Spirtli içkini reklam edən Rəşid Mahmudov: “İçirsənsə, yaxşısını iç, ay bədbəxt...”

R.Mahmudov Pravda.az-a açıqlamasında reklam çarxına çəkilməsinə belə aydınlıq gətirib: “Biz bir millətik, millətin içində araq içən də var, içməyən də. Bu millətin hamısına cavab verməliyik. Mən demişəm ki, müsəlmanıq, araq içmək olmaz, bu, rusdan bizə qalmadır, amma içirsənsə, yaxşısını iç, ay bədbəxt. Neftdən də, kartofdan da, vələmirdən də spirt alıb, ondan araq düzəldirlər. Bu cür araq zəhərlidir, qaraciyəri, böyrəyi, mədəaltı vəzi sıradan çıxarır. Arağın ən yaxşısı buğdadan alınır. Reklam etdiyim araq da buğdadan hazırlanıb. Bu məsələ ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məşğul olmalıdır. Mən bunu demişəm. Taun xəstəsi olan insanlar araq içən kimi virus ölür. Vəba xəstəliyini də araq dərhal öldürür. Adamlara pulsuz araq verirdilər, bununla da vəbadan, taundan sağaldırdılar. Ağızlarına gələni mənim haqqımda yazırlar. Arağın keyfiyyəti spirtdən asılıdır. Gərək, spirt yaxşı olsun. Reklam etdiyim şirkət arağı İsmayıllının buğdasından hazırlayır. Ümumiyyətlə, içməyin. Müsəlman araq içməməlidir. İçənlər də var, indi nə edək? Yerdə qalanları millət hesab etmək olmaz? Onlara da düzünü demək lazımdır də...”