Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət etdirməyin!
Elşad Miri bəzi xalqlarda bunun adət halında həyata keçirildiyini bildirib: “Araşdırma aparıb öyrənirdim ki, yəhudilər uşaq doğulandan 8 gün sonra sünnət etdirirlər. Sonra guya Peyğəmbərin (s.ə.s) özünün sünnətli doğulduğunu rəvayətlərdə oxuyurdum. Amma öyrənəndə ki, bu, bir xəstəlikdir və Peyğəmbərin özü İslama görə deyil, sırf adət-ənənə səbəbindən sünnət edilib, həmin an fikirlərim dəyişməyə başladı. Üstəlik, “Qurani-Kərim”də bununla bağlı heç bir məlumat yoxdur və hətta Peyğəmbərin (s.ə.s) öz uşaqlarını da sünnət etdirməsinə dair məlumatlara rast gəlinmir”.
Elşad Miri əlavə edib ki, övladlarımızın razılığı olmadan onların üzərində cərrahiyə əməliyyatı aparmağımız doğru yanaşma deyil: “Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu məsələ ilə bağlı tədqiqatlarında sünnətin xeyir və zərərləri haqda məlumatlar yer alıb. Bütün bunların timsalında mən də belə bir nəticəyə gəldim”.
Müsahibimizin sözlərinə görə, sünnət yalnız həkim məsləhəti və tibbi zərurət fonunda edilə bilər: “Amma bunu adət-ənənə və İslamın şərti kimi etməyimiz doğru deyil. Birmənalı şəkildə biz övladlarımız üzərində bu cür haqq və hüquqa sahib deyilik. Həm də nəzərə almaq lazımdır ki, müəyyən yaşda sünnət edilən uşaqlar ciddi travma alırlar. Bu, həmin uşaqlara qarşı zülm deyilmi? Gələcəkdə bununla bağlı uşaqda hansısa problemlər yarana bilər. Ona görə də, insanları qəti şəkildə bundan çəkinməyə çağırıram. Digər tərəfdən, həkimlər sünnətlə bağlı elə xırdalıqları izah edirlər ki, dediklərimin həqiqət olduğuna şübhə qalmır”.
Konkret.az
