Aslan İmsayılov:"Hakimiyyət kasıb təbəqənin bəzi tələblərini təcili təmin etməlidir"

Aslan İmsayılov:"Hakimiyyət kasıb təbəqənin bəzi tələblərini təcili təmin etməlidir" Heç kim hakimiyyəti ağılsız hesab etməsin. Ağılsız hakimiyyət uzun illər ölkə daxili və əsasən ölkə xarici basqılara baxmayaraq hakimiyyətdə qala bilməzdi.

Uzun illər ərzində neft qiymətlərinin kəllə-çarxa çıxması ilə bağlı hakimiyyət ölkə daxilində və xaricində rəqiblərini pul hesabına neytrallaşdıra bilirdi. Ölkə əhalisi də bu və ya digər formada korrupsiya yolu ilə əldə edilmiş pullardan yararlanırdı. Neft qiymətinin kəskin düşməsi ilə bağlı əhalinin maddi durumu kəskin pisləşməyə, ölkə daxilində və xaricində olan rəqibləri susdurmaq üçün pul isə çatmamağa başladı.
 
Hakimiyyətin ölkədə baş verənləri zərgər dəqiqliyi ilə bilməsini göstərmək üçün uzun olsa da özümlə bağlı olan bircə halı diqqətinizə çatdırım. 2005-ci il seçkilərində namizədliyimi verdiyim 20 saylı Nərimanov seçki dairəsində əsas namizədlər mən, İsə Qəmbər və bizi qədər ciddiyə alınmasa da o vaxtlar ancaq Bakı Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevin qardaşı kimi tanınan Adil Əliyev idi. Seçkilərdə təbliğat-təşviqat kampaniyası başlayan kimi mənə əvvəlcə Prezident Aparatında siyasi şöbənin müdiri olan Əli Həsənov, az sonra isə hüquq-mühafizə orqanları şöbəsinin müdiri Fuad Ələsgərov zəng edib rəhbərliyin məni Milli Məclisdə görmək istədiklərini, ona görə də kömək məqsədi ilə Nərimanov rayon icra hakimiyyətinin başçısı ilə görüşməyimi məsləhət bildilər. Qətiyyətlə etiraz etdim. 1995, 2000-ci illlərdə eyni dairədən namizəd olduğuma, o ərazidə yaşadığıma, seçiciləri yaxşı tanıdığıma və bir çoxuna vəkil kimi bilavasitə köməklik etdiyimə görə seçiləcəyimə əmin idim. Mənə zəng edən şəxslərin hər ikisi bu seçkilərdə Adil Əliyevin seçiləcəyini bildirirdilər. Bu fikri əsla qəbul etmirdim və rəqib kimi ancaq İsa Qəmbəri gördüyümdən onun tərəfdarları olan bütün məhlələrdə görüşlər keçirirdim. Həm seçki kampaniyamın aktivliyi, həm seçiciləri tanımağım, həm də ondan əvvəl ölkə Prezidenti ilə görüşüm ( o ərazidə olan vəzifəlilər də tərəfdarlarını mənə səs verməyə çağırırdılar) seçiləcəyimə əminlik yaratmışdı. Seçkilərə 15 gün qalmış çox yaxşı münasibətdə olduğum rəhmətlik Anar Məmmədxanov mənə zəng edib məhz onun başçılığı ilə bizim dairədə sorğu aparıldığını və nəticələrə görə Adil Əliyevin öndə olduğunu bildirdi. Mənim razılaşacağım təqdirdə Adil Əliyevin namizədliyi Apellyasiya məhkəməsində ləğv olunacaqdı (sonralar bildim ki, həqiqətən A.Əliyevin namizədliyinin ləğv olunması üçün lazımı sənədlər hazır olub). Bunu da ciddiyə almadım. Seçki günü səsləri mənim nümayəndələrim saydılar, İ.Qəmbərin və A.Əliyevin nümayəndələri isə ancaq prosesi seyr etmişdilər. Həqiqətən qutudan çıxan səslərə görə A.Əliyev qalib oldu.
 
Bu qədər detallı ona görə yazdım ki, hakimiyyətin ölkədəki prosesləri diqqətlə izlədiyini hamı bilsin. Ölkədə baş verənləri diqqətlə izləyən hakimiyyət təxminən 2015-cı ildən çıxış yollarını axtarmağa başladı. Hakimiyyət daxilində çatlar da o dövrdən şiddətləndi. Bir qrup hakimiyyəti saxlamaq şərti ilə əhalinin güzaranını yaxşılaşdırmaq üçün ölkədə dəyişikliklərə getmək, digər qrup isə ancaq repressiya metodu ilə hakimiyyəti saxlamaq yolunu seçdi. Birinci qrup Rusiyanın maraqlarını nəzərə almaqla Qərbə inteqrasiyanı, ikinci qrup isə ancaq Rusiyanın maraqlarını qorumaq və Rusiyanın başçılıq etdiyi qurumlara üzv olmağı üstün tutdular. Zaman - zaman bu mübarizə alovlansa da müəyyən vaxtlar idarə olunan idi. Ölkədə baş verənləri diqqətlə izləyənlər vaxtaşırı ölkə mətbuatında gah Avropa Birliyinə, gah da Avrasiya İttifaqına qoşulmağın təbliğatının getdiyini görməmiş olmazlar. Təxminən 2018-ci ildən bu mübarizə artıq açıq müstəviyə keçdi və tam olmasa da birincilərin qələbəsi ilə nəticələndi. Hakimiyyətdə Rusiya təmsilçilərinin başçıları Ramiz Mehdiyev və Əli Həsənov vəzifələrindən kənarlaşdırıldılar və tədricən başqalarının da kənarlaşdırılması prosesi getməyə başladı. Ölkənin ən ağır durumu da bu dövrdən başladı və son vaxtlar neftin qiymətinin yenidən kəskin düşməsi, bölgəmizdə gedən geopolitik proseslər üstəgəl pandemiya bu vəziyyəti daha da pisləşdirdi.
 
