Pensiyaya çıxmadan topladığımız kapitaldan kredit ödəyə biləcəyik - YENİLİK

Stopnarkotik.az xəbər verir ki, sözügedən mövzu ətrafında millət vəkili Vüqar Bayramov referans.az-a açıqlama verib.
Millət vəkili bildirib ki, pensiya kapitalının istifadə məsələsi müzakirə edilən məsələlərdən biridir. Bununla bağlı 2015-ci ilin dövlət büdcəsi müzakirə edilən zaman Milli Məclisdə də təkliflər təqdim olunub. Bir sıra ölkələrdə o cümlədən Sinqapur və Amerika Birləşmiş Ştatlarında olduğu kimi pensiya kapitalının bizdə də istifadəsi ilə bağlı təkliflərimizi etmişik. Bizim təkliflərimiz, pensiya kapitalının bir hissəsinin pensiya kapitalını formalaşdıran şəxs tərəfindən pensiya yaşı tamam olmadan pensiya imkanlarının yaradılmasıdır. Millət vəkili müqayisə üçün onu da vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarında minimum pensiya anlayışı ilə yanaşı həm də orta pensiya kapitalı anlayışı da var. Bu kapitala malik olan şəxslər o kapitaldan istifadə edə bilirlər. Bu isə həmin şəxslərə imkan verir ki, onlar pensiya kapitalından daha tez faydalansınlar həm də pensiya kapitalının bir hissəsi istehlaka yönəlsin. Oxşar praktikanın Azərbaycanda da tətbiqini məqsədəuyğun hesab edirik. Bu istiqamətdə maliyyə qiymətləndirilməsinin aparılması və buna uyğun qərarın verilməsi vacibdir. "Bütövlükdə pensiya kapitalının bir hissəsindən istifadə imkanlarının yaradılması, misal üçün kredit borcunun ödənilməsi, təhsil və səhiyyə xidmətləri üçün istifadə edilməsi pensiya kapitalının yığımına marağı artıra bilər. Eyni zamanda da həm də bu proses vətəndaşlarımızın pensiya kapitalının daha səmərəli istifadəsinə fürsət yarada bilər. Həmçinin də bu rəsmi məşğulluğun genişləndirilməsi fonunda qeyri-rəsmi məşğulluğun payının azaldılması baxımından da vacibdir", - deyə deputat əlavə edib.