Rüfət Səfərov həm də Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xalq artisti Ağadadaş Ağayev isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir, hazırda azadlıqdadır.