Bu gün birincilərin (islahatçı qrup adlandırdıqlarım) iki yoldan biri üzərində baş sındırdıqları fikrindəyəm. Birinci yol, əhalinin güzaranını nisbətən yaxşılaşdırmaq və yenə korrupsiya metodu ilə idarəetməni davam etmək, ikinci yol isə köhnəni tam unudub islahat yolunu seçməkdir. Bu gün üçüncü yol yoxdur. “Heç nə dəyişməyəcək, ancaq fiqurlar dəyişəcək” fikri ancaq ölkədəki vəziyyəti daha da gərginləşdirib hakimiyyətə can atanların oyunudur. Bu yolu ancaq özünü dar ağacında görmək istəyən dəlilər seçə bilərlər. Mən isə hakimiyyəti o qədər də ağılsız saymıram. İslahatçı qrup bu iki yoldan birini seçmək üçün ilk növbədə çalışıb maksimum və tez bir zamanda köhnə komandanın üzvlərindən azad olunmalıdır.
 
Hər iki yol ilə bağlı da qısa fikrimi bildirim. Bəli, birinci yol az zaman kəsimində hansısa effekt verə biləcək. O da köhnə komanda və onlara birləşəcək qüvvələr imkan versələr. İstənilən dəyişikliklər əhalini o vaxt sakitləşdirəcək ki, onlar baş verən dəyişiklikləri gündəlik həyatlarında hiss etsinlər. Bu gün yeni komandanın ən böyük səhvi ondadır ki, atdıqları addımlarda çox gecikirlər, hadisələrin önündə yox, axırında gedirlər, vədləri və həyata keçirdikləri dəyişikliklər yaxşı halda bir ildən sonra nəticələrini insanların real həyatlarında göstərə bilər. Əminəm ki, belə getsə bu qədər vaxt olmayacaq, çünki insanların maddi durumu çox çətindir, köhnə komanda yeniləri gözdən salmaq üçün çox yaxşı təbliğat aparır və ən əsası hakimiyyətlə xalq arasında heç bir ünsiyyət forması yoxdur. Hakimiyyətin əlində olan TV, KİV-lərə baxan və oxuyanlar yoxdur. Uzun illər əhalisi arasında inamı tam itirmiş hakimiyyətin insanlara təsir imkanları olan sosial şəbəkələrdə isə heç bir resursu yoxdur. Sosial şəbəkə bütövlükdə hakimiyyətin qanına susamış radikal müxalifətin və hakimiyyətdən narazıların nəzarətindədir. Bu çox vacib amili hakimiyyət anlamalı və müvafiq tədbirlər görməlidirlər. Bu da köhnə metodla hansısa sosial şəbəkə səhifələrini pulla ələ almaq yolu olmamalıdır.
 
Bu çətin durumdan çıxmaq üçün hakimiyyət ilk növbədə əhalinin kasıb təbəqəsinin bəzi tələblərini təcili təmin etməlidir. Bunlardan real olanların bir neçəsini sadalaya bilərəm.
- Birinci növbədə kasıb təbəqənin illərdir tələb etdikləri uşaq pulu məsələsi tam həcmdə olmasa da heç olmasa nisbətən təmin olunmalıdır.
- Bu isti yay günlərində əhalinin ənənəvi çimərlik zonaları hasarlardan azad olunub insanların istifadəsinə verilməlidir.
- İnsanlarda nifrət hissi oyadan, bu hakimiyyətin zəifləməsinə heç bir təsir imkanları olmayan Səhiyyə Naziri Oqtay Şirəliyev, AZAL-ın rəhbəri Cahangir Əsgərov, “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov kimiləri vəzifələrindən azad olunmalıdırlar.
- Həm haqq edən, həm də narazı təbəqənin önündə ola biləcək Qarabağ müharibəsi əlillərinin təqaüdləri qaldırılmalıdır.
- Bütün bunlarla yanaşı kiçik və orta sahibkarların inkişafı daim ön planda olmalıdır.
- Rüşvət mənbəyi olub sahibkarlığı məhv edən lisenziya növləri ən azı 10 dəfə azalmalıdır.
 
Dediklərim, birinci yolu seçənlərin hakimiyyətdəki ömrünü uzada bilər. Ancaq bu yol da sonsuz və risksiz olmayacaq və bir neçə ildən sonra yenə gəlib bu günkü vəziyyətlə qarşılaşacaqlar. Ona görə də bu gün hakimiyyətdə olanlar bilməlidirlər ki, hakimiyyətdə heç kim daim qalmayıb və bu günkü kommunikasiya dövründə isə heç vaxt qalmayacaqlar. Ona görə də hakimiyyətdən rahat, qansız getməyin ancaq bir yolu var: tədricən tam islahatlara getmək, əhalini seçkilərə hazırlamaq və seçki yolu ilə hakimiyyət dəyişikliyi həyata keçirmək.
 
P.S. Yuxarıda yazdıqlarımın uğurla həyata keçirilməsi üçün Dövlətini fikirləşənlərin dəstək olması çox vacibdir. Əminəm ki, hakimiyyət təkbaşına bu uçurumdan çıxa bilməyəcək. Ona da əminəm ki, hakimiyyət dediklərim addımları atarsa Dövlətini, Vətənini fikirləşənlər ona dəstək olacaq.
 
Aslan İsmayılov 
Tanınmış hüquqşünas

Geri qayıt